Nolar, İlahi...

“Sibirin soyuğu, içim üşüyür... dost yox, tanış yox... Kənddə olanda ağlıma gəlməyənlərin hamısından ötrü burnumun ucu göynəyir. Təsəvvür elə “səy ...”dan ötrü belə darıxmışam. İznə çıxmışam, gedəsi yerimmi var, Sibirin küçələrində dolaşıram. Bax mən o anı ömrüm boyu yadımdan çıxartmayacam.

Təsəvvür elə, uzaq Sibirdə, soyuqdan için buz tutub və küçə radiosunda “Qaragilə” mahnısı səslənir. Di öl, o “stolba”nın altında, hönkürə-hönkürə ağla, kənddə olanda muğama lağ eləyən, diskotekadan ötrü ürəyi gedən sən indi qara giləndən yaş tökürsən. Qadan alım ay Vətən, başına dönüm ay Vətən, mənim səndən uzaqda nə ölümüm var, axı?”


Kəndimizin özündən deyən oğlanlarından birinin etirafıydı bu, uşaqlıqdan ağlımda qalmışdı. O evində yeməyin içindən soğanı seçdirib əsgərlikdə soğanı alma kimi dişinə çəkən oğlanlar var ha, bax onlardanıydı. Toylarda segah yerinə “çyornıye glaza” oxudan, evində anasına diklənib toyda “anam mənim”ə şıdırğı oynayan...

Əsgərlikdə başına gələn bu əhvalatı danışıb o anı yenidən yaşayırdı və deyirdi ki, bu milli musiqilər adamın ürəyinin ən dərin yerindədir, qəfildən üzə çıxır”.

Heç bilmirəm hardan yadıma düşdü, bu səhər. Yəqin ayın və günün əlamətdarlığındandır. Axı, dekabr həm də Azərbaycan musiqisinin əvəzolunmaz səsi Rəşid bəyi bizə bəxş edib. Bir əsr bundan əvvəl doğulan sənətkar mənim yaddaşımda “Lalələr”ilə iz qoyub. Mahnının yaranma səbəblərini öyrənəndən sonra ikiqat sevmişəm onu. Sovet dövründə qısılan səsimizi dünyaya çatdıra bilən nadir adamlardandı və sözün əsl mənasında bizim uşaqlığımızın qəhrəmanıydı, Rəşid bəy. O zirvə üçün doğulmuşdu, mənə elə gəlir,  Azərbaycan var olduqca da o zirvədə qalacaq.

Nə təsadüfdür ki, Azərbaycan ədəbiyyatının yaşayan əfsanəsi Ramiz Rövşən də ad gününü qeyd edir, bu gün. Günahın daşda deyil, daş atanda olduğunu deyən şair ömrünün 70 ilini geridə qoyur. Əli qələm tutan, tutmayan hər kəsin ən az bir şeirini əzbər bildiyi Ramiz bəylə vaxtilə gözəl bir söhbətimiz olmuşdu, oxucularımız üçün və mən ikinci dəfə də şeirin əslində şairini necə aşdığına şahid olmuşdum. “Şair ocaqdı demişdi, istisinə yığılırlar”. Bir də komputer çıxandan bəri şairlərin əlyazmalarının arasında “eşələnmə”diklərindən bəhs etmişdi. “Şair olan yaxşı bilir, bunun ləzzətini”. 

Sözün düzü, səhəri Rəşid bəyin əlahiddə musiqiləri ilə başlayıb, bu yazını da o əhvalla bitirmək istəyirdim amma mən saydığımı saydım, fələk də öz bildiyini...

On can itkin düşdü bu gün. Xəzər dənizində estakada uçdu və on oğul yenə Xəzərin sularında qeyb oldu. 

Axşama nə olacaq, bilmirəm, fələk yenə məmləkətin qaşını çatdı. Kəsdiyi başdan sual olunmaz amma əlimiz Allahdadır, gözümüz Xəzərdə...

Nolar o sulardan ölüm xəbəri gəlməsin!

Nolar, İlahi... 

Biz axı Səni sevirik...

Bizi sevginə bağışla!


Nigar İSFƏNDİYAR

15.12.2016 17:32 / Baxılıb: 411 / Çap
 
    Bu bölmədə
    15.03.2017
    Anar haqqı
     Xəbər lenti
    26.03.2017
    25.03.2017
    24.03.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo