Bu gün Türkiyə yeni istiqlal mübarizəsi aparır

Ərdoğan terrora qarşı mübarizəni qətiyyətlə davam etdirəcəklərini bəyan edib

 

Sözsüz ki, 2016-cı il qardaş Türkiyənin tarixinə ən təlatümlü və faciəli illərdən biri kimi düşəcək. İl boyu separatçı PKK-nın və onun himayəsində olan terrorçu qrupların aramsız hücumları, FETO-nun uğursuz dövlət çevrilişi cəhdi və s. bu kimi hallar ölkəyə ciddi zərbə vurdu, yüzlərlə insan şəhid oldu. Ölkədə vəziyyəti nəzarətdən çıxarmaq istəyən qüvvələr ilin ilk günündə də ölkəni terrorun hədəfinə çevirmək istədilər. Yeni il gecəsi "Reina” gecə klubuna hücum edildi və onlarla insan həlak oldu. Dünən də növbəti terror yaşanıb. İzmirdə məhkəmə önündə bomba yüklü avtomobillə parlayış törədilib. Partlayışdan sonra atışma başlayıb. Partlayışı törədən terrorçulardan biri hadisə yerində öldürülüb. Hadisə yerindən qaçan digər terrorçu da polis tərəfindən zərərsizləşdirilib. Partlayış nəticəsində ən azı 3 nəfər yaralanıb.

 

Qeyd etmək gərəkdir ki, Türkiyə hökuməti də terrorçuların atdıqları addımları cavabsız qoymur. Artıq fövqəladə vəziyyət rejiminin 3 ay uzadılması ilə bağlı qərar qəbul edilib. Yeni uzadılma tarixi 19 yanvardan qüvvəyə minəcək. Öz növbəsində baş nazirin köməkçisi Veysi Kaynak dünən bəyan edib ki, gecə klubuna hücum edən şəxsin milliyyəti məlum olub. O bildirib ki, terrorçunun milliyyətcə uyğur olma ehtimalı yüksəkdir. Xarici işlər naziri Mövlud Çavuşoğlu da hücumu törədən şəxsin kimliyinin məlum olduğunu və hazırda onun bu terroru törətmək üçün kimlərdən kömək alması, arxasında kimlərin olması ilə bağlı araşdırmaların davam etdirildiyini vurğulayıb. Bundan əlavə, "Anadolu” agentliyi yazır ki, polis və hərbi xüsusi hərəkat komandaları İstanbul Silivridəki bir binada əməliyyat həyata keçirib, ev və avtomobillərdə axtarışlar aparılıb. Saxlanılmış şəxslərin sayını bildirməsələr də, onların Şərqi Türküstandan olduğu yazılıb. Bundan başqa, ötən axşam İzmirdə həyata keçirilən başqa bir əməliyyat çərçivəsində dörd ünvanda axtarış aparılıb və 40 nəfər saxlanılıb. "Hürriyet” qəzeti yazır ki, onların azı iyirmisi azyaşlı olduğundan 20 nəfər həbs edilib. 


Rəsmi Ankara növbəti dəfə bəyan edib ki, ki, baş verənlərə baxmayaraq, Türkiyəyə qarşı hücumların qarşısını almaq üçün aparılan işlər sərt şəkildə davam etdiriləcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu gün Türkiyə yeni istiqlal mübarizəsi aparır. Şәxsi "Twitter” səhifəsindən vətəndaşlara müraciət edən dövlət başçısı bunları qeyd edib: "Bu gün Türkiyə yeni  istiqlal mübarizəsi aparır. Bu mübarizədə qələbə qazansaq, 2023 hədəflərimizə də çatacağıq, 2053 və 2071 perspektivlərimizi də formalaşdıracağıq. Ölkəmizə qarşı hücumların əsl məqsədi tarazlığımızı pozmaq, bizi bir-birimizin üstünə düşürməkdir. Allahın izni və millətimizin dəstəyi ilə ölkəmizə qarşı hücumların qarşısını ala biləcək gücə və iradəyə malikik”.

 

R.T.Ərdoğan Türkiyədə son zamanlar törədilən terror hücumlarının məqsədinin xalqı bir-birinə qarşı qaldırmaq olduğunu söyləyib. Bu hücumların öhdəsindən gələ biləcək gücə sahib olduğunu ifadə edən Ərdoğan deyib ki, "bu hücumların əsl məqsədi duyğularımızın ağlımıza üstün gəlməsinə cəhd göstərilməsidir. Bizi bir-birimizin üzərinə salmaq istəyirlər. İctimaiyyətdə həssas olan mövzulardan istifadə etməkdən imtina etməyənlər var. Bu oyuna gəlməyəcəyik. Dik və soyuqqanlı mövqeyimiz davam edəcək. Qaçmaq namərdlərin işidir, bizim millətimiz mərddir”. Türkiyənin terrora təslim olduğunu söyləməyin terrorçu ilə, terror təşkilatları ilə eyni cərgədə yer tutmaq olduğunu vurğulayan Ərdoğan bildirib ki, Türkiyənin öz təhlükəsizliyi üçün bölgəsində apardığı mübarizəni "başqa dövlətlərin daxili işlərinə müdaxilə” olaraq görənlər baş verənlərdən heç nə anlamır: "İŞİD-ə qarşı güclü mübarizə aparan ölkəni hələ də "bu, xain hücuma dəstək təmin edir” eyhamı ilə günahlandırmaq, tamamilə terror təşkilatları üzərindən Türkiyəyə hücum edənlərin istədikləri növdən bir ifadədir”. Dövlət başçısı terror təşkilatı PKK, FETÖ, İŞİD-ə fəal şəkildə, yazılı, şifahi dəstək verənlərə qarşı necə rəftar edilirsə, məzhəb ayrı-seçkiliyi, yaxud həyat tərzi üzərindən millət arasında ayrı-seçkilik qoymağa cəhd göstərənlərə də həmin şəkildə yanaşma olacağını bildirib.


Yeri gəlmişkən, Qərb mətbuatında Türkiyənin nədən terrorun hədəfinə çevrildiyi barədə ən müxtəlif ehtimal və şərhlər verilir. Məsələn, dünyaca məşhur CNN "Türkiyəni terror hədəfinə çevirən nədir” başlıqlı yazı dərc edib. Nəşr iddia edir ki, terror hadisələrinin sayının artması  Türkiyənin xarici siyasətini dəyişməsi ilə bağlıdır. "Türkiyə Suriya bataqlığında azmaqdadır və bu bataqlıq onu çəkdikcə, biz qeyri-stabilliyin onun sərhədlərini aşdığını, təhlükəsizliyinə zərbə vurduğunu görürük”. Bunu nəşrə Londondakı "Chatham House” araşdırma mərkəzinin əməkdaşı, Türkiyə üzrə ekspert Fadi Hakura deyib. Britaniyanın Birləşmiş Xidmətlər İnstitutunda beynəlxalq təhlükəsizlik məsələləri üzrə direktor Raffaello Pantucci isə CNN-ə müsahibəsində deyib ki, Türkiyə hökuməti çox böyük təzyiq altındadır. Onun qənaətincə, Suriya ilə qonşuluq qaçqınlarla yanaşı, ölkəyə zərər vurmaq niyyəti olanların da Türkiyəyə asanlıqla keçməsinə imkan verir. R.Pantuccinin fikrincə, Türkiyənin ən böyük problemlərindən biri - məhz coğrafi mövqeyidir. Bu da Türkiyəni asanlıqla terror hədəfinə çevirir: "Türkiyə dünyanın ən böyük vətəndaş müharibəsi gedən ölkəsi ilə qonşudur və silahlı qruplar keçid məntəqəsi kimi bu ölkədən istifadə etməkdədirlər”.

 

Azər

6.01.2017 13:33 / Baxılıb: 119 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo