Xarabalıq bayquşları yenə də iş başında

Deyirəm, maraqlı insanlarımız var. Ölkədə nə baş versə mütləq mız qoyacaq, bir qüsur tapmaq üçün dəridən-qabıqdan çıxacaqlar. İstər siyasi olsun, istər iqtisadi, istər humanitar və hətta alışveriş yönündə keçirilən tədbirlərdə bu adamlar yalnız pislik axtararlar. Sonra da xırda bir şey tapan kimi bütün Azərbaycan xalqını gözdən salmaq üçün yazar, yayar və hətta beynəlxalq tribunalardan bar-bar bağırarlar ki, baxın, bu ölkə nə gündədir. Deyəndə ki, ay qardaş, ay bacı, axı sənin gördüyün o xırda qüsurun yanında ondan yüzlərcə dəfə böyük uğur var, niyə onu da qeyd etmirsən? Cavabları bu olar ki, ölkədə hər şey və hər yer bərbaddır.

 

Belə adamlar haqqında bir dəfə də yazmışdım. 2015-ci ilin yayında Bakıda keçirilən ilk Avropa Oyunları günlərində də bu adamlar o qədər möhtəşəmliyin içində şəhərin hansısa küncündə zibillik axtarıb tapır, şəklini-videosunu çəkib dünyaya göstərirdilər ki, bəs, aldanmayın, Bakı zibil içindədir. O adamları həmin günlərdə “xarabalıq axtaran bayquşlar” adlandırmışdım.

Bu gün də iş başındadır həmin o xarabalıq bayquşları. Şəhərimizdə hazırda 1-ci Bakı Alışveriş Festivalı (Baku Shopping Festival) keçirilir. İddialı bir təşəbbüsdür. Məqsəd ölkəyə çoxlu turist cəlb etmək, Azərbaycanı daha geniş tanıtmaq üçün əlavə imkanlar qazanmaqdır. Bu isə sonucda yeni iş yerləri, dövlət büdcəsinə və eyni zamanda vətəndaşın cibinə böyük məbləğdə gəlirlərin daxil olması deməkdir. Yəni təşəbbüsün son hədəfi yenə də vətəndaşımız-insanımızdır.

İlk olması baxımından təbii ki, hansısa təkmilləşdirmələrə ehtiyacı olacaq bu təşəbbüsün. Zatən bizə qədər belə təşəbbüsləri gerçəkləşdirənlər də ilk dönəmlərdə problemlər yaşayıblar. Amma başladıqları işin sabahına inam, eyni zamanda o ölkələrin insanlarının etimadı bu gün həmin ölkələrin milyardlarla dollar gəlir əldə etməsinə, milyonlarla əlavə iş yeri açmasına, turizm partlamasına səbəb olub. Bizim də hədəfimiz bu deyilmi? Düzəni pozulmuş dünyamızda insanların sabaha inamını təminat altına almaq üçün atılır belə addımlar.


Görün, nəyi qüsur elan edirlər? Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərlə söhbətində deyib ki, ilk günlər ərzində 350 min manat civarında ƏDV alıcılara geri qaytarılıb. Bundan sonra vergilər nazirliyinin nümayəndəsi fərqinə varmadan 300 min rəqəmini səsləndirib. Yəni bu insanlar siyasətlə deyil, konkret işlə məşğul olduqları üçün hələlik tam dəqiq olmayan təxmini rəqəmlər səsləndiriblər. Əlbəttə, Bakı Alışveriş Festivalı mayın 10-da bitəcək, onun ardınca da konkret rəqəmlərlə ifadə edilən sonuclar ictimaiyyətə təqdim ediləcək. Yəni tələsmək lazım deyil.


Baxıram ki, hətta bəzi ciddi adamlar belə bu 350-300 min fərqindən hərəkət edərək siyasətə birbaşa dəxli olmayan, sırf ölkə insanının rifahı üçün gerçəkləşdirilən bir təşəbbüsü belə gözdən salmaq istəyir.

İstər-istəməz düşünürsən ki, görəsən Dubay, İstanbul alışveriş festivalları da başlayanda o ölkələrin insanları belə gözdənsalma kampaniyaları aparıb? İnanmıram. Ən azından əlimizin altındakı mənbələr belə halların olmadığını təsdiq edir.

Biz istər Dubay, istərsə də İstanbulla bağlı yalnız təşviqedici, etimad yaradan münasibətlərin olduğunu görürük. Elə ona görə də uğurlar milyardlarla dollarlıq rəqəmlərlə ifadə edilir.


Rəsmi statistikaya görə, əgər 1996-cı ildə Dubay Alışveriş Festivalı başladığı zaman bu şəhərdə cəmi 8 min yerlik otel imkanları vardısa, 2015-ci ildə rəqəm 88 minə çatmışdı. Yəni 11 dəfə artmışdı. Bu isə o deməkdir ki, turist sayı, iş yerlərinin sayı, alışveriş mərkəzlərinin sayı da buna uyğun artmış durumdadır. Elə böyük ticarət mərkəzlərinin artım sürəti də ona yaxındır. 1996-cı ildə ilk festivalda iştirak üçün cəmi 10 mərkəz vardısa, 2015-ci ildə bu rəqəm 70-in üzərində idi.


Dubayın gəlirləri isə fantastik rəqəmlərlə ifadə edilir! Ötən illər ərzində təkcə bu bir aylıq alışvriş festivallarından Dubayın büdcəsinə 40 milyard dollardan artıq vəsait daxil olub. Kimin üçündür bu vəait? Təbii ki, insan-vətəndaş üçün!

İndi Azərbaycan da belə təşəbbüslə yola çıxıbsa, insanımız gərək onun uğur qazanmasına öz tohfəsini versin.

Hə, bir də onu əsas tuturlar ki, alışveriş edənlərin çoxu öz insanımızdır. Yəni turist axını müşahidə edilmir. Təbii deyilmi bu? Festival ilk dəfə keçirilir, hələ dünyada Dubay, İstanbul qədər tanınmır, təbliğatı aparılmayıb. Cəmi 2 aylıq hazırlıqdan sonra işə başlayıb və şəxsən mənə görə uğurla baş tutur.

Yəqin ki, önümüzdəki illər ərzində festivalla bağlı yeni təşəbbüslər də olacaq. Elə təşbbüslər ki, onlar bu festivalın populyarlaşmasına, daha çox müştərinin cəlb edilməsinə, gözlədiyimiz turist partlamasına səbəb olacaq. Zatən təcrübə də bunu göstərir.


…1994-cü ildən başlamış Böyük Sinqapur Endirimləri alışveriş kampaniyasında maraqlı bir təcrübə tətbiq edilmişdi. 2013-cü ildə prosesi sürətləndirmək və alıcıları təşviq etmək üçün MasterCard Singapore “Sinqapur Şahzadəsi Kampaniyası” (Princess Singapore Campaign) elan etmişdi. Bu işin yürüməsi üçün fəal bloqqerlər də cəlb edilmişdi. Sonuc fantastik olmuşdu! Təkcə MasterCard-la alışveriş edənlər 1,5 milyard dollar pul xərcləmişdi. Söhbət bir aylıq müddətdən gedir.


Bu gün Sinqapurun necə inkişaf etmiş bir ölkə olması haqqında geniş danışmağa, yəqin ki, gərək yoxdur. Elə Dubay əmirliyinin də.

Demək istədiyim odur ki, insanlarımızı yanıltmaq istəyənlər, hər şeyi gözdən salıb Azərbaycanın mənfi obrazını yaratmaqla sadəcə ayağımızdan çəkirlər.

Bu adamlar Bakıda təmir-bərpa işləri aparılanda da deyinirdilər. Ölkədə boyaboy yollar çəkiləndə, rayon mərkəzləri abadlaşdırılanda da onların narazılıqları baş alıb gedirdi. Amma sonra Bakının gözəllikləri fonunda şəkillər çəkdirib şövqlə paylaşan, yeni salınmış asfalt yollarda maşın qovub həzz alan da daha çox bu narazılar oldu. İndi bir alışveriş festivalı keçirilir, ondan da narazıdırlar. Neynək, bunlar da belə adamlardır. Bəyənməzlər, tənqid edərlər, sonra da yaradılan imkanlardan həvəslə hamıdan çox yararlanarlar. Olsun. Əsas budur ki, Azərbaycan belə adamların qaraqura fikirlərinə baxmayaraq inamla addımlayır, uğurlar qazanır. Bunlar deyinəcəklər, amma yel qayadan nə aparar ki?..


Azər Həsrət

20.04.2017 17:28 / Baxılıb: 395 / Çap
 
    Bu bölmədə
    11.05.2017
    Bizə nə olub?
     Xəbər lenti
    23.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo