Mənəviyyat sərhədləri

Qanunla mənəviyyat yaratmaq mümkündürmü?


Bəşəriyyətin və dünya dinlərinin inkişaf tarixinin təhlili bizə bir fakta istinad etməyə imkan verir ki, bizim əcdadlarımız və bizdən əvvəlki nəsillərimiz çox vaxt həqiqətən də insanın hərəkətlərini məhdudlaşdıran, onun təbii instinktini zəiflədən və yaşadığı dövrün reallıqlarına tam cavab verməyən mənəvi, bəzən də dinin mahiyyətindən irəli gələn uydurmalarla sıx surətdə bağlı olan dəyərlər sistemində yaşayıblar. Güman edirəm ki, biz də bu gün həmin sistemdən çox kənarda deyilik. Bu, əlbəttə, ilk növbədə fərdin öz maraqları çərçivəsindədir. Lakin dini və digər dünyəvi qanunlarla formalaşmış sabit bir element kimi təlqin edilən mənəviyyat ilkin səbəbin – Yaradanın axtarışında sürətlə irəliləməyə mane olur, varlığın mahiyyətinin dərk edilməsində insan qarşısında ciddi məhdudiyyətlər qoyur. Mənəviyyatın ikili mahiyyəti (fərdi və ictimai) insanın daxili və xarici aləmini müəyyən edir: birincisi, ən həqiqi olanı insanın daxilindədir, ikincisi isə, yəni ictimai həyatla bağlı olan mənəvi dəyərlər bizi əhatə edən dünya ilə, başqa mənəviyyat sahibləri olan insanlarla qarşılıqlı münasibətlər üçün nəzərdə tutulmuşdur. Onların hər ikisi şəxsiyyət və cəmiyyət üçün vacibdir. Onlardan birinin, yaxud da hər ikisinin yoxluğu insan həyatının mənasının itməsinə səbəb ola bilər. Lakin eyni zamanda, mən həm özümə, həm də Sizə sual verirəm: əgər əsrlərlə mövcud olan və həyatımızın əsas hissəsini təşkil edən yanılmalar, dini yozmalar sistemi olmasaydı, bəs o zaman nə baş verərdi? Bütün yanılmaları, dinləri və onların əsasında yaradılmış mənəvi dəyərlər sistemini bir kənara qoysaq, necə hərəkət etməli olardıq?

Fikirləşirəm ki, biz Sizinlə çox tez bir zamanda və çətinlik çəkmədən mənəviyyatı mənəviyyatsızlıqdan ayıran nazik xətləri keçə bilərik. Müasir, tədricən və çətinliklə qloballaşan dünyada, təəssüflər olsun ki, mənəvi dəyərlər mexanizmi yetərincə işləmir, mənəviyyatsızlıq isə bir insanın digərinə münasibətindən başlayaraq ölkələrarası və beynəlxalq münasibətlərə qədər hər şeydə hiss olunur. Qanlı müharibələr, dəhşətli terror hadisələri, özgə ərazilərin zəbt edilməsi, ayrı-ayrı xalq və etnosların soyqırımları, kapital uğrunda arasıkəsilməyən ölümcül toqquşmalar, narkomafiya fəaliyyəti, transmilli mütəşəkkil cinayətkarlıq və s. tədricən dünya əhalisinin yarıdan çoxu üçün həyat normalarına çevrilir. Deməli, onların digərlərindən fərqlənən şəxsi mənəviyyatı, yırtıcıya xas olan əxlaqı vardır. Əlbəttə, istəməzdim, lakin güman edirəm ki, getdikcə daha da pis ola bilər, yəhudiliyin müqəddəs kitabı olan Tövratda Allahın qoyduğu qanunlara əməl etməyənlərə hədə formasında deyildiyi kimi, “insanları öz övladlarının ətini yeməyə məcbur edəcəklər”. Bu, artıq qəddarlıq və mənəviyyatsızlığın ən son həddidir. Bu zaman cavab özü-özlüyündə meydana çıxa bilər – mənəviyyatsızlıq çox tez bir vaxtda bizim zəif, kövrək dünyamızı məhv edər. Deməli, özündə toplanan bütün yanılmalara və xəyallar üzərində qurulmasına baxmayaraq, bizə mənəviyyat və ondan irəli gələn əxlaq prinsipləri lazımdır. Onun olmaması mütləq bəşəriyyətin və planetimizin məhvinə gətirib çıxarar. Şüurlu hesab olunan insan artıq çoxdandır ki, mövcud olan mənəviyyat meyarları ilə müəyyənləşdirilmiş sərhədləri pozmuşdur. Onun yoxluğu isə faktiki olaraq həm iman, həm din, həm də cəmiyyət qanunları ilə bağlı olan hər şeyi məhv edə bilər. Belə bir vəziyyət hərc-mərcliyə, o isə öz növbəsində yer üzündəki həyatın başa çatmasına gətirib çıxara bilər. Bütün hallarda bizim geniş seçimimiz yoxdur: yanılma və xəyallara istinad edən, bütün ayin və adətlərlə bəzədilmiş mənəviyyat; və yaxud mənəviyyatsız həyata keçid, ibtidai, heyvani inkişafa qayıdış. Zənnimcə, heyvanlar onların arasında inkişaf etmiş şüura malik olan “yırtıcıların” peyda olmasına sevinməyəcəklər.

Əsas problem ondadır ki, insanın bütün səylərinə baxmayaraq, mənəviyyat və mənəviyyatsızlıq arasındakı sərhəd, demək olar ki, mövcud deyil və ya rəmzi xarakter daşıyır. Hətta, keçid mərhələsi belə yox dərəcəsindədir. Mənəviyyat yox olan kimi, onun yerini mənəviyyatsızlıq tutur. Buna misal olaraq: bugünkü Qırğızıstan – talanlar, yanğınlar, qətllər, qarət, özgənin mülkiyyətini zəbt etmə, bütün əxlaq, mənəviyyat və qanunilik meyarlarının pozulması. Axı, bir gün əvvəl heç kim məsuliyyətlə deyə bilməzdi ki, dünənki sakit, dinc insanlar bu gün mahiyyət və formaca heyvani, qəddar hisslər, nifrət, qəzəb, barışmazlıq nümayiş etdirəcək, yoluna çıxan hər şeyi və hər kəsi məhv edəcəklər. Belə tez bir zamanda əxlaq, mənəvi dəyərlər, çoxəsrlik adət-ənənələr, bu günədək mövcud olan qanunlar, konstitusiya hara yoxa çıxdı? Şərait imkan verən kimi insanın dərhal mənəviyyatsız olmağa tələsdiyi barədə nəticə çıxarmaq istəmirəm! Bunu qoy hər kəs özü fikirləşsin. Lakin onu deyə bilərəm ki, sakit, sözəbaxan, səbirli, adət və ənənələrin sadiq tərəfdarı olmaq da çoxlarını təngə gətirib. Bu, artıq danılmaz bir faktdır. Müasir dövrümüzdə mənəviyyatsızlıq darıxmamaq üçün dərman kimi qiymətləndirilir, adrenalini yüksəldir, gözləri və ağlı dumanlandırır. Bu vəziyyət güclü narkotik maddənin təsiri ilə müqayisə edilə bilər. Qırğızıstan və dünyanın bir çox başqa regionlarında – İraq, Əfqanıstan, Haiti, Afrika qitəsinin yoxsul ölkələrində hal-hazırda baş verən fəlakətlərin əsas səbəbi də bu deyilmi? Həqiqətə və təbiətə yaxınlaşdıqca mənəviyyat sütunları silkələnir desəm, yanılmaram. Bu, bütün insanlara və xalqlara aiddir. Daha çox bilik daha çox sübutlar tələb edir. Onları isə dini və ya digər ənənəvi yanılmalarda tapmaq mümkün deyil. Deməli, elmin ciddi irəliləyişi mənəviyyatın struktur və sisteminə mənfi təsir edə bilər. Xəyallar sona yetir, lakin həqiqət meyarları tapılmır ki, tapılmır. Bu da mənəvi dəyərlərə vurulan ağır zərbələrdən biridir. Təəssüflər olsun ki, dünyadakı heç bir xalq mənəvi və ictimai fəlakətlərdən sığortalanmayıb. Bu gün üçün də kifayət qədər misal göstərmək olar. Əfsuslar olsun ki, dünyanın sənaye cəhətdən inkişaf etmiş ölkələri mənəviyyatsızlıq bataqlığının kənarındakı uçurum üzərində yerləşən kiçik məkanda duranlara belə çox vaxt bilərəkdən göz yumur, onlara əl uzatmırlar. ABŞ və Avropanın bəzi ölkələri bu baxımdan çox “qabağa” gediblər və dünyada liderliyə iddialarını qoruyub saxlayırlar.

Eyni zamanda, yorulmadan başqalarına öz həyat və məişət standartlarını qəbul etməyi, hansısa qanunların qəbul edilməsi yolu ilə hamı üçün universal ola biləcək vahid mənəviyyat toplusu yaratmağı təklif edirlər. Kaş ki, belə ola biləydi! Təəssüf ki, bu, bütün zamanlarda əxlaqdan dəm vuranların və kəmsavad, təkəbbürlü siyasətçilərin həyata keçməmiş arzusu olub və belə də qalmaqda davam edir. Həqiqi mənəviyyat qanunları, çox ehtimal ki, hər bir insanın daxilindədir. Bir çoxları bu gün də mənəviyyatı qanun çərçivəsinə salaraq, onu düzəltməyə, yeniləşdirməyə, redaktə etməyə ümid bəsləyirlər. Bununla belə, mənəviyyat olduqca şəxsi məsələdir. Mənəviyyat adət, ənənə, ayin, mərasim və qanunvericiliklə tətbiq edilə, dəyişdirilə, düzəliş və əlavələr edilə bilən hər bir ictimai tənzimləmə mexanizmindən fərqlənir. Odur ki, çətin ki, kimisə qanunla mənəviyyatlı olmağa (görünməyə deyil, olmağa) məcbur etmək mümkün olsun. Mənəviyyatlı olmaq böyük məsuliyyət və çox böyük əmək, qabiliyyət, öz şəxsi tələbatlarını məhdudlaşdırmaqdır və daha çox təbiilik tələb edir. Burada saxtanı orijinaldan fərqləndirmək asandır. Lakin çox utandırıcı haldır ki, hazırda bəşəriyyət mənəviyyat sərhədlərini müəyyənləşdirə və heç olmasa, mənəviyyatsızlıq dairəsini bir qədər uzaqlaşdıra bilən meyarlar yarada bilmir. Düşünürəm ki, daxili mənəviyyatın bir hissəsinə ümid bəsləyərək, digər xalqlara öz maraqları naminə yeni, daha saxta mənəvi-əxlaqi dəyərləri qəbul etdirməklə, onları çətin vəziyyətə salmamaq daha münasib olardı. Bəzən bir şəxsin aşkar olunmuş daxili mənəvi aləmi milyonlarla insana nümunə ola bilər. Bu, yalnız mənəvi aləmlə bağlı bir anlayışdır. Belə olduğu halda, zəif də olsa, əsas var ki, dünyada ümumi mənəviyyatsızlaşma prosesinin sürətini bir qədər azaltmaq mümkündür. Bu zaman arzusunda olduğumuz mənəviyyat onu başı üstündə saxlamağa layiq olanlar üçün taca çevrilə bilər.


Rafiq Əliyev,

fəlsəfə elmləri doktoru, professor

16.11.2016 14:15 / Baxılıb: 785 / Çap
 
Bu bölmədə
15.03.2017
Anar haqqı
 Xəbər lenti
25.04.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo