"Facebook"da "qan-qan" deyən klaviatura qəhrəmanları kimlərdir? - Faktlar

Taleyüklü məsələlərlə bağlı status yazıb, şərhlərdə əks fikir görən kimi dərhal söyüş müstəvisinə keçənlərin demokratiyadan danışmağa mənəvi haqqı varmı? 



Hər bir insanın kimliyi, şəxsiyyəti, daxili aləmi onun fikirlərindən, hadisələrə yanaşma tərzindən dərhal aydın olur. Əbəs yerə demirlər ki, insan dilinin altında gizlənib. Bu mənada müasir dövrümüzdə həyatımıza daxil olan sosial media həm də insanların özlərini təqdim etmələri, başqalarında özləri haqqında rəy formalaşdırmaları üçün bir məkandır. Yəni, virtual olaraq hər hansı hadisə barədə sosial mediada açdığımız müzakirəyə qoşulan istənilən şəxs nümayiş etdirdiyi mövqe ilə öz kimliyini ortaya qoyur. Biz onun müzakirədəki davranışından, yazdığı rəylərdən, qeyd etdiklərinin həqiqət olduğunu sübut etmək üçün gətirdiyi arqumentlərdən həmin adamın təfəkkürünü, daxili aləmini, mütaliə səviyyəsini, dünyagörüşünü qismən də olsa öyrənə bilirik. Bu mənzərə ilə hər birimiz "Facebook”, "Tvitter” kimi sosial şəbəkələrdə daha çox rastlaşmaqdayıq. Sosial şəbəkələrin aktiv istifadəçiləri hər gün ölkədə və dünyada baş verən proseslərə ən müxtəlif istiqamətlərdən yanaşmaqda, bununla əlaqədar müzakirələr açmaqdadırlar. Ancaq çox təəssüflər olsun ki, son vaxtlar sosial şəbəkələrdə açılan müzakirələrdə insanların aqressivliyi, alternativ fikrə qarşı dözümsüz yanaşmaq, yalnız öz fikir və mülahizəsini həqiqət kimi təqdim etmək, əks arqumentlə çıxış edənləri təhqir etmək kimi xoşagəlməz tendensiyalar da müşahidə edilir. 

Xüsusən də Qərb dəyərlərini, demokratik prinsipləri sosial mediada təbliğ edən bəzi insanlar yazdıqları statuslara yazılan rəylərə, əks arqumentlərə "cığallıqla” yanaşır, fərqli rəy sahiblərini yaltaqlıqda, Rusiyaya, İrana, nə bilim, hansısa başqa bir dövlətə yarınmaqda ittiham edirlər. Yaxud, siyasi hakimiyyəti tənqid edən şəxs kimi tanınan bir nəfər mövcud iqtidarın hər hansı addımını təqdir edən status yazan kimi, dərhal qərbpərəstlər dəstəsi onun ünvanına söyüş və təhqirlərlə hücum edir, status sahibini kimlərəsə yarınmaqda günahkar bilirlər. Halbuki, hansı cəbhədə yer almağından asılı olmayaraq, cəmiyyətdə baş verən istənilən təqdirəlayiq hadisəni yaxşı hal kimi qiymətləndirmək normaldır. Amma di gəl ki, demokratiya libasına bürünmüş bir çox "Facebook qəhrəmanları” yalnız öz düşüncələrini reallıq sayır, hər kəsin yalnız onların fikir və mülahizələri ilə hesablaşmasını doğru sayırlar. Təbii ki, bu, normal yanaşma deyil.

Söylədiklərimizə nümunə üçün "Facebook”un azərbaycanlı istifadəçiləri tərəfindən yazılmış bir neçə status və onlara verilən rəyləri diqqətinizə çatdırmaq istərdik. "Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı Rusiyanın TU-154 təyyarəsinin qəzaya uğramasına ironik şəkildə münasibət bildirərək, belə bir status paylaşıb: "Ruslar Suriyanı xaraba qoyub üstündə konsert vermək istəyirdilər. Nəticə hazırda Qara dənizdə”. Bu yanaşma müəllifin şəxsi mövqeyidir, amma sosial şəbəkədə paylaşılıb. Təbii ki, paylaılıbsa dostluqda olan şəxslərin ona münasibət bildirmək haqqı var. Misal üçün, Vasif Səfərov adlı "Facebook” istifadəçisi öz rəyində Zamin Hacıya xatırladır ki, "Suriyanı viran qoyan ruslar deyil, adam gərək insafını itirməsin. Liviyanı, İraqı da o günə salıb "we came, we saw, he died”, deyə dişlərini ağardanlardır”. Zamin Hacı dərhal Vasif Səfərov və onun kimi düşünənləri rusiyapərəst, tarixdən və dünyadan xəbəri olmayan, ədəbsiz, ruslara yaltaqlanan, savadsız məntiq sahibi, gopçu, xəstə kimi ifadələrlə təhqir edir.

"Facebook”un digər azərbaycanlı istifadəçisi, Türkiyədə təhsil almış Vasif İsmayıl adlı şəxs belə bir status yazıb: "Orta Şərqdə sünni-şiə davası gedir. Bir çox müsəlman bunu Amerika və Qərbin çaxnaşması olaraq qəbul edir. Amma onlar yanılırlar. Niyə? Ortada tipik məzhəb davası gedir. Bu məzhəb davasını ABŞ və Qərb çıxarmadı. Bunu müsəlmanlar özü çıxardı...”. Bu status altında gedən müzakirələrə Cabir Arif adlı bir nəfər də qatılaraq öz münasibətini bildirib: "Yazmısınız ki, İraqda Səddam Hüseyni, Suriyada Əsədi dəstəkləyən və ayaqda tutan qüvvə ABŞ deyil, SSRİ idi. Cavab olaraq bildirim ki, 1980-88-ci illərdə İraq-İran müharibəsində Səddama dəstəyi ABŞ verib. Çünki, 1978-79-cu illər İran inqilabında Pəhləvi rejimi devrilmişdi, İran isə zəif idi. ABŞ Səddamın əli ilə bu rejimi məhv etmək istəyirdi. Əsədi isə bəli, SSRİ dəstəkləyib. Bu, tam normal idi. Çünki, İordaniya, İsrail, Türkiyə kimi dövlətlər ABŞ-ın müttəfiqi idi və Suriyaya da SSRİ dəstək verirdi...”. Statusun altında yazılan bu kimi rəylərə kobudluqla reaksiya verən Vasif İsmayıl başqalarının gətirdiyi arqumentləri gop və nağıl adlandırır. Daha sonra isə bir qədər də irəliyə gedərək üstüörtülü söyüşə keçir, statusuna şərh yazan şəxsin başı ilə deyil, başqa orqanı ilə düşündüyünü qeyd etməklə, onu alçaldır. Bu andan sonra yazılan rəylərdə təhqirlər davamlı xarakter alır. Təhqirlər isə hər kəsə məlum olduğu kimi, adətən arqumentlər tükəndiyi zaman özünü göstərər.

"Facebook”da daha bir arzuolunmaz tendensiya da təşviqedici, yəni hansısa şəxsi nə zamansa mediaya verdiyi açıqlamaya, tutduğu mövqeyə görə başqalarına söydürməkdir. Sosial şəbəkədə qısa araşdırma aparanda, bu tipli status paylaşan profillərlə daha yaxından tanış olduqda görürük ki, belə addım atanların böyük əksəriyyəti özünü Azərbaycanda siyasi hakimiyyətə qarşı görən kəslərdir. Yəni, radikal mövqeyi ilə seçilən siyasi partiyalarda və onların yedəyində olan müxtəlif təşkilatlarda təmsil olunanlar ölkənin ictimai-siyasi həyatında az-çox tanınan şəxsləri bu "metodla” hədəfə alır, onların fikirlərini lağ-lağı obyektinə çevirirlər. Maraqlı tərəf həm də burasıdır ki, bir sıra hallarda bu qaraguruhun hədəf aldığı şəxslər demədikləri sözə, ifadə etmədikləri fikrə görə də söyüş, təhqir ünvanına çevrilirlər. 

Sosial şəbəkələrdə daha bir arzuolunmaz hadisə də profilindən qız və ya qadın olduğu sezilən şəxslərin küçə səviyyəsində söyülən, ən təhqiramiz söyüşləri bəyənməsi, dolayısı ilə bir növ bu söyüşləri öz dillərindən səsləndirməsidir. Bir anlıq təsəvvür edin ki, yolda, ictimai nəqliyyatda hərəkətdə olarkən, yaxud hər hansı tədbirdə iştirak edərkən, hansısa məsələ ətrafında müzakirə apararkən zahiri görkəminə görə xanım, qadın kimi tanıdığınız, qəbul etdiyiniz bir şəxs küçə söyüşlərini dilinə gətirir, ən əxlaqsız ifadələr səsləndirir. Necə qarşılayarsınız bu əxlaqdan kənar davranışı? İnanmıram ki, özünə, ailəsinə, peşəsinə hörmət edən kimsə belə əxlaqsız hərəkətə haqq qazandıra, onu təqdir edə. Lakin təəssüflə qeyd olunmalıdır ki, bu tərbiyəsizliyə normal yanaşan, belə rəyləri "Like” etməklə onu bəyənib təqdir edən xanım "Facebook qəhrəmanları” da var. Özü də bir deyil, beş deyil, onlarla, bəlkə də yüzlərlə. Axtarsaq, bu ağıl sahibləri öz davranışlarını azadfikirlilik, demokratiya kimi qələmə verməkdən çəkinməzlər. 

Misal üçün, gənc şair Şəhriyar Del Gerani bu günlərdə öz profilində "NİDA”çı iki gəncin yersiz hərəkətinə, bu "qəhrəmanlığa” haqq qazandıranlara, həmçinin etdikləri əmələ görə gənclərin cəzalanmasına vətəndaş kimi münasibətini ifadə edib. Şairin statusunun altına rəy yazanlar arasında onun mövqeyini bölüşənlər də, bölüşməyənlər də olub. Həmin rəy sahibləri bunu normal şəkildə, ədəb çərçivəsini aşmamaqla ediblər. Lakin "NİDA”çı olduqları, yaxud bu təşkilat üzvləri ilə dostluq əlaqəsində olan, salaməleyk saxlayan şəxslər, eləcə də radikal müxalifət partiyalarında təmsil olunanlar yazdıqları rəylərdə gənc şairi ələ salmağa, onu alçaltmağa, təhqir etməyə başlayıblar. Sosial şəbəkənin virtual da olsa ictimai bir məkan olduğunu nəzərə alsaq, ictimaiyyət arasında özlərini aparmağı bacarmayan bu "rəy” sahibləri gənc şairin ünvanına açıq küçə söyüşləri işlədiblər. Profilindən xanım olduğu bilinən şəxslər də belə təhqiramiz rəyləri, küçə söyüşlərini "Like” etməklə bu tərbiyəsizliyi bəyəndiklərini, bu açıq-aşkar əxlaqdan kənar ifadələrdən "ləzzət” aldıqlarını nümayiş etdiriblər.

Son olaraq qeyd edək ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlətdir. Bu dövlətdə müxtəlif azadlıqlarla bərabər, insanların bilgilənmək, məlumatlanmaq  azadlığı da təmin olunub. Hazırda Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlərlə yanaşı, ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Təxminən 10 milyon nəfər əhalisi olan Azərbaycanın 75 faizindən çoxu isə fəal internet istifadəçisidir. Ən nəhayət, bu 75 faiz ölkə əhalisi arasında yalnız 2 milyon insan sosial mediadan azad şəkildə, heç bir məhdudiyyətsiz istifadə edir. Amma ölkədə təmin olunan azadlıqlar, insanlara verilən sərbəstlik heç kimə haqq vermir ki, bunlardan sui-istifadə etsin, demokratiya, azadfikirlilik adı altında bir başqasının şərəf və ləyaqətini alçaltsın, əxlaqdan kənar davranışlarla pis nümunə sərgiləsin. Məşhur bir aforizmdə qeyd edildiyi kimi, hər kəsin azadlığı bir başqasının azadlığının sərhədinə qədərdir. Yaxud, əxlaqi davranışı normal olan hər bir insan özünə yaraşdırmadığını, digərlərinə də rəva görməməlidir.


Alpər TURAN

28.12.2016 15:25 / Baxılıb: 487 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    30.04.2017
    29.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo