"Texnoloji Təhsil Qrupu" yaradılacaq

Azərbaycanda "Texnoloji Təhsil Qrupu" (TTQ) yaradılacaq.

Bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, 2017-2018-ci illərdə ölkədə texnologiya üzrə təhsil səviyyəsinin artırılması, təhsil standartlarının təkmilləşdirilməsi, o cümlədən müəssisələrin bu sahədə kadrlara olan ehtiyaclarının daha yaxşı ödənilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə “Texnoloji Təhsil Qrupu” yaradılacaq. Təhsil Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə TTQ-nin fəaliyyət planını hazırlayacaq və fəaliyyət parametrlərinin ölçülməsi üçün müvafiq göstəriciləri və izləmə mexanizmlərini müəyyən edəcək. Bununla yanaşı, TTQ-nin tərkibi, vəzifələri, funksiyaları və maliyyələşmə mexanizmləri müəyyənləşdiriləcək.

Yol xəritəsində bildirilir ki, təşkilati, maliyyə və kadrlarla komplektləşmə məsələləri həll edildikdən sonra TTQ texnologiyaların tətbiqində və istifadəsində özəl sektorun səriştəlilik səviyyəsi və bu sahədə çatışmazlıqlarla bağlı zəruri araşdırmalar aparacaq. Araşdırma, ilk növbədə, rəqabətədavamlı işçi qüvvəsinin formalaşdırılması məqsədilə əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə mövcud olan tələbatın müəyyən edilməsinə istiqamətlənəcək. Bu məqsədlə, KOS və iri sahibkarlıq subyektlərinin əmək resursları təhlil olunacaq, işçilərin biliklərinin qiymətləndirilməsi üçün tədbirlər (sorğular, müsahibələr və s.) həyata keçiriləcək.

Növbəti addım ilkin araşdırmanın nəticələrinə əsaslanmaqla, ayrı-ayrı sahələrdə ixtisaslı işçi qüvvəsi çatışmazlığının səbəblərinin təhlilindən ibarət olacaq. Paralel olaraq, TTQ təhsil müəssisələri ilə koordinasiyalı şəkildə tədris infrastrukturunu, tədris heyətinin peşəkarlığını və kurikulumların məqsədəuyğunluğunu dəyərləndirərək, bu sahədə mövcud olan problemlərin səbəblərini araşdıracaq.

Bu tədbirlərin son mərhələsi olaraq, TTQ mövcud təhsil standartlarında və informasiya texnologiyaları üzrə təhsil çərçivəsində tədris olunan mövzuların siyahısında dəyişikliklərin edilməsinə dair təkliflər verəcək.

Rəqəmsal texnologiyaların tədrisində müəyyən edilən çatışmazlıqların aradan qaldırılması və onların biznes mühitinin tələblərinə uyğunlaşdırılması məqsədilə TTQ tərəfindən ekspertlərin iştirakı ilə təhsil proqramlarına dəyişikliklər edilməsinə və yeni kurikulumların hazırlanmasına dair təkliflər irəli sürüləcək. Növbəti addım olaraq, seçilmiş tədris mərkəzləri, peşə təhsili müəssisələri, kolleclər və ya universitetlərdə texnologiya biliklərinə malik olan peşəkar təlimçilərin iştirakı ilə pilot proqramlar həyata keçiriləcək. Bu proqramların effektivliyinə tələbələrin rəylərinin öyrənilməsi yolu ilə davamlı olaraq nəzarət ediləcək.

TTQ tərəfindən həyata keçiriləcək növbəti tədbir təhsil müəssisələrində kadrların ixtisaslılığının təmin edilməsindən ibarət olacaq.

 

Bu məqsədlə, İKT ixtisasları üzrə tədris kafedralarının texniki bazasının gücləndirilməsi, elektron tədris resurslarının inkişaf etdirilməsi, tələbə və müəllimlərin dünyanın aparıcı elm və təhsil resurslarına çıxışının təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək, beynəlxalq sertifikata malik İT mütəxəssislərinin hazırlanmasına dəstək veriləcək.

Eyni zamanda, Azərbaycandakı ali təhsil müəssisələrində İKT sahəsində fəaliyyət göstərən tanınmış xarici və yerli ali təhsil müəssisələrinin tədris-təcrübə laboratoriyalarının yaradılması, tələbələrin sahə üzrə aparıcı şirkət və müəssisələrdə təcrübə keçməsi imkanlarının genişləndirilməsi, habelə İKT-nin prioritet istiqamətləri üzrə aparıcı xarici təhsil müəssisələrində kadrların hazırlanması işlərinin davam etdirilməsi məqsədilə zəruri tədbirlər həyata keçiriləcək.

Qeyd olunur ki, informasiya texnologiyaları üzrə ali təhsil almış məzunların təhsili başa vurduqdan sonra növbəti bir il ərzindəki məşğulluq səviyyəsinin hazırkı 43 faizdən 2020-ci il üzrə 60 faizə çatdırılması və gənclər arasında məşğulluq səviyyəsinin yüksəldilməsi hədəf kimi müəyyən edilib. İnformasiya texnologiyaları sahəsində təhsilin keyfiyyətinin artırılması digər prioritetlər üçün ilkin əsas olsa da, bu prioritet çərçivəsində tədbirlərin ÜDM və məşğulluğa birbaşa təsiri gözlənilmir.

Təlim proqramlarının və kurslarının formalaşdırılması və inkişafı üçün, əsasən, əməliyyat xərcləri tələb olunur və ümumilikdə bu prioritetin icrası üçün əsaslı investisiya qoyuluşu tələb edilmir. (modern.az)

3.01.2017 11:04 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo