"ARDNF aktivlərinin indiki bölüşdürülməsi neft ehtiyatlarının uzun müddətli qorunmasına kömək edir"

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun Trend-ə müsahibə verib. Azadinform həmin müsahibəni olduğu kimi təqdim edir:

 

-2016-cı ildə Fondun fəaliyyətini ümumilikdə necə qiymətləndirirsiniz?


- Ümumilikdə Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildəki fəaliyyətini uğurlu qiymətləndirmək olar. Neft qiymətlərinin düşdüyü, neftin satışından əldə olunan gəlirlərin azaldığı dövrdə və ümumiyyətlə bu sektorda davam edən neqativ trendlər fonunda Dövlət Neft Fondunun ölkənin maliyyə stabilliyinin təmin olunmasında rolu artıb.

2016-cı ildə Fond dövlət büdcəsinə transfertləri, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi kimi ümummilli əhəmiyyətə malik sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsini həyata keçirib. Cari il ərzində ARDNF Cənub Qaz Dəhlizi, “STAR” neft emalı kompleksinin tikintisi layihələrində dövlətin iştirak payının maliyyələşdirilməsini təmin edib. Eyni zamanda, Fond xaricdə təhsil alan azərbaycanlı tələbələrin təhsilinin maliyyələşdirilməsini də davam etdirib.

Ötən ilin sonunda uzunmüddətli dövrdə şaxələndirilmiş investisiya portfelinin qurulması prosesinin bir hissəsi olaraq Fondun investisiya siyasətinə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən risk və gəlirlilik arasındakı nisbət daha riskli və eyni zamanda daha gəlirli investisiya alətlərinin xeyrinə dəyişib. Məsələn, daşınmaz əmlaka yatırımların investisiya portfelindəki payı iki dəfə, 5 %-dən 10%-dək artırılıb. Bu dəyişiklik nəticəsində daşınmaz əmlaka həm birbaşa, həm də daşınmaz əmlak fondları vasitəsi ilə edilən yatırımların həcmi artıb. 2016-cı ildə Milan şəhərində yerləşən Palazzo Turati ofis kompleksinin satınalınması başa çatdırılıb. Eyni zamanda daşınmaz əmlak fondlarına olan yatırımlar əhəmiyyətli dərəcədə artıb, özəl kapital fondlarına investisiyalar edilib. Bununla yanaşı, səhm yatırımlarının da investisiya portfelindəki xüsusi çəkisi artırılıb.


- 2016-cı il büdcəsində neftin qiyməti 25 dollar səviyyəsində müəyyən olunmuşdu, il ərzində orta qiymət kifayət qədər yüksək idi. İlin yekunlarına görə, büdcənin nə dərəcədə profisitli olacağı gözlənilir?


- Qeyd etdiyiniz kimi 2016-cı ildə neftin 1 barelinin qiyməti həm ARNDF-nin büdcəsində, həm də dövlət büdcəsində 25 dollardan hesablanmışdı. Bu qiymətlə Fondun 2016-cı il üçün büdcə gəlirləri 2,8 milyard dollar nəzərdə tutulub. Lakin 2016-cı il ərzində neftin 1 barelinin orta qiyməti 41,7 ABŞ dolları təşkil etdiyindən, Fondun ilin sonuna büdcə gəlirinin təqribən 5,8 milyard dollar olacağı gözlənilir.

Bununla yanaşı qeyd etmək lazımdır ki, Fondun investisiya portfelinə daxil olan valyutaların məzənnələrinin dəyişməsi Fondun dollar ilə ifadə olunan aktivlərinin ilin sonuna olan həcminin dəyişməsinə səbəb ola bilər.


- ARDNF səhm payının, yəni daha riskli aktivlərin artırılması planlarını nəzərə alaraq investisiya portfelinin idarə olunması üçün yeni menecerlərin cəlb olunmasını, eləcə də azad vəsaitlərin yerləşdirilməsində zərurətin yaranmasına səbəb ola biləcək dövlət büdcəsinə transfertlərin azaldılması addımını planlaşdırırmı?


- ARDNF uzunmüddətli dövrü əhatə edən, daha riskli aktivlərin portfeldə həcminin artırılması yolu ilə yüksək diversifikasiyalı investisiya portfeli qurmağı hədəfləyib. Bu istiqamətdə də Fond səhm yatırımları kimi uzunmüddətli dövrdə daha yüksək gəlirlilik vəd edən maliyyə alətlərinin investisiya portfelində çəkisinin artırılmasını planlaşdırır. Hal-hazırda isə mövcud investisiya siyasəti çərçivəsində səhm sub-portfelinə yeni yatırımların həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar ARDNF artıq səhm portfelinin idarə edilməsini həyata keçirəcək yeni xarici menecer(lər)in cəlb edilməsi ilə bağlı xidmət təklifləri sorğusu elan edib və nəticələrin gələn ilin əvvəlində yekunlaşacağı qənaətindəyik.

Xarici menecerləri idarəetməyə cəlb edərkən məqsəd Fond üçün yeni olan maliyyə alətlərinə investisiya zamanı onların təcrübəsindən istifadə etmək, onların bu və ya digər sahədə bilik və təcrübələrini öyrənməkdən ibarətdir. Xarici menecerlər seçilərkən bu əməkdaşlıq nəticəsində gələcəkdə həm Fondun mütəxəssislərinin hazırlıq səviyyəsinin artırılması, həm də daxili texniki infrastruktur bazasının genişləndirilməsi imkanları da nəzərə alınır. Beləliklə, xarici menecerlərin idarəetməyə cəlb edilməsi ilə ARDNF həm Fonddaxili insan resurslarının inkişaf etdirilməsi, həm də aktivlərinin idarə edilməsinin effektivliyinin daha da yüksəldilməsi məqsədini güdür.


- Fondun məhz hansı səhmlərə (hansı dövlət və ya şirkətin) investisiya yerləşdirəcəyi barədə konkret planları varmı? Fondun daşınmaz əmlaka investisiya ilə bağlı hansı planları var? Yeni coğrafi bazarlara çıxmaq niyyəti varmı?


- Qeyd edildiyi kimi ARDNF-nin uzunmüddətli investisiya strategiyasının əsas məqsədi risklərin yol verilə bilən həddə saxlanılması ilə vəsaitlərdən əldə edilən gəlirliliyin artırılması və diversifikasiya edilmiş investisiya portfelinin qurulmasıdır və səhm yatırımlarının artırılması da məhz bu hədəfə xidmət edir. Artıq 2012-ci ildən etibarən ARDNF qlobal səhm bazarında özündə müxtəlif şirkətləri, ölkələri və sektorları birləşdirən yüksək diversifikasiyalı səhm indekslərinə passiv üsulla investisiya istiqamətini seçib (qeyd etmək lazımdır ki, bu proses həm xarici menecerlər, həm də Fondun əməkdaşları tərəfindən həyata keçirilir). Hal-hazırda səhmlərə bu tip passiv üsulla investisiyanı davam etdirmək planlaşdırılsa da, risklər nəzərə alınmaqla daha çox gəlirlilik vəd edən alternativ investisiya strategiyaları da nəzərdən keçirilə bilər. Səhmlərə investisiya edərkən Fond optimal diversifikasiya və səhm bazarlarının qiymət dəyişkənliyi riskinin azaldılması prinsipinə ciddi şəkildə əməl edir.

Daşınmaz əmlak investisiyalarına gəldikdə isə, bu sahədə əsas strategiya inkişaf etmiş bazarların və müxtəlif tip daşınmaz əmlakların təmsil olunduğu portfelin yaradılmasından ibarətdir ki, gələcəkdə də bu istiqamətdə yatırımların davam etdirilməsi nəzərdə tutulub. Dövlət Neft Fondunun daşınmaz əmlakla bağlı investisiyalarında məqsədi yüksək və stabil icarə haqqının alınması yolu ilə gəlirliliyin artırılması və eləcə də, uzunmüddətli perspektivdə potensial qiymət artımı ilə müşayiət edilə biləcək yüksək keyfiyyətli aktivlərin əldə olunmasından ibarətdir. Bu sahədə bizi ən çox Avropa, Asiya və Sakit Okean Hövzəsi və Amerika Birləşmiş Ştatlarının daşınmaz əmlak bazarları maraqlandırır. Hal-hazırda Fondun dünyanın böyük şəhərlərinin mərkəzi biznes ərazilərində kommersiya daşınmaz əmlak investisiyaları mövcuddur və yaxın gələcəkdə də Fond qeyd edilən coğrafi regionlarda fəaliyyətini genişləndirməyi planlaşdırır. ARDNF həmçinin daşınmaz əmlak fondlarına da investisiya qoyuluşu həyata keçirməyə başlayıb ki, bu da həm yüksək gəlirliliyi təmin etməyə, həm də diversifikasiyanın artırılmasına xidmət edir. Beləliklə, daşınmaz əmlak fondlarına investisiya ARDNF-yə daha çox ölkə və regionları əhatə edən daha böyük bazarlara birbaşa çıxış imkanı qazandırır. Bu yatırımlar investisiyaların coğrafi mövqeyinin genişləndirilməsi ilə yanaşı, daşınmaz əmlak portfelinin strategiya (hazır, tikilməkdə olan) və tip (yaşayış, logistik və s.) üzrə də diversifikasiyasını genişləndirməyə imkan verir.


- 2017-ci ildə valyuta hərracları nəzərdə tutulur? 2016-cı ildə valyuta hərracları vasitəsilə nə qədər dollar satılıb?


- Qeyd etmək istərdik ki, ARDNF-nin büdcəsinin böyük hissəsini manatla olan xərclər, o cümlədən dövlət büdcəsinə transfert və digər ödənişlər təşkil edir. ARDNF-nin əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, əsasən ABŞ dollarında baş tutur və yuxarıda qeyd edilən öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına mübadilə edilməsi zərurəti yaranır. Fond böyük həcmdə valyuta satışının valyuta bazarına təsirini azaltmaq və eyni zamanda Fondun büdcə öhdəliklərini vaxtında icra etmək məqsədilə mütəmadi olaraq Mərkəzi Bank tərəfindən təşkil olunan hərraclar vasitəsilə valyuta bazarında valyuta satışının bərabər hissələrlə həyata keçirilməsində iştirak edir.

ARDNF-nin növbəti il üçün büdcəsində icrası manatla olan öhdəliklər nəzərdə tutulduğundan Fond tərəfindən hərraclar vasitəsilə valyuta satışı 2017-ci ildə də davam etdiriləcək.

2016-cı ilin 11 ayı ərzində ARDNF tərəfindən valyuta hərracları yolu ilə ümumilikdə 4,6 milyard dollar həcmində vəsait satılıb.


- Parlamentin son plenar iclasında bəzi deputatlar ARDNF-in xarici banklarda yerləşdirilmiş vəsaitlərini ölkə daxilinə keçirməyi və ölkənin bank sektoruna dəstək məqsədilə yerli banklarda yerləşdirilməsini təklif etmişdi. Həm risklərin, həm də gəlirliliyin nəzərə alınması ilə ARDNF-a öz vəsaitlərini yerli banklarda yerləşdirmək nə dərəcədə sərfəlidir? Bu cür addımı bankların dəstəyi üçün məqsədəuyğun hesab edirsinizmi?


- ARDNF-nin suveren fond kimi yaradılmasında əsas məqsəd ölkənin makroiqtisadi stabilliyinin qorunub saxlanılması və tükənən təbii sərvət olan neft və qazın satışından əldə olunan gəlirlərin səmərəli idarə edilməsi ilə nəsillər arasında ədalətli bölgüsünün təmin edilməsidir.

Son dövrlər neftin qiymətinin aşağı və qeyri-stabil olmasını nəzərə alaraq Fondun ölkədə makroiqtisadi sabitliyi qorumaq funksiyası daha çox ön plana çıxıb. Belə ki, 2015-ci ildə ARDNF-nin tarixində ilk dəfə olaraq onun ümumi xərcləri gəlirlərini üstələyib.

Bank sahəsinin dəstəklənməsi ilə bağlı qeyd etmək istərdik ki, həm ölkə rəhbərliyinin, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının dəfələrlə qeyd etdiyi kimi bank sektorunun sağlamlaşdırılması ilk növbədə prudensial qaydalar, effektiv korporativ idarəetmə və həmçinin ehtiyac yarandığı təqdirdə bankların növbəti konsolidasiyası prosesləri ilə tənzimlənməlidir.

Hesab edirik ki, Fondun hazırki investisiya portfeli, eləcə də onun risk/gəlirlilik nisbəti mövcud investisiya strategiyasının məqsədlərinə nail olmaq üçün daha optimaldır.


- Bu il Neft Fondu Azərbaycan Beynəlxalq Bankına ilk depozitini yerləşdirdi. Depozitin həcmini nəzərdə tutulan iki milyard səviyyəsinə çatdırmaq planlaşdırılırmı? Vəsaitlər ABB-yə depozit olaraq hansı şərtlərdə yerləşdirilib və bu depozit xarici banklarda saxlanması ilə müqayisədə nə dərəcədə sərfəlidir?


- “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları”ın 3.3. bəndinə əsasən Fond investisiya portfelinin 5%-ə qədərini yerli iri banklarda yerləşdirmək imkanına malikdir. Hazırda, ARDNF-nin yaxın gələcəkdə Azərbaycan Beynəlxalq Bankında yerləşdirilən depozitin həcmini artırmaq kimi planları yoxdur, lakin zərurət yarandığı təqdirdə bu məsələyə qeyd edilən 5% qaydası çərçivəsində baxıla bilər.

Depozitin yerləşdirilmə şərtlərinə gəldikdə isə qeyd etmək istərdik ki, bu vəsait bankda illik 4% olmaqla 1 il müddətinə yerləşdirilib. Faiz dərəcələrinin formalaşdırılması və maliyyə əməliyyatlarının həyata keçirilməsi şərtlərinin yaranmasında ölkənin makroiqtisadi göstəriciləri, maliyyə sahəsinin inkişaf səviyyəsi, aktivlərin həcmi, kredit reytinqi və s. əhəmiyyətli rol oynayır. Təbii ki, bu göstəriciləri nəzərə almadan gəlir barədə danışmaq bir qədər düzgün yanaşma sayılmaz və bu səbəbdən də biz müxtəlif banklarda depozit yatırımlarını sırf gəlirlilik baxımından müqayisə edə bilmərik.


- Bu il Azərbaycan EITI-də namizəd statusunu saxlaya bildi. 2017-ci ildə Təşəbbüsün idarə heyətində üzvlüyün bərpa olunması üçün səy göstərilməsi planlaşdırılırmı? EITI idarə heyətinə yenidən daxil olması üçün Azərbaycan qarşısında hansı şərtlər irəli sürülür?


- 2015-ci ilin aprel ayında Qiymətləndirmə prosesindən (2015-ci ilin yanvar ayında baş tutan) sonra Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin qərarına əsasən ölkəmizin MHŞT-dəki statusu “Tamhüquqlu üzv”dən “Namizəd ölkə” statusuna endirilib. MHŞT üzrə Beynəlxalq İdarə Heyəti Azərbaycanın “Tamhüquqlu üzv” statusunu bərpa edə bilməsi üçün növbəti Qiymətləndirməyədək (2016, iyul) yerinə yetirilməli islahedici addımları müəyyən edib. 2015-2016-cı illər ərzində Azərbaycanda MHŞT Standartının tələblərinə uyğun olaraq MHŞT-nin ölkədə tətbiqi davam etdirilib, Beynəlxalq İdarə Heyəti tərəfindən müəyyən edilmiş islahedici addımların icrası ilə bağlı müəyyən fəaliyyətlər və Təşəbbüsün tətbiqi çərçivəsində əksər işlər həyata keçirilib.

2016-cı ilin iyul ayında MHŞT üzrə növbəti Qiymətləndirmə keçirilib və Beynəlxalq İdarə Heyətinin cari ilin 26 oktyabr tarixində Astanada baş tutmuş sonuncu iclasında Azərbaycanın MHŞT-nin tətbiqi üzrə gördüyü işlərə əsaslanaraq qəbul etdiyi qərara əsasən Azərbaycan MHŞT çərçivəsində “Namizəd ölkə” statusunu saxlayıb. Beynəlxalq İdarə Heyətinin qərarına əsasən MHŞT-nin tətbiqində iştirak edən qeyri-hökumət təşkilatlarının və həmçinin qrantların qeydiyyata alınması ilə bağlı konkret suallara dair islahedici tədbirlərin hökumət tərəfindən həyata keçirilməsi üçün Azərbaycana İdarə Heyətinin növbəti iclasınadək (mart 2017-ci il) vaxt verilib. Həmçinin, 2017-ci ilin iyul ayınadək Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin MHŞT prosesinin tətbiqində iştirakını və MHŞT hesabatlılığı sahəsində bəzi texniki məsələlərin həlli istiqamətində müəyyən tələblərin yerinə yetirilməsini təmin etməlidir.

MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin son iclasından sonra (24-26 oktyabr 2016, Astana) Azərbaycanın MHŞT üzrə Çoxtərəfli Qrupu tərəfindən Beynəlxalq İdarə Heyətinin Azərbaycana dair irəli sürdüyü şərtlərin müzakirəsinə başlanılıb və islahedici tədbirlər üzrə Fəaliyyət Planının hazırlanması qərara alınıb. 2017-ci ildə də MHŞT Standartının bütün tələblərinə uyğun olaraq Təşəbbüsün ölkədə həyata keçirilməsi davam etdiriləcək və MHŞT prosesində iştirak edən vətəndaş cəmiyyəti üzvlərinin şəraitlərinin yaxşılaşdırılmasına səy göstəriləcək.

27.12.2016 09:55 / Baxılıb: 213 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.08.2017
    23.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo