Dalğalar sahilə qumu yox, boş qutuları atır - Ətraf mühiti qoruyuruqmu?

Təbiətin təmizliyi, çirkləndirilməməsi insanların sağlamlığıdır. Əfsuslar olsun ki, əksər zamanlarda elə insanlar özləri ətraf mühiti çirkləndirərək sağlamlıqlarına ziyan vururlar. Ətraf mühitin həm çirklənməsi, həm də çirklənmədən qorunması böyük problemdir. Məsələn, avtomobillərin fəaliyyəti havanı çirkləndirir, amma bununla bərabər insanları lazım olduqları yerə çatdırmaq imkanını da yaradır. Həmçinin fabriklər havanı və suyu çirkləndirsələr də, insanları işlə təmin edir və zəruri malları istehsal edirlər.


Deməli, əgər biz ətraf mühiti tamamən çirklənmədən qorusaq, bir sıra faydalı vasitələrin istifadəsindən imtina etməli olacağıq. Lakin ətraf mühitin çirklənməsini tədricən azaltmaq olar. Alimlər, mühəndislər avtomobillərdən və fabriklərdən ixrac olunan zərərli tullantıların ixtisara salınması yollarını tapa bilirlər. Onlarla yanaşı adi vətəndaşlar da ətraf mühitin qorunmasında öz səylərini əsirgəməməlidirlər. Belə olan halda ətrafımız təmiz, sağlamlığımız isə öz əllərimizdə olmuş olar.


Təbiət Elmləri İctimai Birliyinin əməkdaşı, ekoloq Toğrul İbrahimli
bildirir ki, Prezident İlham Əliyev 2010-cu ili “Ekologiya ili” elan etdikdən sonra ətraf mühitin çirkləndirilməsi ilə bağlı tədbirlər, maarifləndirmə işləri xüsusi diqqətlə həyata keçirilir: “Hətta 2016-2017-ci illərdə ətraf mühitin qorunması ilə bağlı təşəbbüs və layihələrə görə xeyli qrantlar da verilib. Maarifləndirmə işləri həyata keçirilsə də bu konkret irəliləyişə sahib olmaq üçün kifayət etmir. Hər bir kəs ətraf mühitə qayğı ilə yanaşmağın vacib olduğunu yaxşı bilir, lakin laqeyd münasibət göstərirlər. Bunun üçün insanlar məsuliyyət hiss etməlidirlər. Məsuliyyəti formalaşdırmaq üçün isə çirkləndirməyə görə xüsusi cərimə, vergi və ödənişlər ciddi şəkildə tətbiq olunmalıdır. Qərbin aparıcı ölkələrində hazırda ekoloji qiymət tənzimlənmə metodlarından istifadə edilir. Bunun təməlində təbiət istifadəçisi olan müəssisələr tərəfindən onların tullantılarının zərərsizləşdirilməsi və assimilyasiya edilməsi, çirkli suların su hövzələrinə axıdılması, atmosfer havasının çirkləndirilməsi, bərk tullantıların toplanılması üzrə onlara göstərilən “xidmətlərə” görə dövlət büdcəsinə müəyyən məbləğlərin ödənilməsi durur”. 


Ekoloq hesab edir ki, ətraf mühit mühafizəsinə maarifləndirmə ilə birgə iqtisadi metodla da nail ola bilərik: “Ətraf mühit bizim evimizdir. Burada baş verən  hər hansı bir mənfi proses sonradan zərərin təhlükəli həddində, xəstəliklər və bir sıra pozuntular halında bizə geri qayıdır. Biz sadəcə ətraf mühitin daha az çirkləndirilməsinə nail ola bilərik. Ətraf mühiti çirkləndirməmək mümkün deyil. Çirkləndirməyən yalnız təbiətdəki texnologiyalar, yəni bitki, heyvan və mikroorqanizmlərin həyata keçirdiyi tullantısız və təkrar emalı mümkün olan proseslərdir. İnsandan başqa bütün canlılar təbiət dostudurlar”.


“Mən heç vaxt yol gedəndə yerə baxmıram, çünki orda qətiyyən görmək istəmədiyim mənzərə var”, - deyən sosioloq-jurnalist Lalə Mehralı isə deyir ki, öskürən, asqıran, xəstələnən - hamı yerə tüpürür: “Səkilərin üstü tüpürcəkdən, bəlğəmdən keçiləsi olmur. İşə gedəndə, həyətə düşəndə, övladlarımı gəzintiyə çıxaranda həmişə bir şeyi fikirləşirəm - insanlar evlərində də bu cür dağınıq, çirklidirmi? Hər dəfə uşaqlarla gəzintiyə çıxanda mütləq çantamda boş polietilen torbalar götürürəm. Məişət tullantıları üçün ayrılmış qutular olmayanda uşaqların yeyib-içdiyi boş qabı, paketi çantamdakı torbalara yığıram. Külək olanda üzümə çırpılan boş tum paketlərini, ayaq altında qalan boş su, şirə qablarını görəndə əmin oluram ki, əlaqədar qurumlar şəhəri nə qədər təmizləsə də insanların bu davranışı natəmizliyi hər addımda gözə soxur. Çox şahidi olmuşam, mənzil istismar və kommunal işlərə baxan idarələrin işçiləri, yaşlı qadınlar yeri süpürüb zibilləri yığır, oradan keçən gənclər əllərindəki  yemək qalığını, boş paketləri süpürülmüş yerə atırlar, halbuki iki addım uzaqda zibil qutusu var”. 


Sosioloqun fikrincə, Dənizkənarı Milli Parkda gəzmək, dənizi seyr etmək artıq zövqverici deyil: “Çünki dalğalar sahilə qumu atmır, boş qutular, polietilen paketlər atır. Suyun üzərində cürbəcür tullantılar üzür. Parklarda skamyaların yanında dayanıb dincini almaq üçün oturmaq istəyirsən, yerə baxanda insanın ürəyi bulanır. Tum yeyiblər qabığı yerdə, su içiblər qutusu əzilmiş halda yerdə, tüpürüblər və nəticədə çox çirkin görüntü yaranıb. Hər skamyanın yanında zibil qutusu olduğu halda bu mənzərəni görmək daha ağrılıdır”. 


L.Mehralı qeyd edir ki, belə halların olmaması üçün uşaqlara şəhəri, ətraf mühiti təmiz saxlamağı öyrətmək lazımdır: “Yediklərinin qalığını yerə atmağın natəmizlik olduğunu bilməlidirlər ki, indiki nəslin etdiyini təkrarlamasınlar. Başa salınmalıdır ki, yerə atılan hər zibil parçası yağan yağışla şəhərin kanalizasiya çıxışlarına doğru yönəlir, kanalizasiya borularının ağzına ilişib qalır, borular suyu çəkə bilmir, nəticəsi də ki, yağış yağanda göz qabağındadır – küçələrdə qayıqla gəzmək lazım olur”.


Ləman Hüseynzadə

Bu məqalə “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ətraf mühitin çirkləndirilməməsi təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb. 

Image result for QHT Şura

18.04.2017 11:05 / Baxılıb: 627 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    30.04.2017
    29.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo