Prezident İlham Əliyev Finlandiya və Peru səfirlərinin etimadnamələrini qəbul edib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Finlandiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Arya İnkeri Makkonenin etimadnaməsini qəbul edib.

Azadinform xəbər verir ki, səfir Arya İnkeri Makkonen fəxri qarovul dəstəsinin qarşısından keçib.

Arya İnkeri Makkonen etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yaxşı təcrübəyə malik olduğunu bildirib. Prezident İlham Əliyev özünün Finlandiyaya, Finlandiyanın dövlət başçısının isə Azərbaycana rəsmi səfərinin əhəmiyyətini qeyd edib. Finlandiya Prezidenti ilə beynəlxalq tədbirlər çərçivəsində görüşlərini də məmnunluqla xatırlayan dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əlaqələrimizin mühüm hissəsini təşkil etdiyini deyib. Prezident İlham Əliyev əlaqələrimizin bir çox istiqamətlərdə, o cümlədən ticarət və nəqliyyat sahələrində, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb. Azərbaycanla Finlandiya arasında əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev səfir Arya İnkeri Makkonenin ölkəmizdəki fəaliyyətinin bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Arya İnkeri Makkonen Finlandiya Respublikasının Prezidenti Sauli Niinistönün salamlarını dövlətimizin başçısına çatdırıb. Ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu deyən səfir ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və müxtəlif sahələrdə qarşılıqlı səfərlərin artırılması istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunan səfir Arya İnkeri Makkonen Azərbaycan və Finlandiya arasında bu sahədə qarşılıqlı əlaqələrin və səfərlərin vacibliyini qeyd edib.

Prezident İlham Əliyev Finlandiyanın Prezidenti Sauli Niinistönün salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Finlandiya Prezidentinə çatdırmağı xahiş edib.


***


Azərbaycan Prezidenti İlham Əliyev bu gün həmçinin Perunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Manuel Santiaqo Markoviç Monasinin etimadnaməsini qəbul edib.

Səfir Luis Manuel Santiaqo Markoviç Monasi fəxri qarovul dəstəsinin qarşısından keçib.

Luis Manuel Santiaqo Markoviç Monasi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Luis Manuel Santiaqo Markoviç Monasi Peru Respublikasının Prezidenti Pedro Pablo Kuçinskinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin gücləndirilməsi ilə bağlı əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün çox yaxşı fürsət yarandığını deyib. Perulu diplomat iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan işlər barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq mədəni əlaqələri genişləndirməyin və xalqlarımızın bir-birini yaxından tanımalarının zəruriliyini vurğulayıb. Siyasi və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin önəmini qeyd edən dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, xüsusilə ticarət və turizm sektorlarında əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün imkanların araşdırılmasının vacibliyini diqqətə çatdırıb, ölkələrimizin istehsal etdikləri müxtəlif məhsulların qarşılıqlı ixracının mümkünlüyünü bildirib.

Dövlətimizin başçısı Perunun Prezidenti Pedro Pablo Kuçinskinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Peru dövlətinin Prezidentinə çatdırmağı xahiş edib.

9.01.2017 11:35 / Baxılıb: 213 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.08.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo