Dünya Azərbaycanlılarının Köln Forumunda 42 ölkədən 250 nümayəndənin iştirakı gözlənilir

AZADİNFORM. Fevralın 4-də Almaniyanın Köln şəhərində  Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə “Dünya Azərbaycanlıları Köln Forumu” keçiriləcək. Azadinform xəbər verir ki, Foruma hazırlıq komitəsi yaradılıb və bu günə qədər 42 ölkədən 250 nəfər tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib. 

Təşkilat Komitəsi forumun təşkilatçılığı üçün heç bir rəsmi quruma müraciət etmədən toplantını Assambleyanın fərdi üzvləri və iş adamlarının maliyyə imkanları hesabına təşkil etməyə qərar verib. Forumda bir çox beynəlxalq qurumların rəsmiləri, Almaniya siyasi partiyaları, qeyri-hökumət təşkilatları təmsilçiləri, bələdiyyə rəhbərləri, habelə Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları, diplomatik korpusun səlahiyyətli şəxsləri, parlament üzvləri, media təmsilçilərinin iştirakı gözlənilir. 

Forumun moderatoru Soyqırımları Araşdırma Fondunun rəhbəri Sefa Yürükəl olacaq. Tədbirdə “Azərbaycan-Avropa əməkdaşlığının hazırki durumu”, “Cənubi Qafqazda dondurulmuş münaqişələr və Dağlıq Qarabağ məsələsi”, “Avropada yaşayan Türkiyə və Azərbaycan qadınlarının milli mübarizədə yeri və rolu”, “Mədəniyyətlər və Dinlərarası Dialoq – Tolerantlığın Azərbaycan nümunəsi”, “Miqrasiya və inteqrasiya kimi” vacib və aktual mövzular müzakirə ediləcək. 

Forumdakı çıxışlar kitab halına salınaraq müxtəlif dillərə tərcümə olunacaq və dünyanın nüfuzlu kitabxanalarına, araşdırma mərkəzlərinə göndəriləcək.   

Tədbirin gedişatında Azərbaycan istehsalı olan “Made in Azerbaijan” markasını daşıyan müxtəlif məhsulların  təqdimatı da nəzərdə tutulub. 

Forumun sonunda iştirakçılar üçün Azərbaycan Mədəniyyət Gecəsi də keçiriləcək. 

Toplantının sonunda dünya azərbaycanlılarına, ATƏT-in Minsk qrupu ölkələri rəhbərləri və BMT Təhlükəsizlik Şurası ölkələrinin rəhbərlərinə, o cümlədən Avropa Parlamenti, ATƏT, Avropa Şurasına, MDB ölkə başçılarına  Dağlıq Qarabağ məsələsi ilə bağlı müraciət qəbul olunacaq. Müraciətdə Dağlıq Qarabağ məsələsinin həlli ilə, eyni zamanda Ermənistan ordusu tərəfindən əsir alınmış Azərbaycan vətəndaşlarına göstərilən amansız və kobud münasibət də öz əksini tapacaq.

Forumda, həmçinin Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, Almaniya Federativ  Respublikası və Rusiya Federasiyası rəhbərlərinə dünyada sülhün və əmin-amanlığın təmin edilməsində göstərdikləri səylərə görə minnətdarlıq elan olunaraq dünyada insanların barış, dostluq içərisində yaşamasından ötrü səylərini daha da artırmaları üçün qarşılıqlı dialoqun intensivləşdirilməsi ilə bağlı  müraciətin qəbul da nəzərdə tutulub.

6.01.2017 09:44 / Baxılıb: 1756 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2017
    18.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo