Qeydiyyatda olan əcnəbilərin sayı 33 940 nəfərə çatıb

Adəm Abbaslı/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi hesaba malik əcnəbilərin sayında da mütəmadi artım müşahidə olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, sistemdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının sayı ötən ay 207 nəfər, 2016-cı il ərzində isə 6 078 nəfər artaraq,  01 yanvar 2017-ci il tarixə 33 940 nəfər təşkil edib. Ümumilikdə 2016-cı ildə fərdi hesabı açılan əcnəbilərin sayı 2015-ci illə müqayisədə 13,9 faiz və ya 744 nəfər çox olub. Sistemdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının 88,3 faizi (29 980 nəfər) kişilərdən, qalanları isə qadınlardan ibarətdir.

Ölkəmizdə fərdi hesabı olan əcnəbilər kimi, onların təmsil etdikləri ölkələrin sayı da artır. Bu gün artıq fərdi uçot sistemində ümumilikdə 124 ölkəyə aid əcnəbi şəxs qeydiyyatdadır. Onların arasında ürkiyə (15 686 nəfər), Gürcüstan (3 285 nəfər)  Rusiya (1 964) vətəndaşları çoxluq təşkil edirlər. Yəni sistemdə qeydiyyatda olan əcnəbilərin 61,7 faizi (20 935 nəfər) yalnız bu üç ölkənin payına düşür. Həmçinin fərdi hesabı olanlar arasında Özbəkistan (1817), Hindistan (1 454), İran (1 054), Çin (927), Banqladeş (880), Pakistan (720), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya (683), Ukrayna (565), Türkmənistan (330), Filippin (309), ABŞ (297), Almaniya (273), Qazaxıstan (258), İtaliya (222)  və s. ölkələrin vətəndaşları da var.

Azərbaycanda fərdi uçot sisteminin tətbiqinə başlanıldığı 2006-cı ildən ölkəmizin vətəndaşları kimi, respublikamızda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər də məcburi dövlət sosial sığorta sistemi ilə əhatə olunurlar. Bununla da onlar fərdi hesablarında pensiya kapitalı formalaşdırmaqla, gələcək pensiya və digər sosial müdafiə hüquqları üçün əsas formalaşdırırlar.

12.01.2017 14:15 / Baxılıb: 146 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo