Arpa biçən rəssam...

Nə qəribə bir təsadüfdür, mənim şəhidlərimin anım günündə başqa bir ailənin şəhid balasından yazıram. Başqa bir kənddə, başqa bir ailənin tanımadığımız, əslində həm də bizim olan övladından...

 

Şəhid heykəltəraş Samir Kaçayev. Aprel döyüşlərinin ən gənc itkisiydi və 22 bahara sığdırdığı ömründə əsərləri ilə öz sözünü deyib getdi. Yaşasaydı bəlkə də ölkənin hüdudlarını aşacaq rəssam olacaqdı, amma müharibə onun ömrünü yarıda qırdı. 


İstedad adamları fərqli qılır, amma bir Vətən övladının ən böyük istedadı canını Vətənə qurban eləmək deyilmi ...


Samir də bunu seçdi. Öz parlaq gələcəyini Vətənin gələcəyinə qurban verdi və ürəyimizdəki Şəhidlər Zirvəsində  layiqli yerini tutdu. 


Mənim xalqım qədir biləndir. Sahəsindən, yönündən asılı olmayaraq şəhidə verilən dəyərin bir nümunəsi də Xalq Bank tərəfindən reallaşdı. Belə ki, adından da göründüyü kimi xalqın əmanətinə sahib çıxan bank rəhbərliyi şəhid heykəltəraş Samir Kaçayevin həyat və yaradıcılığını “Heykəltəraşlıq” albomu ilə Azərbaycan xalqına təqdim etdi. Bu bankın ilk işi deyil, əminəm son da olmayacaq. Və ona da inanıram ki, digər təşkilat və qurumlar da bu örnəyi genişləndirəcəklər.


Xalq banka minnətdarlıqla təqdimatda danışılanları sizə təqdim edirəm: 

 

“ - Gözəlliklə, böyük sənətlə görüş hər kəs üçün bayramdır, eləcə də bizim üçün. Bu gün bizim üçün nisgil doludur, çünki bu bayramın sahibi, müəllifi Samir Kaçayev aramızda deyil. Əziz Samir, divarboyu əsərlərin düzülüb, sənin əsərlərinin qovuşduğu bir kitab işıq üzü görüb. Sən uzun bir ömür yaşamalıydın və bu ömür içərisində çoxlu sərgilərin olmalıydı...”

 

Çıxışına bu sözlərlə başlayan millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Xalq Bankın “”Xalq Əmanəti” layihəsi çərçivəsində şəhid heykəltəraş Samir Kaçayevin “Heykəltəraşlıq” albomunun təqdimat mərasimini açıq elan edir:

 

“Əziz dostum, Samirin müəllimi Akif Əsgərov gənc istedadlardan söhbət açır, tələbələri arasında həm zövq, həm yaradıcılıq nöqteyi-nəzərindən, həm də insanlıq baxımından yüksəkdə dayanan bir gəncdən tez-tez bəhs edirdi. Təəssüf ki, bizim söhbətlərimizdən çox keçmədən bu acı hadisə baş verdi. Azərbaycan 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindən böyük faciələrlə üz-üzədir. Torpaqlarımız işğal olunub, Ermənistan və onu dəstəkləyən qüvvələrin təcavüzü davam edir. Qətiyyən şübhəmiz yoxdur, işğal olunan torpaqlarımız qayıdacaq, o dağıdılmış, qəsb edilmiş şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz bərpa olunacaq, əvvəlkindən də gözəl görkəmə bürünəcək. Lakin o yaraların izləri çox dərindir, xüsusən mədəniyyətimizə vurulan zərbələr, eləcə də itirdiyimiz insanlar heç bir vəchlə qayıdan deyil. Müharibənin ilk qurbanı həqiqət olur. Müharibə seçmədən aparır. İkinci dünya müharibəsində Azərbaycanın nə qədər igid oğlanları həlak oldu, onlar da yaşaya-yarada, bu millətə fayda verə bilərdilər. Bir neçə il əvvəl Sloveniyada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin, əfsanəvi Mixaylonun muzeyini açdıq. O da bir rəssam idi və həlak oldu. Mehdi kimi neçə gənc istedadların ömrünü müharibə yarıda kəsdi. Qarabağ müharibəsində bunun örnəyi də Samir oldu. Hər verdiyimiz qurban millətin kisəsindən gedən, milləti ağrıdan itkilərdir, amma Samir kimi yaradıcı insanların yoxluğu daha ağır olur. Çox gənc olmasına baxmayaraq artıq əsərləri üzə çıxarılmalı bir sənətkar olan Samir ölkəmizin baş mədəniyyət mühitlərindən Azərbaycan Rəssamlıq Akademiyası kimi bir mədəniyyət ocağının yetirməsiydi. Yaradıcılıqla dolu, böyük sənətkarlarla zəngin bu Akademiyada Togay Məmmədov, Ömər Eldarov, Natiq Əliyev və digərləri kimi böyük sənətkarlar vardı. Azərbaycanın böyük mədəniyyətini yaradan bu insanların olduğu yerdə istedadlı adamların gözəllik yaratmaması qeyri-mümkündür. Samir bir kənd uşağıydı, heç onun ağlına da gəlməzdi ki, Rəssamlıq Akademiyasında təhsil alacaq və böyük sənətlə tanış olacaq”. 


Qəfil itkilərə alışmaq olmur…


Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov: - Mən gənc insanların ölümünü qəbul edə bilmirəm. Yüksək intellektə malik Samir institutu bitirib, magistraturaya daxil oldu və birdən hər şey qırıldı. Bəşəriyyət tarixində həmişə müharibələr fəlakət gətirib. Biz də bunun acı nəticəsini gördük. Müharibə nə qədər insanların həyatını məhv edir eləcə də Samir kimi gənc, istedadlı, yaraşıqlı heykəltəraşın həyatına müharibə son qoydu. Bilirsinizmi, bütün itkilər ağırdır, faciəvidir. Ancaq qəfil itkilərə alışmaq olmur. Xüsusən də o insan gəncdirsə…


Söz tapa bilmirəm, bizim kollektiv hələ də bu itkiylə barışmayıb. Həyat dolu Samir artıq həyatda deyil. Əlbəttə onun xatirəsi əbədiləşəcək, amma bütün bunlar onu geri gətirməyəcək... Allah ona rəhmət eləsin.”


O əsərlərin hər biri yenilikdir, hər əsər bir söz deyir və elə belə danışmır. Orda Samirin ürəyi, biliyi var...


Akif Əsgərov Samir Kaçayevin müəllimi və diplom rəhbəri olub: “Mənim üçün bu gün çox ağırdır. Çünki Samir çox ağıllı, müəllimini dinləyən, hər sözü eşidən bir tələbəydi. Antik sənətlə maraqlanırdı, mən bunu ona tövsiyə edirdim, çünki antik sənəti bilmədən heykəltəraş olmaq olmaz. Mən bütün tələbələrimlə dost idim, eləcə də Samirlə. Siz onun əsərlərinə diqqətlə baxın, o əsərlərin hər biri yenilikdir, hər əsər bir söz deyir və elə belə danışmır. Orda Samirin ürəyi, biliyi var. Allah onun ruhunu şad eləsin. Mən bilirəm ki, o bizimlədir”.


O sülhü sevirdi amma müharibənin qurbanı oldu...


Tələbə yoldaşı Zamiq Rzayev: - Samir Kaçayev Vətənin itkisidir. Biz dostları onun yoxluğunu qəbul edə bilmirik, bu çox, ağırdır. Biz dörd il bir yerdə oxuduq, magistraturaya bir sənəd verdik, bizə elə gəldi ki, bir yerdə oxuyacağıq amma... Bu cür sülh sevən insan müharibənin qurbanına çevrildi”. 


 İlk və son məktub...


Əsgər yoldaşı Müşfiq Bayramov: - Əsgər olan bilir ön cəbhə dostluğunun nə demək olduğunu. Biz də Samirlə eyni yerdə xidmət elədik. Ön cəbhədə... O, dürüst adam idi və ona güvənmək olardı. Fevral ayında hissələrimiz ayrıldı. Onun ayrılığı mənim üçün gözlənilməziydi. Yenə də şifahi də olsa bir-birimizdən xəbər tuturduq. Son vaxtlar onun ad günü ilə bağlı məktub yazdım ondan mənə aprel ayının 1-də cavab gəldi. Sadəcə dörd gün sonra isə şəhid oldu.” 


Arpanı biçim, gedim...


Rafael Hüseynov: - Samir kənddə böyümüşdü, kənd uşağıydı, bütün ruhuyla, varlığıyla Azərbaycan kəndinin əhvalını duyan bir adamıydı. Xalqı bütün istiqamətlərdən duymaq sənətkar olmaq üçün vacib şərtdir. Şəhərdə böyüyən uşaq bənövşənin ətrinin, ot biçməyin, daş hörməyin nə demək olduğunu bilməz. Anası deyir, əsgərliyə yola düşməzdən əvvəl dedi ki, orda arpa var, biçim gedim. O bir kənd uşağıydı amma modern, çağdaş dünyagörüşü olan bir insanıydı, içərisində modernist bir baxış birləşmişdi. Bu itki həm də ona görə yandırıcıdır. 


Şəhidlərdən böyük qəhrəmanlar var...


deyir Rafael bəy: - Samirdən və o aprel döyüşlərində itirdiklərimizdən daha böyük qəhrəmanlar o oğulları böyüdən valideynlərdir. Samirin anası Əminə xanım, atası Ziyəddin müəllim. Əsil qəhrəmanlar onlardır. Bu cür övladı təkcə ata-anası deyil, millət itirir. Mən onlara təşəkkür edirəm, bu itkini dəyanətlə qarşıladıqları üçün. Onların övladları bu dövlətin daha azad yaşaması üçün həyatını fəda edib. Əslində onun yaradıcılığı da yaşayacağı ömür içərisində bu millətə bağışlayacağı gözəlliklər də bu milləti daha gözəl, daxilən daha zəngin eləməyə yönəlmişdi. O vəfatından ikicə gün əvvəl dostuna məktub yazır altına da “bu, mənim yeni imzamdır, ilk dəfə bu məktuba atıram və ilk dəfə sən görürsən” deyə imza atır. Bu imzanı növbəti dəfə hansısa əsərinə atmaq Samirə qismət olmadı. Amma Samir bu millətin tarixində, bu millətin tarix kitabında öz imzasını qoydu və düşünürəm, onun adı da xatirəsi də hər zaman yaşayacaq. Bu, kitab Xalq Bank tərəfindən ən əvvəl Samirin ailəsinə, tanıyanlarına, dostlarına, Rəssamlıq Akademiyasına bir hədiyyədir, eyni zamanda bütövlükdə Azərbaycana böyük bir ərməğandır. Üç dildə çap olunan bu kitabı mən özümlə Avropadakı konfranslara aparacağam. Qoy görsünlər, Azərbaycan nələrə məruz qalıb. Samir haqqındakı bu kitab hələ uzun illər yaşayacaq, vərəqlənəcək. Mən Xalq banka indiyə qədər bu qəbildə keçirdiyi bütün layihələrə görə təşəkkür edirəm. Bu layihələrin hər biri, istər ayrı-ayrı rəssamlar haqqında nəşr edilən nəfis albomlar, eləcə də bu gün şəhidimiz Samir haqqında tam təsəvvür yaradan, onun yaradıcılığının salnaməsinə çevrilən bu kitab Xalq bankın millətimizə ən gözəl hədiyyəsidir, ərməğanıdır”. 


Öndə gedən əsgər...


Müdafiə Nazirliyinin təmsilçisi Faiq Qəribov: - Mən bir hərbçi kimi yox bu ailəni tanıyan biri kimi onun danışmaq istəyirəm. Samiri görməmişəm, sadəcə telefon əlaqəmiz olub. 2016 ilin yanvar ayında mən bizim ordakı nümayəndəmizdən bizi onunla danışdırmasını xahiş etdim, Samir isə atasına irad tutdu ki, mənə heç kim zəng vurmasın. Mən əsl Azərbaycan oğlu kimi öz xidmətimi özüm başa vuracağam. Qürurlu əsgər idi. 34 ildir hərbi xidmətdəyəm amma eşidəndə ki, o şəhid olub, böyük bir zərbə aldım. Onun zabit yoldaşları Samirin bütün döyüş əməliyyatında öndə gedən əsgər olduğunu dedilər. Vətən uğrunda canını verən bütün şəhidlərimiz qiymətləndirilib. Eləcə də Samir Kaçayevin “İgidliyə görə” medalı Şamaxı rayonunda valideynlərinə təqdim olunub. Ot kökü üstə bitər, Samirin qəhrəmanlığı ailədən gəlir. Əgər şəhid olmasaydı öz həyatını yenə də millətinə həsr edən bir yaradıcı adam olacaqdı. Samir gənclərimizə örnəkdir, onlar Samirin yarımçıq qalan arzularını həyata keçirəcəklər. Mən bayaqdan Samiri burda görürəm, onun ruhu burdadır. Bu tədbirin silsilə olmasını arzu edirəm. Azərbaycanın mərd, igid, fədakar oğullarını bu tədbirlər vasitəsilə xalqa yenidən təqdim etsinlər. Bu addımı bütün təşkilatlar örnək almalıdır. Aprel döyüşləri bizə sübut etdi ki, torpaqlarımızı qaytaracağıq. Bu şəhidlərin qanını yerdə qoymayacağıq. Hər şəhidin qisası alınacaq. Azərbaycanın yaddaş kitabında Samir kimi insanların adı əsgər kimi qalacaq.”


Nigar İSFƏNDİYAR

 

 

 

 

 

 

 

 

 

21.12.2016 12:00 / Baxılıb: 1254 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.08.2017
23.08.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo