Musiqili Teatrda Silva tamaşasının premyerası olub

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Dövlət Musiqili Teatrında 2017-ci ilin ilk premyerası keçirilib.

Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu Azadinform-a bildirib ki, 11 yanvar saat 19.00-da İmre Kalmanın məşhur iki hissəli “Silva” operettası tamaşaçılara təqdim olunub. Premyerada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış ictimai xadimləri, mədəniyyət və sənət adamları və digər mötəbər qonaqlar iştirak ediblər. Anşlaqla keçən premyera tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.

Əsərin süjet xəttinin əsasında böyük bir sevgi hekayəsi dayanır. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə qərar verən Edvini başqası ilə nişanlamağa hazırlaşırlar. Məhz bundan sonra dinamik hadisələr, gözlənilməz situasiyalar və maraqlı olaylarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Və bu mübarizənin nəticəsində bir çox qaranlıq mətləblərə aydınlıq gəlir...

Qeyd edək ki, Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Emin Həsənov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır. Tamaşada rolları Əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko, Firuz Məmmədov, Nicat Əli, Elçin İmanov, Telnaz Hüseynova və Elməddin Dadaşov ifa edirlər.

12.01.2017 13:00 / Baxılıb: 104 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.03.2017
21.03.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo