Heydər Əliyev və iqtisadi islahatlar

Uzaq-yaxın tariximizin heç bir dönəmində Azərbaycanda torpaq kəndlinin mülkiyyətində olmayıb. Tarixi mənbələri, dərslikləri araşdırsaq görərik ki, məmləkətimizdə torpaqlar feodalizm dövründə feodalların, ərəb işğalı dövründə məscidlərin, yerli mülkədarların və ərəb hərbi qarnizonlarının rəisləri kimi iqtidar sahiblərinin olub. Xanlıqlar dövründə torpaqlar yerli xanların və bəylərin, rus işğalı zamanı ayrı-ayrı sahibkarların mülkləri sayılıb.

Kəndli həmin torpaqlarda ağası, bəyi və ya sahibkarı üçün çalışıb. Yalnız 1918-20-ci illərdə müsəlman Şərqində ilk Demokratik Cümhuriyyət qurulan vaxt hökumət torpaq islahatları aparmaq istəyib. Lakin bolşevik Rusiyasının Azərbaycanı yenidən istila etməsi bir çox işlər kimi torpaq islahatlarını da yarıda qoyub. SSRİ dövründə isə torpaq kolxoz və sovxozlara verilərək kollektiv əmək təbliğatına start verilib. Yeni quruluşun adı fəhlə-kəndli hökuməti qoyulsa da, əslində kəndlinin əlində, adında hər hansı mülkiyyət, o cümlədən torpaq olmayıb. Kəndli yenə də sovxoz və kolxozda hökumətə – torpağın yeni sahiblərinə işləməyə məhkum olub. Torpağın kəndliyə verilməsi ilə bağlı siyasi şərait ancaq XX əsrin sonlarında – Azərbaycan müstəqilliyini ikinci dəfə bərpa etdikdən az bir müddət sonra yaranıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik edən ümummilli lider Heydər Əliyev ilk dəfə 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi barədə qərar qəbul edib. Məhz bu qərarla torpaq-vətəndaş münasibətlərində tarixi və inqilabi hadisə baş verib. Ulu öndər Heydər Əliyev həmin vaxt yaşananları torpaq islahatının aparılmasında radikal tədbirlər kimi dəyərləndirərək, böyük uzaqgörənliklə bunun bir başlanğıc olduğunu, nəticənin isə ideal olacağına əminliyini vurğulayıb.


Naxçıvandan start götürən islahatlar


1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə gətirilən ümummilli lider Heydər Əliyev vaxtilə Naxçıvanda başlatdığı islahatları bütün ölkəboyu reallaşdırıb. O, ölkədə siyasi sabitlik yaratdıqdan sonra dünya təcrübəsindən istifadə edərək, milli iqtisadiyyatın inkişafının spesifik cəhətlərini, xüsusiyyətlərini özündə əks etdirən yeni layihələr və dövlət proqramlarının hazırlanmasına nail olub. Beləliklə də Azərbaycanda yeni mülkiyyət münasibətlərinə əsaslanan azad bazar iqtisadiyyatı formalaşıb. Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi dövlət quruculuğu sahəsində islahatlar genişlənib. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlanıb və bunun əsasında da torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradılıb. Deyilənlərə misal olaraq, ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə 1995-ci ildə hazırlanan, geniş və hərtərəfli müzakirə edilən “Aqrar islahatın əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” Qanun layihələrinin, həmçinin 1996-cı ildə qəbul edilən “Torpaq islahatı haqqında” qanun layihəsinin adını çəkmək olar. Bu qanunların qəbulu ilə 1996-cı ildən başlayaraq bütün ölkədə MDB məkanında analoqu olmayan aqrar islahatlara başlanılıb. Vahid torpaq fondunun 57 faizi dövlət mülkiyyətində qalmaqla 20 faizi bələdiyyə mülkiyyətinə və 23 faizi xüsusi mülkiyyətə verilib. Bununla da 1996-cı ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalında 1991-ci ildən davam edən tənəzzülə son qoyulub, ildən-ilə artım əldə edilib.


Aqrar islahatların dərinləşdirilməsi


Ümummilli lider Heydər Əliyev 22 mart 1999-cu il tarixdə “Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında” fərman imzalamaqla, bazar münasibətlərini formalaşdırmaq və kənd təsərrüfatında lazımi nəticələr əldə etmək, o cümlədən aqrar islahatların daha da dərinləşdirilməsi, kənd yerlərində yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin dövlət himayəsinə alınması istiqamətində vacib addım atıb. 1999-cu ilin noyabr ayında isə “1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı haqqında” fərman imzalayıb. Bu Fərmanın imzalanması bir daha sübut edib ki, kənd təsərrüfatının inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətində mərkəzi yer tutur. Eyni zamanda Dövlət Proqramının böyük bir bölməsi aqrar sahədə sahibkarlığın inkişafına dövlət yardımı adlanıb.


Regional inkişaf proqramları


Ulu öndər Heydər Əliyevin ölkənin aqrar bölməsinə göstərdiyi qayğı və diqqət, onun imzaladığı fərmanların tam həcmdə icrası bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Xüsusən də aqrar sahəyə dövlət himayəsi dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə daha da genişlənib. Bu məqsədlə Prezident İlham Əliyevin 2004-cü il fevralın 11-də imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” kənd rayonlarının və aqrar bölmənin inkişafında mühüm rol oynayıb. Proqramın uğurla həyata keçirilməsi üçün hər il dövlət büdcəsindən ayrılan vəsaitin səmərəli istifadəsi nəticəsində aqrar bölmənin dinamik inkişafı təmin edilib. Hesablamalar göstərir ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” proqramının həyata keçirildiyi müddət ərzində ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatıb. ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil edib. Qeyri-neft sektoru 1,8 dəfə artıb və 2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət sektorunun payı 84,5 faizə çatıb. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi isə 2004-2008-ci illər ərzində 6,2 dəfə artaraq  ümumi investisiyaların strukturunda xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatdırılıb.

 

Tərəqqi prosesinin növbəti uğurlu mərhələsi


Sadalanan faktlardan da göründüyü kimi regionların inkişafına dair uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaradıb, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirib. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev 14 aprel 2009-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq edib. Yeni proqramın hazırlanmasını şərtləndirən əsas məqsəd ölkədə iqtisadiyyatın diversifikasiyasını, onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasını təmin etmək olub. Bununla yanaşı, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq da başlıca hədəflərdən sayılıb. Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqlik, böyük vətənpərvərlik və fədakarlıqla həyata keçirilən layihələr, qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün siyasi iradənin nümayiş etdirilməsi II Dövlət Proqramının da uğurla yekunlaşmasına səbəb olub. Dövlət proqramlarının icra olunduğu 10 il ərzində Azərbaycanda ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5,3 faizə enib. 


Azərbaycanda iqtisadi inkişafı təmin etmək mümkün olub


Qeyd olunan Dövlət Proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Ona görə də Prezident İlham Əliyev 27 fevral 2014-cü ildə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sayca üçüncü olan bu Dövlət Proqramının üçüncü ilinə artıq yekun vurulub. Bununla bağlı keçirilən tədbirdə dövlət başçısı İlham Əliyev bildirib ki, bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib və bütün əsas vəzifələr icra olunub. O, iqtisadiyyatın əsas göstəricilərinin müsbət olduğunu da diqqətə çatdırıb. Deyib ki, yola salınan ildə kənd təsərrüfatı 2,6 faiz, qeyri-neft sənayesi isə 5 faiz artıb. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və 2016-cı ildə aparılan dərin islahatlar nəticəsində Azərbaycanda bu inkişafı təmin etmək mümkün olub, yüz mindən çox daimi iş yeri yaradılıb.


Cənubi Qafqazın lider dövləti


Bütün sadalanan faktlar bir daha onu sübut edir ki, ümummilli lider Heydər Əliyevin 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında əsasını qoyduğu aqrar islahatlar özünü doğruldaraq sonrakı illərdə daha geniş miqyas alıb, Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafına təkan verib. Prezident İlham Əliyevin imzaladığı Sərəncamlarla həyata vəsiqə alan regional inkişaf proqramları bu iqtisadi islahatların davamlı xarakter almasına səbəb olub. Məhz bu proqramlardan irəli gələn vəzifələrin icrası qeyri-neft sektorunun inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib, Azərbaycanı qüdrətli ölkəyə, Cənubi Qafqazın lider dövlətinə çevirib. Hazırda da Azərbaycan regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. 


Adəm ABBASLI

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

18.04.2017 08:40 / Baxılıb: 2164 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.06.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo