Möhkəm sürəcəm, xoşu gəlməyən düşsün Sürücülərin mədəniyyəti

Ləman Hüseynzadə / AZADİNFORM. İctimai nəqliyyat bir nəfərin deyil, böyük bir kütlənin taleyini həll edir. Amma buna baxmayaraq demək olar ki, hər gün hansısa avtobusun qəza törətməsi barədə xəbərlər yayılır. Səbəbləri müxtəlif olur. Əksəriyyətinə isə səbəb kimi yüksək sürət həddi göstərilir.

Bu sahədə sürücülərə dəfələrlə xəbərdarlıq edilməsinin, maarifləndirici məlumatlar yayılmasının şahidi olsaq da, nəticə heç də gözlənilən qədər ürək açan olmur. Görünür, təbliğat hələ lazım olacaq səviyyə də deyil. Elə bu mövzu ilə bağlı Azadinform-a müraciət edən Günel Sabirli də ictimai nəqliyyatdan narazılığını qeyd edib. O bildirib ki, Səməd Vurğun bağından Neftçilər metrosuna doğru hərəkət istiqamətində fəaliyyət göstərən 32 nömrəli avtobusdan istər sürücü-sərnişin münasibəti ilə, istər yüksək sürət həddi ilə, istər gecikmə ilə, istərsə də dayanacaqdan kənarda aid oldu-olmadı saxlamaları ilə bağlı yetəri qədər şikayətləri var: “Bu barədə bir deyil, dəfələrlə aidiyyəti qurumlara müraciətlər olunub. Amma yenə də eyni davranışlarla qarşılaşırıq. İş o yerə gəlib çatıb ki, hətta, 22 dekabr 2016-cı il tarixində saat 18:30 radələrində 10-TG-775 dövlət nömrə nişanlı avtobusu idarə edən sürücü “Xətai” metrosundan üzü Nobel prospektinə doğru hərəkət edərkən sərnişinlərin diqqətinə bir məqamı çatdıraraq vurğuladı ki, “Bax, möhkəm sürəcəyəm, heç kim söz deməsin, kimə xoş deyilsə, saxlayım indidən düşsün”. Avtobusda içi mən qarışıq hər kəs buna sərt reaksiyasını bildirdi və sürücü qeyd etdi ki, yarım saatdır 28-də “probkadayam”. Sürücünün öz dili ilə desək, əgər bu sürücüyə də tıxacda qalmaq xoş deyilsə, o zaman o da işindən azad edilsin. Çünki burda onlarla sərnişinin taleyi həll olunur”.

 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun İctimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev Azadinform-a dedi ki, müraciətiniz əsasında araşdırmalar davam etdirilir: “Dövlət nömrə nişanı yoxlanıldı və həqiqətən də qeyd etdiyiniz nömrə 32 saylı marşrut xətti üzrə hərəkət edir. Avtobusu işlədən daşıyıcıya bu barədə məlumat verildi. Həmin saatda sükan arxasında hansı sürücü olubsa, daşıyıcı ilə birlikdə BNA-ya dəvət olunacaq, tədbir görüləcək və sizə məlumat veriləcək”.

M. Ağayevin dediyinə görə, sürücüyə artıq xəbərdarlıq olunub: “Ötən gün sürücü bura çağırıldı və izahatı alındı. Ona son xəbərdarlıq edildi ki, bir də bu cür hallara yol verilsə işdən azad ediləcək. Daşıyıcıya qarşı isə müvafiq tədbir görüləcək. Sürücü ilə yanaşı daşıyıcıya da tapşırıldı ki, digər sürücülərlə də təlimatlandırıcı söhbətlər aparsın”.

12.01.2017 11:20 / Baxılıb: 287 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.06.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo