Qüdrətimizin və gücümüzün simvolu

Günel Səfərova, Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru

Azərbaycan xalqı növbəti dəfə dünya azərbaycanlılarının həmrəylik gününü qeyd edir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu günün mühüm tarixi və tərbiyəvi əhəmiyyəti var. İlk olaraq, həmrəylik günü millətin birliyini və qüdrətini, habelə, qloballaşma dövründə qarşıda duran əsas hədəfləri özündə əks etdirir. Doğrudan da, azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, bir-birindən ayrı düşüblər. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından obyektiv  və subyektiv səbəblərə görə bütün dünyaya yayılıblar.

Heydər Əliyev və azərbaycançılıq

Hazırda soydaşlarımız planetin bir çox ölkələrində yaşayır. Rusiyada, Ukraynada, MDB-nin digər respublikalarında, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq regionunda böyük Azərbaycan icmaları yaranıb, təşkilatlanıb və fəaliyyətlərini bu və ya digər dərəcədə genişləndirə biliblər. Azərbaycan ikinci dəfə müstəqillik qazanarkən Ulu Öndər xaricdə yaşayan həmvətənlərimizin yeni gənc respublikanın lobbiçilərinə çevrilmələrinin vacibliyini önə çəkdi və dünya azərbaycanlılarına bir sıra birlik, həmrəylik çağırışları ünvanladı. Nəhayət, 2001-ci ilin noyabrında Bakıda ümummilli liderin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I qurultayı təşkil olundu. Bu dövrdən etibarən planetin ayrı-ayrı regionlarında məskunlaşan Azərbaycan diasporlarının fəaliyyətinin yeni, daha məsuliyyətli dövrü başlandı.

Həmrəylik günü xalqımızın birlik şüarının simvolik ifadəsidir. Dünyanın müxtəlif bölgələrinə səpələnən həmvətənlərimiz azərbaycançılıq amalı ətrafında birləşərək sözün əsl mənasında, xalqa sədaqət nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edirlər. Vaxtilə Heydər Əliyev soydaşlarımız qarşısında duran əsas vəzifələr haqqında danışarkən bunları demişdi:

"Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir".

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin əsasını qoydu. Ulu öndərin hakimiyyətə tarixi qayıdışı bütün sahələrdə olduğu kimi, diaspor quruculuğu və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində də yeni işlərin başlanmasına təkan verdi. Dahi rəhbər böyük inamla dünya azərbaycanlılarının bir amal və bir məslək uğrunda fəal mübarizə aparması işinə başladı və bu çətin problemi öz dühasının gücü ilə uğurla həll etdi.

Bəli, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. Məhz Ulu öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdi.

Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri oldu. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra

-ölkədə davamlı sabitlik və iqtisadi tərəqqinin əsası qoyuldu,

-milli birliyə nail olundu,

-azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi,

-Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşan soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu.

Ona görə də ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biri kimi qiymətləndirilir.

İlham Əliyev və milli həmrəyliyin yeni mərhələsi

Ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb.

Müstəqil Azərbaycan Respublikası çox qısa bir dövr ərzində minilliklərə bərabər inkişaf yolu keçib. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasında yer alır.

-Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə genişmiqyaslı islahatlar davam etdirilir,

-İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir,

-Azərbaycanın Avropa xalqları ailəsində nüfuzu artır,.

-Elmi əsaslar üzərində qurulmuş xarici siyasət xətti ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin edir,

-Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata keçirilən düşünülmüş tədbirlər müsbət nəticələr verir,

-Xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ərazi bütövlüyü prinsipi beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən təməl prinsip kimi qəbul olunur.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarının birləşməsi sahəsində gördüyü prinsipial işlər xalqımız və bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir. Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir. Bununla belə, müstəqilliyimizn bərpasının 25-ci ilində həmrəylik sahəsində də yeni hədəflər ortaya çıxır. Onların bəzilərinə bu ilin iyununda baş tutan Dünya Azərbaycanlılarının IV qurultayında Prezident İlham Əliyev aydınlıq gətirdi. SİTAT: "Biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək. Hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdırlar. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha fəal rol oynasınlar”-sitatın sonu.

Bu gün milli həmrəyliyin real daşıyıcıları olan azərbaycanlılar yaşadıqları ölkələrdə siyasi və ictimai nöqteyi-nəzərdən kifayət qədər aktiv mövqe tuturlar. Digər tərəfdən, Azərbaycan və türk diaspor təşkilatları arasında koordinasiyanın gücləndirilməsi istiqamətində təsirli tədbirlər görülür. Azərbaycan dövlətinin maraqlarının uğurlu müdafiəsi lobbiçiliyin stimullaşdırılmasından keçir. Bu faktor xaricdəki təmsilçilərimizin yetərli qədər məlumatlı olması ilə birbaşa bağlıdır. Müşahidələr göstərir ki, Amerikada və digər qitələrdə məskunlaşan soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlarla fəxr edirlər.

Lobbiçiliyin hədəfləri

Statistik məlumatlara görə, hazırda xaricdə azərbaycanlılara məxsus 462 diaspor təşkilatı fəaliyyət göstərir. Şübhəsiz, bu təşkilatlar arasında koordinasiya işi aparılmalı, birlik, həmrəylik olmalıdır. IV qurultaydakı çıxışında Prezident İlham Əliyev də vurğuladı ki, azərbaycanlılar həm ölkə daxilində, həm də xaricdə birlik nümayiş etdirməlidir. Onların düşüncəsində ölkəmizin gələcəyi və strateji istiqamətləri ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyünün bərpası, digər məsələlər ətrafında cəmiyyətdə konsensus var.

Çağdaş dövrümüzdə dünya azərbaycanlılarının birliyinin bir sıra strateji tərəfləri də qeyd olunur. Mütəxəssislərin fikrincə, dövlətlər və xalqlar arasında mübarizə virtual məkanda da gedir, ona görə də müasir dövrün informasiya resurslarında həmvətənlərimizin fəallığı labüddür. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da deyir ki, dünyada yaşayan azərbaycanlılar öz aralarında narazılıqların yaranmasına imkan verməməli, daim bir-birinə dəstək göstərməlidirlər. Dünya azərbaycanlıları virtual məkanda da fəal olmalıdırlar. Dünya azərbaycanlılarının birliyi ona görə lazımdır ki, azərbaycançılıq hissləri, milli adət-ənənələr qorunub saxlanılsın.

Əlbəttə, dövlət orqanları ilə Azərbaycan diaspor təşkilatlarının əlaqələri daim güclü olmalıdır. Bu sahədə Diasporla İş üzrə Dövlət Komitəsi ilə yanaşı xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfirlikləri də bütün qüvvələrini səfərbər etməlidir. Hazırda Azərbaycanın xarici ölkələrdə 92 diplomatik nümayəndəliyi, 60 səfirliyi var. Əsas istiqamətlərdən biri odur ki, dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha çox olmalıdır. Bu vəzifəni isə ancaq diaspor təşkilatları özləri həll edə bilər. Azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdir. Bu insanların Azərbaycana sərmayə qoyması da vacib məsələlərdən sayılır. Eyni zamanda, məhz azərbaycanlı biznes adamlarının maddi imkanlarından lobbi fəaliyyətində yararlanmaq olar. Bu isə konkret ölkələrin konkret dövlət qurumları ilə faydalı əməkdaşlığın qurulmasında özünəməxsus rol oynaya bilər.

Beləliklə, rəsmi Bakının diaspor siyasəti, xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyur. İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər.

Yeni dövrün çağırışları və Azərbaycan diasporu

Qədim tarixə malik xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan ən xoş amal və duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət taparaq milli və mənəvi birlik, həmrəylik hissləri ilə yaşayan hər bir soydaşımız tərəfindən güclü dəstək alır.

Dünya Azərbaycanlılarının həmrəyliyi yeni minillikdə də həm ölkəmiz, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi önəm daşıyır. Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, milli və dini ayrı-seçkiliyin artması, dözümsüzlük, siyasi münaqişələr, şovinizm kimi meyillər həmvətənlərimizin təşkilatlanması məsələsini xüsusilə aktuallaşdırır. Vaxtilə Ulu öndərin və daha sonra Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı Azərbaycan diasporunun nümayəndələri ilə keçirdiyi görüşlər, onların problem və qayğıları ilə yaxından maraqlanmaq, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr vermək məhz bu təhlükəli tendensiyalara qarşı birgə mübarizəni təmin etmək niyyətindən xəbər verir.

Bəli, Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Zərurətə çevrilib ona görə ki, "qoca qitə”də baş alıb gedən mənəvi deqradasiya prosesi Avropa cəmiyyətinin tərkib hissəsinə çevrilmək istəyən azərbaycanlılar qarşısında müəyyən problemlər yaradır. Milli ayrı-seçkilik, başqa millətlərin aşağılanması zəminində ultrasağ partiyaların hakimiyyətə yiyələnmələri radikal qruplaşmalardan müdafiə olunmaq, ideoloji mübarizəni davam etdirmək və Azərbaycan həqiqətlərini dünyada yaymaq və təşkilatlanma prosesini qaçılmaz edir. Mənəvi ehtiyac isə bütün dünya azərbaycanlılarının yeganə dövləti olan Azərbaycan Respublikası ətrafında soydaşlarımızın birləşdirilməsi, xalqımızın daşıdığı mədəniyyətin təbliği və insanların vahid ideologiyaya xidmət etməsi zərurəti ilə bağlıdır. Görünən odur ki, dövlətin bu istiqamətdə gördüyü işlər sözügedən məkanda yaşayan azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanır və onlar bu rəğbəti Avropanın müxtəlif ölkələrində keçirdikləri tədbirlər, kütləvi kampaniyalar vasitəsilə büruzə verirlər.

Azərbaycan xalqının söz, əqidə və əməl birliyinə nail olmaq üçün dövlət tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarla azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulan Azərbaycan məhz bütün soydaşlarımızın və həmvətənlərimizin inamlı və qətiyyətli addımları hesabına qüdrətli bir dövlətə çevrilməkdədir.

31.12.2016 13:11 / Baxılıb: 504 / Çap
 
    Bu bölmədə
    15.12.2016
    Nolar, İlahi...
     Xəbər lenti
    20.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo