Bir nida da bizdən olsun...

Ankara havası dolur ciyərlərimə. Bir ildə neçənci səfərimdir, yadımda deyil. Son vaxtlar xəstəxanaların koridorlarını burda döyəcləyirəm. Xeyirlisi...

 

Özümə söz vermişəm, doyunca gəzəcəyəm. Dostlarım sağ olsun, Ankaradakı bizimkilərə götürəcəklər məni. Məhəmməd Əminə, Alparslan Türkeşə, AtaTürkə!


Mən bu şəhərdə qəribə oluram. Elə bilirəm hər küçəsi mənimdi, hər dalanını əzbər bilirəm. Halbuki, mərkəzdən başqa heç yeri tanımıram. Bəlkə də addım atdığım andan gözümə dolan bayraqların mehribanlığıdı bu şəhəri doğma qılan. Bəlkə də Əsrin məzarlığındakı Məhəmməd Əmindi...


Bu da ilk ziyarətgahım. 28 May küçəsi... Uzaqdan Azərbaycan kimi görünür... Üstü palçıqlıdı. Bayrağı yana əyilib. Təkdi.


Ağlıma Bakıdakı Atatürk heykəlləri gəlir. Xidməti, baxımı, əzəməti. O heykəllərin bayraqları təptəzədi, heç vaxt solmur. Azərbaycan dövləti buna imkan vermir. Verməz! 


Çünki Türkiyə qardaşdı.


Doğrudur, biz eyni münasibəti Nuru Paşaya hələ göstərməmişik. Ancaq o vaxt adı Hürriyyət olan Sahil bağını çox sevirik, məsələn. Tənha məzarı bağrımıza basmışıq. Tənha deyil! Nuru Paşaya da abidə yox, abidələr qoyacağıq, buna heç şübhəm yoxdur. Amma... Türkiyə dövlətinin “Mən iki dövlətin bir millətinin elçisiyəm” deyən Böyükelçisi Hülusi Kılıç vardı Bakıda, bu sevgimizdən də xəbərdardı, yetinmədi, fəaliyyəti dövründəki son işi Nuru Paşa abidəsini səfirlik həyətinə qoydurmaq oldu. Onun elədiyi qəhrəmanın xatirəsinə göstərilən ehtiram idi və Hülusi Kılıç Bakıya Nuru Paşa imzasını atdı. Məhəmməd Əminin isə qurduğu dövlətin Türkiyədəki “baş”larının vaxtı yoxdur gedib ordakı bayrağı dəyişdirsinlər. Zəhmətdir, əziyyətdir. Vətəndaşlıq tələb edir!  


Deyəcəksiniz, Nuru Paşa bizi xilas eləmişdi deyə sevirik, Məhəmməd Əmindən türkiyəlilərə nə?! Bunu da bilənlər bilməyənlərə desin,  qurulan Cümhuriyyətdə onun imzası varmı-yoxmu... Bir də o Şərqin ilk prezidentidi...


Mövzudan uzaqlaşmayım. Mən hər ziyarətimdə bu məzara sayısız insan sevgisi görmüşəm. Türkiyə xalqına deyiləcək heç nəyim yoxdur, əksinə onların ürəyindən öpürəm. Fərd olaraq bizim Türkiyədəki rəsmi qurumlardan... Nə isə. 


Bölgələrdən, uzaq kəndlərdən gəlib Məhəmməd Əminin qəbrini ziyarət edənlər var. Həm də ilin hər günü. Bunun adı sevgidir. Xalq sevgisi. 


Bəs Azərbaycanın Türkiyədə fəaliyyət göstərən dövlət qurumları hara baxır?! Orda asılan üçrəngli bayrağın solmuş rəngindən utanmırlarmı?! Altında yoğunladıqları çatı olmasa, o dövlət, o dövlətin bayrağı olmasa hansı titulları ilə öyünüb, hansı Vətəndə yurd salacaqlar?! 

Hara gömüləcəklər?!


“Məhəmməd Əmin öz Vətənindədir” düşüncəsində olan Türk xalqından üzr istəyərək dahi Heydər Əliyevin Hüseyn Cavid xatirəsinə gəstərdiyi sayğının Məhəmməd Əminə də göstərilməsini arzu edirəm. Bu addımı atmağın vaxtı çatıb. O burada, qurduğu Cümhuriyyətdə əbədi yuxuya dalmalı, rahatlıq tapmalıdır. Qardaş evi ilə ata evi, hətta öz evi arasındakı fərqi anlatmağa ehtiyac yoxdur. İnsan öz evində başdır, başqa evdə müsafir. Bir də axı, hörməti insanlardan tələb eləmək olmaz. Olmazmı ki, mənim də ölkəmin köksünə Məhəmməd Əmin imzası atılsın, and yerimiz olsun, qürur yerimiz olsun. Atəşi heç sönməsin!

 

Atasını qonşuda qoyub yatandan övlad olmaz!


Düşüncələr beynimi dağıdır. Növbəti güzarım Alparslan Türkeşdir. Fatihə oxuyan əllərin çəmbər qurduğu məzarın başında iynə atsan yerə düşməz. Dəhşətli bir hissə qapılırsan, bu lider ölməyib, sağdır, sadəcə insanlara bölünüb. Minlərə, milyonlara ayrılıb Türkiyənin hər tərəfinə yayılıb. Və yerlərdən “Tanrı Türkü qorusun” nidaları ucalır. Hər ülkücü bir başbuğdur sanki. Azərbaycandan gətirdiyim bayrağı gözlərimə sıxıb yavaşca çiçəklərin üstünə buraxıram. Bir nida da bizdən olsun...


Anıtqəbir! Möhtəşəmliyi ilə göz oxşayır. İlk gəlişimdi. Bəxtimdən fəxri qarovulda dayanan əsgərlərin növbə dəyişimi var. Əsgəri addımlar üsulca atılır, Atanı oyatmaq olmaz! Sinəmi qürurla doldurub günü yekunlaşdırıram. Növbəti səfərimdə bu qüruru Məhəmməd Əmin anıtında yaşamaq diləyilə...


P.S:
Anıtqəbirdə bir “aslan yolu” var. Daşlar seyrək döşənib. İstər-istəməz ayağının altına baxmalısan o daşların arasındakı boşluqda büdrəməyəsən deyə. Bu yol xüsusi olaraq belə hazırlanıb. Atanın hüzurunda başın yerdən qalxmasın! Nə böyük qürurdur, nə böyük sevgidir. İstər sıravi vətəndaş ol, istər dünyanın ən böyük lideri, milyonçusu ya da nə bilim hər nəyi, sən bu dövləti quran adamdan böyük deyilsən! Türkiyə elə buna görə böyükdür və həmişə də böyük qalacaq!


Qardaşa sevgi, özümüzə hörmətlə 

Nigar İSFƏNDİYAR

Ankara

 

 

 

 

 

 

 


17.04.2017 10:33 / Baxılıb: 1529 / Çap
 
    Bu bölmədə
    11.05.2017
    Bizə nə olub?
     Xəbər lenti
    23.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo