Bizim evliliyimiz sənin atana görə idi Erkən nikah quran qızın acı taleyi

Ləman Hüseynzadə / AZADİNFORM. Bəzən erkən nikah erkən boşanma kimi qiymətləndirilir. Təbiidir ki, hər bir erkən nikahın sonu boşanma olmur. Amma əksəriyyəti müəyyən səbəblərdən dolayı təəssüflər olsun ki, bu cür nəticələnir. Bəs görəsən, vaxtından əvvəl ailə qurub boşanmağa gənclərimizi nə vadar ki, onlar öz gələcəklərini bu qədər cılızlaşdırırlar.

Bu barədə Azadinform-a danışan erkən nikahın qurbanı olan Sevinc Quliyeva narazı olduğu həyatında öz ailəsini – valideynlərini günahlandırır: “Mən oxumaq, öz ayaqlarım üstündə qalmaq istəyirdim. Hər istəyim kimi bu da gerçəkləşmədi. Buna mane olanlar öz valideynlərim oldular. Atam xəstə idi və mənim toyumu görsün deyə cəld şəkildə məni evləndirməyə çalışdılar. O vaxtlar hələ 16 yaşımda idim. Tapdıqları oğlan, yəni 2 illik həyat yoldaşım isə 28 yaşında evlənmə zamanında idi. İstədikləri kimi də oldu. Təhsilimi yarımçıq qoydum və ailə həyatı qurmağa doğru addım atdım. Düzdü, həmin vaxt mən uşaq idim və hələ ailə yükü nədir, öz uşağına baxmaq kimi mənaları dərk etmirdim. Yoldaşım da mənə uşaq kimi davranırdı, elə həqiqət də bu idi. Ayrılma səbəbimiz isə atamın dünyasını dəyişməsi oldu. Yoldaşım həmin vaxt mənə dedi ki, mənim öz sevdiyim var və bizim evliliyimiz sənin atana görə idi. O da dünyasını dəyişdiyinə görə artıq hər şey əvvəlki kimi ola bilər. Və beləcə nə nikahımız qanuni oldu, nə də boşanmamız. İndi sahib olduğum tək varlığım oğlumdur, əlimdə peşəm olmadığına görə də kimin qapısında nə iş olsa onu görüb övladımı saxlayıram”.

Xanım hesab edir ki, gələcəklərinə cütlüklər qərar verməlidir: “Gənclərə məsləhətim odur ki, valideyn böyük varlıqdır, amma onlar da övladları üçün səhv addım ata bilərlər. Gələcək həyatınızı qismən də olsa özünüz seçin. Ən əsası sonra uğursuz nəticə olduqda kimisə günahkar yox, elə özünüzü günahkar bilin. Gənc qızlarımız isə erkən nikaha yox desinlər və əgər ətraflarında bu addımı atmaq istəyən varsa onları yayındırmağa çalışsınlar”.  


Mövzu ilə bağlı olaraq Azadinform-un suallarına cavab verən “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı bildirdi ki, ölkəmizdə qızların nikah yaşının bir neçə il öncə 17-dən 18-ə qaldırılması da təqdirəlayiq hal idi:  “Amma gəlin razılaşaq ki, dövlət nə qədər tədbir görürsə görsün, insanlar yenə bir yolunu tapıb uşaqları erkən nikaha məcbur edir. Elə bu günlərdə uzaqdan tanıdığım bir ailə qızını 16 yaşında ərə verdi. Valideynlərə nə qədər başa salmağa çalışırsan çalış, dinləməyəcəklər.  Toy olacaq, amma nikah kəsilməyəcək, molla kəbini ilə evləndiriləcəklər, vətəndaş nikahında yaşayacaqlar, nikahsız uşaqlar doğulacaq, uşağın 2 yaşı olanda ananın nikaha yaşı düşəcək. Çox qəribə ailə mədəniyyətimiz var, toy edib nikahsız yaşayana normal baxırlar, nikah kəsdirib toysuz ailə qurana pis. Yəni əsas toydur, gerisi boşunadır”. 

Sosioloq qeyd etdi ki, Azərbaycan Cinayət Məcəlləsindəki müvafiq maddəyə görə qadını nikaha daxil olmağa məcbur etməyə görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur: “Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Bir halda 17 yaşda evləndirilməyə icazə verilir, o da  bəzi üzrlü səbəblər olduqda mümkündür. Bu səbəblər nikaha girmək istəyən tərəflərin valideynlərinin ölümcül xəstə olması və ya qızın hamilə olmasıdır. Cinayət Məcəlləsində bu barədə dəyişiklik edərək cərimə və ya cəzanı artırmaqla valideynlərin məsuliyyətini artırmaq  mümkündür. Qızını erkən evləndirən bir valideyni 4 il həbsə atmaq, 10-15 min manat cərimə etməklə cəmiyyətdə lazımı tarazlığı qorumaq mümkündür. Yazdığınız bu mövzu əslində milli əhəmiyyətli strateji məsələdir, erkən evlilik son nəticədə milli genefondun zədələnməsinə səbəb olur”.

L. Mehralı hesab edir ki, uşaq yaşda evləndirmə uşaq hüquqlarının pozulması ilə bərabər, həm də cinsi istismar deməkdir: “Erkən yaşda evləndirilən uşaqların nəsil artırma və sağlamlığında böyük problemlər yaranır. Qızlar 18 yaşına qədər ana olmaq iqtidarında deyillər, təbiətin qanunu budur. Bu qanunu pozub 15-16 yaşda qızı ərə verən, ondan nəsil artırmasını gözləyən valideynlər təəssüflər olsun ki, ya övladlarının ölümü, ya da doğulacaq körpənin fiziki qüsurlu olması kimi problemlər yaşayırlar. Amma gözü çıxan qardaşdan dərs alan yoxdur, qonşusunun 16 yaşında ana olarkən ölən qızı-gəlini başqasına görk olmur. Mən həkim deyiləm, amma istənilən ağlı başında insan bilir ki, 14-16 yaşlı qızların hamilə olması, dünyaya uşaq gətirməsi təhlükəlidir. Bu zaman ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlarda müxtəlif psixi və fiziki problemlər olur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşdan sonra baş verir. Əgər statistikaya baxsaq görərik ki, son bir neçə ildə 15-18 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb. Eləcə də, oğlanların 22 yaşdan öncə evləndirilməsi həm həkimlər, həm də psixoloqlar tərəfindən doğru hesab edilmir. Beynəlxalq Səhiyyə Təşkilatı da eyni yaş göstəricilərini evlilik üçün minimal yaş olaraq təsbit edir”.


Məsələnin psixoloji təsirləri barədə Azadinform-a məlumat verən psixoloq Gülnarə Əliyeva bildirib ki, erkən nikah stress və depressiya üçün başlanğıcdır: “Erkən nikah dedikdə adından da göründüyü kimi lazım olan vaxtdan əvvəl qurulmuş nikahdır. Əlbəttə bunun uğurlusu da olur, uğursuzu da. Amma mən diqqəti uğurlu-uğursuz üzərinə yox, doğru olub olmadığı üzərinə çəkmək istəyirəm. Uğurlu olsa belə yetkinlik yaşına çatmamış birinin nikaha girməsi doğru deyil. Ələxsus qadın buna nə fiziki, nə psixi cəhətdən hazır deyil. Yetkinlik yaşına çatmamış bir qız ailə həyatı qurar qurmaz ondan övlad istəyirlər, bunu verə bilməyən xanım onsuzda stressə düşür. Övladı olan xanım isə başqa cür. O yaşda analığı anlamayan dərk etməyən biri sadəcə uşaq sahibi olur. Orta məktəbi tamamlamamış və ya məktəbi yenicə bitirmiş xanım sizcə dünyaya gətirdiyi uşağa hansı səviyyədə ana ola bilər? Onu sosial mühitə necə hazırlaya bilər? Təhsili hansı səviyyədə olacaq? və s. kimi suallar istər-istəməz insanı düşündürür”. 

Psixoloqun sözlərinə görə, hələ “ayılmamış”, yəni nə yaşadığını dərk etməyən xanım ailə həyatı qurur, uşaq dünyaya gətirir, övladı məktəbə gedir (Bu hələ yaxşı halda, əgər ailə həyatı davam edirsə, çünki əksər halda faciəvi şəkildə dağılmış olur) və xanımın düşünməyə zamanı olur: “Ətrafına baxır və müqayisə edir. 15 yaşında heç bir sevgi yaşamadan qurulan öz ailəsinə baxır, bir də 25 yaşında fotosessiyalarla sevgi hekayələri ilə ailə qurmuş qonşusuna, qohumuna. Və yenidən sevgi axtarışına çıxır zamanında “ərindən” görmədiyi sevgini, nəvazişi başqa kişidə axtarır. Nəticədə isə xəyanət, ər bildiyi zaman da faciə və ya sadəcə boşanma. Əlbəttə bu bütün erkən nikaha girmiş xanımlara aid deyil, qətiyyən! Lakin mən praktikamda rastlaşdığım mənfi halları dilə gətirirəm. Bir digər halda bu cür xanımlar yuxarıda qeyd etdiyim mərhələləri keçdikdən sonra həyatında boşluq hiss edir. Təhsil almaq, oxumaq, tələbəlik həyatı keçirtmək istəyir. Günümüzün reallığı isə budur ki, bunu çox vaxt həyata keçirə bilmirlər. Nəticədə yenə stressə düşən və itirən xanımlar olur. İnsan həyatın bütün mərhələlərini və duyğularını vaxtı vaxtında yaşamalıdır, çünki yaşanmayan hisslər, mərhələlər lazımsız vaxtlarda yaşanır.

O vurğulayıb ki, bütün erkən nikahlar zorla reallaşıb fikrini deyə bilmərik. “Bəzən xanım bir bəyi “sevir”, qısa zamanda onunla ailə qurmaq istəyir, o an nə təhsil, nə ata-ana gözünə görünmür və oğlanla həyatını birləşdirir. Təəssüf ki, bunun nəticəsi xanım üçün daha pis olur. Öz istəyi ilə qaçmış, ailəsini qoyub gəlmiş xanım ər evində daha çox fiziki və psixoloji şiddətə məruz qalır. Ailəsinin zoru ilə ailə quran xanımların uğursuz ailə həyatında valideynlər çox vaxt qızın arxasında dayanırlar, lakin özü getmiş xanımlar təəssüf ki, işgəncə dolu həyata davam etmək məcburiyyətində qalırlar. Nikahı pozulmuş xanımlar təhsil almadıqları üçün iqtisadi cəhətdən özlərini və uşaqlarını təmin edə bilmirlər. Çox vaxt ya bu həyata boyun əyirlər, ya ata evində kiməsə möhtac olurlar. Bu zaman da gənc analar lazımsızlıq, yük olmaq hissinə qapılırlar. Ailəsi sahib çıxmayan, özünü iqtisadi cəhətdən təmin edə bilməyənlər isə uzun müddət depressiyadan sonra ya intihar edirlər, ya da ailəsindən ayrılaraq uşaqlarını həyatda saxlamaq üçün pis yola düşürlər. Bunlar erkən nikahın mənfi nəticələri idi. Lakin uğurlu nikahlar da var hansı ki, illərdir davam edir, həyat yoldaşı ilə xoşbəxtdir və özünü inkişaf etdirən, uşaqlarına yaxşı ana olmağa çalışan analarımız da var”.

9.01.2017 14:10 / Baxılıb: 879 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
27.06.2017
26.06.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo