Xarı bülbül mahnısının klip təqdimatı keçirilib - VİDEO

Ləman Hüseynzadə / AZADİNFORM. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “AZİRU Music Prodaction” özünün yeni “Xarı bülbül” layihəsini təqdim edib.

Azadinform xəbər verir ki, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin əziz xatirəsinə ithaf olunan layihənin müəllifi “AZİRU Music”in rəhbəri Rübail Əzimovdur. Tədbirdə onun müəllifi olduğu və Xalq artisti Alim Qasımovla birgə ifa etdiyi “Xarı bülbül” mahnısına çəkilən klipin təqdimat mərasimi olub. Təqdimat mərasimində tanınmış sənət adamları, ictimaiyyət və media nümayəndələri iştirak edib. Klipdə xəyali obrazlar kimi Ü. Hacıbəylinin və Xurşud Banu Natəvanın düşmənə əsir düşməsi təsvir olunub. Azərbaycan Milli Konservatoriyasında çəkilən klipdə Elxan Cəfərovun “Qarabağ Azərbaycan” filmindən fraqmentlərdən də istifadə olunub. Klip ölkəmizin klassik memarlıq nümunələrini əks etdirən ortamda lentə alınıb.

Layihənin rəhbəri R. Əzimov bildirib ki, işğal olunmuş torpaqlarımıza tamam başqa bir profildən baxışın əks olunmasına çalışmışıq: “Biz Alim müəllimlə birgə istədik ki, Şuşanın simvolu olan Xarı bülbülə xitabən onun pərişan halını və qəmini bölüşdüyümüzü göstərək. Musiqi tərtibatı cəhətdən də fərqli yanaşma ortaya qoymağa çalışmışıq. Mahnı sırf xalq üslubunda olsa da aranjeman etnik və klassik üslubların birgə göstərildiyi soft rok janrında hazırlanıb. Klipdə isə Azərbaycan igidlərinin düşmənlə əzmkar mücadiləsi əks olunub. Eyni zamanda çalışmışıq ki, həm Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələri, həm də Azərbaycanın memarlıq inciləri diqqətdən kənarda qalmasın”.

Sonda tədbir iştirakçıları çıxış edib və vurğulayıblar ki, bu layihə ilə Azərbaycan mədəniyyətinə kiçik bir töhfə verəcəklərinə ümid edirik.

 

12.01.2017 13:55 / Baxılıb: 231 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
25.02.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo