Türkiyəni itirmək Rusiya üçün təhlükəlidir (ÖZƏL)

"Rusiyanın Ermənistana təzyiq edərək onun gərginlik yaratmaq istəyinin qarşısını aldığını və alacağını düşünürəm"

 

Leyla Məhərrəmova/AZADİNFORM. “Türkiyə ilə Rusiya arasındakı münasibətlərin getdikcə inkişaf etməsi və münasibətlərin qaydaya salınmasına Azərbaycanın vəsilə olması Türkiyə və Rusiya üçün Azərbaycanın önəmini artırıb”. Bu fikri Azadinform-a açıqlamasında beynəlxalq məsələlər üzrə türkiyəli ekspert Mehmet Emin Erendor deyib. O qeyd edib ki, Dağlıq Qarabağ məsələsində Türkiyənin Azərbaycanı və digər tərəfdən Rusiyanın Ermənistanı dəstəkləməsi münaqişənin həllini gecikdirib.

Ekspert vurğulayıb ki, tarixi və beynəlxalq münasibətlər prizmasından yanaşsaq,  Azərbaycan iddialarında haqlıdır, Türkiyənin Azərbaycanı dəstəkləməsi normaldır: “Ermənilərin münaqişə regionunda provokativ hərəkətləri gərginliyi daha da artırmaqdadır”.

Erendorun fikrincə, Qarabağ münaqişəsi zonasında gərginliyin artacağını deyənlərlə yanaşı, yeni qarşıdurmanın gözlənilmədiyini deyənlərin sayının artması normaldır: “Çünki Türkiyə və Rusiya arasında münasibətlərin əvvəlkindən daha yaxşı olması və iki dövlətin regional problemlərdə ortaq hərəkət edərək həll yollarını axtarması bir tərəfdən Ermənistan üçün problemdir”. 

Ekspert deyib ki, ermənilərin regionda gərginlik yaratmaq üçün edəcəyi hər hansı bir  hərəkət bundan sonra onların özlərinə qarşı çevriləcək. Erendor Rusiyanın əvvəlki qədər erməniləri dəstəkləyəcəyini düşünmür: “Uzun bir müddətdən sonra Rusiya beynəlxalq arenada bu qədər rahat hərəkət etmək qabiliyyəti əldə edib və Türkiyəni öz tərəfinə çəkməsi, ABŞ-la Türkiyə arasındakı gərginlikdə Türkiyəni dəstəkləməsi Rusiyanın regionda təsiredici  qüvvə olmasını təmin etdi”.

Ekspert hesab edir ki, Rusiya bundan sonra regionda yaranacaq hər hansı bir problemdə Türkiyəni qarşısına almaq istəməyəcək: “Beynəlxalq münasibətlərdə güc balansı baxımından təsiri olmayan bir dövləti dəstəkləmək, digər tərəfdən həm region, həm də  beynəlxalq arenada önəmli bir mövqeyə sahib olan Türkiyəni itirmək Rusiya üçün təhlükəlidir. Buna görə də mən Rusiyanın Ermənistana təzyiq edərək onun gərginlik yaratmaq istəyinin qarşısını aldığını və alacağını düşünürəm”.

Erendor sonda bildirib ki, bu müddətdə regionda müharibə ehtimalı çox aşağıdır, amma gələcəkdə nə  baş verə biləcəyini indidən dərk etmək çətindir.

11.01.2017 15:30 / Baxılıb: 130 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2017
    18.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo