Deputat: Ankara Aİ-nin Türkiyə üçün əvvəlki qədər cəzbedici olmadığının fərqindədir

Leyla Məhərrəmova / AZADİNFORM. Türkiyə parlamentli respublikadan prezidentli respublika üsul-idarəsinə keçir və bu nəticə proqnozlaşdırılan idi. Xaricdə yaşayan 2.9 milyon türk vətəndaşı səsvermə hüququna malikdir.

Onların təxminən 62%-i hakim partiyanın irəli sürdüyü konstitusiyaya düzəlişin lehinə səs vermişdi. Bu fikirləri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib. O qeyd edib ki, Türkiyə mətbuatı əvvəlcədən yazırdı ki, Avropa İttifaqının Almaniya, Fransa kimi lokomativ dövlətlərində yaşayan türklər birmənalı şəkildə Türkiyə iqtidarının irəli sürdüyü dəyişiklikləri dəstəkləyir: “Bu dəstəkdə Avropa dövlətlərinin Türkiyəyə münasibətdə tutduğu qərəzli mövqe, Türkiyə hakimiyyətinə qarşı təzyiq dili ilə danışma öz rolunu oynadı”.

Deputat bildirib ki, Avropa dövlətlərinin Türkiyəyə münasibətdə qeyri-obyektiv davranışı türk seçicilərin mövqeyini referendum məsələsində daha da gücləndirdi: “ATƏT və Aİ-nin referendumla bağlı mövqeyi bəllidir. Onlar öncədən referendumun nəticələrini şübhə altına almaq istəyirdilər, hesab edirdilər ki, bu Türkiyənin inkişafında geriyə atılmış addımdır. Heç şübhəsiz ki, Türkiyə buna qətiyyətli mövqeyini bildirmişdi”.

E. Nəsirov vurğulayıb ki, Türkiyənin tarixində yeni mərhələ başlanır, Türkiyə-Aİ münasibətlərində yeni yanaşmaların olması, bulanıq suyun aydınlaşması gözləniləndir: “Artıq Türkiyə Avropa ölkələrinin məlum mövqeyinin fərqindədir və hesab edir ki, bu tərəfdaşlıq münasibətlərinə daban-dabana ziddir. Türkiyə Avropa İttifaqı daxilində gedən neqativ proseslərdən xəbərdarı, yəni, Böyük Britaniyanın Aİ-ni tərk edib, Fransa, İtaliya, Portuqaliyanın oxşar bəyanatlar eşidilməkdədir.

Deputat bildirib ki, rəsmi Ankara Aİ-nin Türkiyə üçün əvvəlki qədər cəzbedici olmadığının fərqindədir: “Eyni zamanda rəsmi Ankara bildirir ki, Türkiyə Aİ üçün daha çox lazımdır, nəinki Aİ Türkiyə üçün. Münasibətlərdə müəyyən ziddiyyətlərin olacağını proqnozlaşdırmaq mümkündür. Amma hər halda Türkiyənin referendumdan sonra güclənəcəyini güman edirik. Hesab edirəm ki, güclü ilə həmişə hesablaşırlar. Düşünürəm ki, Aİ bundan sonra Türkiyə ilə yumşaq davranışa üstünlük verməli olacaq”.

19.04.2017 12:05 / Baxılıb: 159 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo