Lənkəranda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ev verilib

Adəm Abbaslı/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən (ƏƏSMN) Lənkəran rayonunda inşa olunmuş 9 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, yeni evlərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlərdən razı qaldıqlarını vurğulayıblar.

Evlərin istifadəyə verilməsi tədbirində ƏƏSMN-nin, Lənkəran rayon İcra Hakimiyyətinin, əlil təşkilatlarının, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2014-cü il tarixli sərəncamına uyğun olaraq, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində 2016-cı ildə də məqsədyönlü işlər görülüb. ƏƏSMN tərəfindən ötən il respublikanın rayon və şəhərlərində yeni fərdi və çoxmənzilli yaşayış evləri, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər istifadəyə verilməklə 288 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Bu təbəqələrdən olan insanlar üçün hazırda respublikamızın bölgələrində yaşayış evlərinin inşası, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.

Müharibə əlilləri və şəhid ailələrinin sosial təminat növləri – pensiya və ya sosial müavinətlərlə, Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin edildikləri, eləcə də onların uşaqlarına, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə aylıq sosial müavinət ödənildiyi, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığı qeyd olunub. Həmin insanlar üçün qanunvericiliklə nəzərdə tutulan imtiyaz və güzəştlərdən, müharibə əlillərinin tibbi-sosial reabilitasiya xidmətləri ilə təminatı sahəsində görülən işlərdən də bəhs olunub.

Rayon sakinləri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların, həmçinin bu döyüşlərdə şəhid olmuş insanların ailələrinin yeni mənzillərlə təmin olunmasının, ümumən onlara dövlət qayğısının daim artırılmasının əhali tərəfindən rəğbətlə qarşılandığını qeyd ediblər.

Sonra yeni fərdi yaşayış evlərinə baxış keçirilib. Evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərdən 3 ədədi Qarabağ müharibəsi əlillərinin, 6 ədədi isə şəhid ailələrinin istifadəsinə verilib.

11.01.2017 16:17 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo