İslam Azərbaycana, Azərbaycan isə İslam dininə böyük töhfələr verib

Rüstəm Əliyev/AZADİNFORM. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşəbbüsü ilə “Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəylik Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi” mövzusunda konfrans keçirilib.

Azadinform xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan tolerant dövlətdir, ölkədə ayrı-ayrı dinlərə sitayiş edən insanlar bərabər şəkildə yaşayırlar: “Azərbaycanda İslam bərqərar olduqdan sonra bu dəyərlərə xüsusi önəm verilib”. 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirib ki, Azərbaycanda əsrlər boyu multikultiralizm və tolerantlıq mövcud olub: “Azərbaycanda İslamın məzhəblərarası heç bir münaqişəsi baş verməyib. İslam Azərbaycana, Azərbaycan isə İslam dininə böyük töhfələr vermişdir. Dünyada islamafobiyanın artması fonunda İslam dövlətləri arasında birgə fəaliyyət göstərmək vacibdir. Sovet dövründə Azərbaycanda İslam təzyiqlərə məruz qalırdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə ölkəmizdə məscidlərin sayı 17-dən 2166-ya qədər yüksəldi. Bu məscidlərdən 306-sı tarixi abidə kimi qorunur. Dünyada İslam dininin ən çox qorunduğu və dəyər verildiyi ölkələrdən biri də Azərbaycandır”. 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, bu günə qədər Azərbaycanda yüzlərlə tədbir keçirilib: “Onlardan ən böyüyü isə Avropa oyunları olmuşdur. Bu kimi tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi, Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlər Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınmasına səbəb oldu. Bu nailiyyətlər Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində əldə olunub. İslam Həmrəyliyi oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin tanınmasına müsbət təsir göstərəcək”. 

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şıxməmmədov İslam Həmrəylik oyunlarının turizm sektoruna təsirindən danışıb. O bildirib ki, bu tədbir səbəbindən ölkəmizə çoxlu sayda həm idmançı, həm də turist gələcək: “Mədəniyyət və Turizm Nazirliyi otellərin, ticarət və əyləncə mərkəzləri və turizm əhəmiyyətli obyektlərin rəhbərliklərinə xidmətin səviyyəsinin artırılması və turistlərin təhlükəsizliyinin təmin olunmasına dair tapşırıqlar verib. Ölkəmiz İslam ölkələri arasında turizm cəhətdən populyardır”. 

Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbəri Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın digər İslam ölkələri ilə əlaqələr qurmasının 25 illik yubileyidir: “Azərbaycan Ərəb ölkələri Liqasında müşahidəçi statusuna malikdir. Olimpiya hərəkatının məqsədi və məramları sülhə töhfə verməkdir. Azərbaycana gəlmək üçün həm idmançıların, həm də turistlərin viza alması prosesi sadələşdirilmişdir. İslam Həmrəylik oyunlarını işıqlandırmaq üçün artıq 200-dən çox mətbuat orqanı Azərbaycanda akreditasiyadan keçmişdir”. Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu bildirib ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın milli maraqlarının təmin olunmasına xidmət edəcək.

20.04.2017 13:25 / Baxılıb: 88 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.06.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo