Beynəlxalq təşkilatlar Ermənistana daha öncə çağırış etməli idi

Leyla Məhərrəmova/AZADİNFORM. Bir neçə gündür ki, Azərbaycan itkin düşmüş əsgər Çingiz Qurbanovun cəsədinin geri qaytarılması üçün beynəlxalq təşkilatlarla birgə iş aparır. Lakin erməni tərəfi beynəlxalq hüquq normalarını pozaraq cəsədi geri qaytarmaqdan imtina edir. ATƏT-in Minsk qrupunun həmsədrləri də məsələ ilə bağlı Ermənistana çağırış edib. Lakin hələ ki müsbət nəticə əldə edilməyib.

Məsələ ilə bağlı Azadinform-un suallarını cavablandıran Atlas Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, bu erməni seperatçılarının köhnə taktikasıdır: “Guya ermənilər bu yolla təzyiq edirlər və demək istəyirlər ki, əgər toqquşma olsa biz sizə  problem yaradacağıq”. Politoloq xatırladıb ki, vaxtilə Milli Qəhrəman Mübariz İbrahimov şücaət göstərərək xeyli erməni seperatçını məhv etdi. Ermənilər isə onun meyitini tanınmaz hala gətirdilər, qeyri-insani münasibət göstərdilər: “Lakin sonda qaytarmaq məcburiyyətində qaldılar. Çünki bilirlər ki, biz onlardan bunun hesabını soruşa bilərik. Şübhə etmirəm ki, qısa müddətdən sonra əsgərimizin meyitini geri  qaytaracağıq”.

Politoloq əlavə edib ki, daha çox ATƏT-in Minsk qrupu, Beynəlxalq Qızıl Xaç Komitəsinin  bu məsələni həll etməsi tələb olunur. E. Şahinoğlu hesab edir ki, onların Ermənistana çağırışları daha öncə olmalı idi. Onun fikrincə, bu çağırışları erməni tərəfi  qulaqardına vurmayacaq.  

Politoloq əlavə edib ki, daha bir məsələ – Dağlıq Qarabağ ətrafı ərazilərdə ermənilərin məskunlaşdırılması məsələsi də gündəmdədir: “Minsk qrupu erməni tərəfinə anlatmalıdır ki, bu cür təxribatlara yol vermək olmaz. Kəlbəcərdə, Ağdamda, Fizulidə ermənilərin yerləşdirilməsi nə ilə bağlıdır? Onlar bu əraziləri geri qaytarmalıdır. Bu məsələyə gərək Minsk qrupu reaksiya versin. Reaksiya verilmədikcə, Azərbaycanın tam hüququ çatır ki, işğalçıya başqa cür də izahat versin”.

10.01.2017 12:30 / Baxılıb: 148 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo