Prezident: Estoniya ilə ticarət sahəsində o qədər də fəal əməkdaşlıq həyata keçirilmir

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan prezidenti İlham Əliyev Estoniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Marin Mittusun etimadnaməsini qəbul edib.

Azadinform xəbər verir ki, görüşdə dövlət başçısı özünün Estoniyaya, Estoniya prezidentinin də Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında çox yaxşı qarşılıqlı anlaşmanın mövcud olduğunu və siyasi sahədə ölkələrimizin daim bir-birini dəstəklədiyini qeyd edərək, eyni zamanda bildirib ki, ticarət sahəsində bir o qədər də fəal əməkdaşlıq həyata keçirilmir. Azərbaycanın Estoniyada uzun illərdir səfirliyinin fəaliyyət göstərdiyini vurğulayan dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimizin fəal əməkdaşlıq etdiklərini deyib. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, ikitərəfli münasibətlərin inkişafında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi işinə daha çox önəm veriləcək və bu da öz növbəsində Estoniya ilə Azərbaycan arasında qarşılıqlı idxal-ixrac əməliyyatlarının stimullaşdırılması, imkanların müəyyənləşdirilməsi üçün yaxşı şərait yaradacaq. Dövlət başçısı əlaqələrimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini də qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından önəmini vurğulayıb. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin Avropa İttifaqı çərçivəsində uğurlu inkişafından məmnunluğunu ifadə edib.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir siyasi əlaqələrimizin uğurla inkişaf etdiyini deyərək yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Səfir iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq həyata keçirdiyini və bir-birilərini dəstəklədiklərini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında ticarət, nəqliyyat, informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

9.01.2017 14:20 / Baxılıb: 117 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo