"Mən bundan sonra da çalışacağam ki, İran-Azərbaycan qardaşlıq əlaqələrini inkişaf etdirim"

"Mən bundan sonra da çalışacağam ki, İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirim". 

Məlumata görə, bunu yanvarın 10-da İranın ölkəmizdəki səfirliyinə gələrək İran İslam Respublikasının sabiq Prezidenti Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verən Azərbaycan Prezidenti İlham Əliyev İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin müxbirinə müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, H.Rəfsəncani İran İslam Respublikasının inkişafında çox mühüm rol oynayıb, böyük işlər görüb, çox unudulmaz iz qoyub. İran xalqı da onun xidmətlərini yüksək qiymətləndirirdi: "Ayətullah Haşimi Rəfsəncani İran-Azərbaycan əlaqələrinin inkişafında da çox fəal rol oynamışdır, bu əlaqələrin inkişafının böyük tərəfdarı idi. Mənim atam, Prezident Heydər Əliyev ilə onu çox yaxın dostuq əlaqələri bağlayırdı. Onlar – həm Prezident Heydər Əliyev, həm də Prezident Haşimi Rəfsəncani birlikdə İran-Azərbaycan əlaqələrinin təməlini qoydular. Sağlam təməl qoydular ki, bu əlaqələr dostluq, qardaşlıq şəraitində inkişaf etsin. Mən cənab Haşimi Rəfsəncaninin Azərbaycana səfəri zamanı Prezident Heydər Əliyev ilə olan görüşləri xatırlayıram. O görüşlərin bəzilərində mən də iştirak etmişəm. Şəxsən görürdüm ki, onlar doğrudan da bir-birinə qarşı çox böyük hörmətlə yanaşırlar. Mən Prezident olandan sonra İrana etdiyim səfərlərin birində cənab Haşimi Rəfsəncani ilə Tehranda görüşmüşəm və o görüş də mənə çox gözəl təəssürat bağışlayıb". 
İlham Əliyev vurğulayıb ki, H.Rəfsəncani doğrudan da çox böyük dövlət xadimi, müdrik siyasətçi idi. Öz xalqına çox bağlı olan bir insan idi və İran-Azərbaycan əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüşdü: "Hesab edirəm, o da sevinirdi ki, bu gün bu əlaqələr ən yüksək zirvədədir. Mən bundan sonra da çalışacağam ki, hörmətli həmkarım cənab Ruhani ilə birlikdə İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirim". (trend)

10.01.2017 17:58 / Baxılıb: 130 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.06.2017
    26.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo