Azərbaycan XİN: Ermənistanın bu alçaq davranışı yalnız terrorçulara məxsus yanaşmadır

"Beynəlxalq humanitar hüquqa, xüsusilə Cenevrə konvensiyalarına uyğun olaraq həlak olmuş hərbi qulluqçunun meyiti dərhal qaytarılmalı olduğu halda, Ermənistanın törətdiyi təxribatdan on gündən artıq müddət keçməsinə baxmayaraq, rəsmi Yerevan hərbi qulluqçumuzun meyitini qaytarmaqdan imtina edir. Ermənistan tərəfi beynəlxalq təşkilatlar vasitəsilə edilmiş müraciətləri cavabsız qoyur".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, bu günlərdə Ermənistan silahlı qüvvələrinin rəhbərliyinin hərbçimizin meyitinin hələ də onlarda olduğunu deməsi Ermənistanın siyasi-hərbi rəhbərliyinin sivil davranışdan nə dərəcədə uzaq olmasının növbəti ifşasıdır: "Cəsədin dərhal geri qaytarılmasının təmin olunması humanitar, mənəvi-əxlaqi məsələ olmaqla bərabər, beynəlxalq humanitar hüququn ciddi tələbidir. Ermənistanın azərbaycanlı hərbi qulluqçunun cəsədini geri qaytarmaması, cəsəddən qisas almaq, cəsədləri fiziki və psixoloji işgəncə obyektinə çevirməsi sıradan bir hal olmayaraq, Ermənistanın yürütdüyü dövlət siyasətinin tərkib hissədir ki, biz bunun dəfələrlə şahidi olmuşuq. Bu cür alçaq davranış əsgər və zabit şərəfinə sığmayaraq, yalnız terrorçulara məxsus yanaşmadır".

XİN rəsmisi əlavə edib ki, müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə şəhid olmuş hərbi qulluqçu Çingiz Qurbanovun cəsədinin geri qaytarılması üçün səylər davam etdiriləcək.

Azərbaycanın diplomatik nümayəndəlikləri sözügedən məsələni davamlı surətdə beynəlxalq təşkilatlar qarşısında qaldırırlar.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.

9.01.2017 17:30 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.06.2017
    26.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo