Bağ evində bir gün

Bizi əhatə edən hər şey canlıdır – bu, həyat həqiqətidir



Bu yay, bazar günlərindən birində həyat yoldaşımla həmişə olduğu kimi, Novxanıdakı bağ evinə yollandıq. Orada vəziyyətin nə yerdə olduğunu öyrənmək və eyni zamanda bir qədər də təmiz dəniz havası almaq istəyirdik. Yolda adətən olduğu kimi, kabab üçün ət almaq qərarına gəldik. Göyərti, yumurta, meyvə-tərəvəz və təbii ki, ət satılan kiçik bir dükana bənzər satış yerinin yanında dayandıq. Mal cəsədi təzə qoyun əti ilə yanaşı asılmışdı. Təxminən bir metr aralıda qızılı rəngli buzov durub sakitcə gövşəyir və uzun olmayan quyruğu ilə milçəklərlə mübarizə aparırdı. Əti seçməmişdən əvvəl yersiz bir cümlə işlətdim: “Yazıq heyvan, heç ağlına belə gətirmir ki, cəmisi bir saatlıq ömrü qalıb”. Sözlərim həyat yoldaşımın kefini pozdu və o, tərəddüd etmədən kababdan vaz keçdi. Onun baxışında eyni vaxtda çox şey görmək olardı: buzova qarşı mərhəmət, qəssaba qarşı qəzəb, mənə qarşı isə məzəmmət. O, bağ evinə getməyi xahiş edərək yavaşca dedi: “Yumurta ilə pomidor yeyərik”.

Mən ehtiyatsız davrandığımı anladım və dərhal bu təkliflə razılaşdım. Əlbəttə ki, ət almadıq. Yolda heç bir müzakirə etmədən bağ evinə çatdıq, yükü boşaldıb, samovarı işə saldım. Bu dəfə nədənsə keçən ildən qalmış odun qırıntıları çox tez alışdı və daha çox hönkürtüyə bənzər qəribə səslər çıxarmağa başladı. Yenə hisslərim məni aldatdı və mən ikinci dəfə fikirləşmədən dedim: “Bədbəxt odun parçaları, indiyə kimi susurdular, indi isə, sonun yaxınlaşdığını hiss edən kimi, xorla keçmiş xoşbəxt həyatları haqqında vida nəğmələrini ifa edirlər”. Həyat yoldaşımın baxışında mənə aydın olmayan nə isə hiss etdim, o, məni başdan-ayağa sezdi və acıqlı halda soruşdu: “Biz, ümumiyyətlə, bağa niyə gəlmişik? Sən mənim bütün əhvalımı korladın. Kababı ləğv elədik, indi isə adam çay da içmək istəmir!”

Düşünürəm ki, o, tamamilə haqlı idi. Heyvanların, bitkilərin taleyi barədə fikirlərimi dilə gətirmək, ümumiyyətlə, nəyimə gərək idi? Şüurum harada veyllənir? Nə üçün o, gözlənilmədən bu gün “istirahət” elan edib, heç cür ağlın köməyinə gəlmir? Mən isə ağlıma gələni demək məcburiyyətindəydim...

Geniş budaqları olan yaşlı tut ağacının – mən onu bağdakı bütün ağacların “ağsaqqalı” adlandırıram – altındakı yelləncəkdə oturdum və fikrə getdim... İlahinin yaratdıqları arasında nə qədər böyük fərq var! Heyvanlar və insanlar fiziki ölümdən sonra sürətlə parçalanır və məhv olurlar. Ağac və bitkilər isə həyatdan necə də möhkəm yapışırlar! Uzun müddət ölümə təslim olmaq istəmirlər. Görünür, Allah öz mələklərini heyvan və bitkilərin həyatını almaq üçün göndərmir.

Yəqin ki, ölüm mələyi Əzrail yalnız insanlara “xidmət göstərir”. Qalanları isə, ümumiyyətlə, hesaba alınmır. Onların taleyini “şüurlu” insan həll edir. Ağaca gəlincə, burada vəziyyət bir qədər başqadır – gövdəni kökdən ayırırsan, o, daha quru və möhkəm olur, sanki insan ədalətsizliyinə qarşı özünəməxsus şəkildə etiraz edir. Lakin ondan üz döndərmir, əksinə, kürsü, stol və stul, çarpayı və ya şkaf qismində ona xidmət edir. Köklərindən qoparılmış ağacın ömrü bəzən əvvəlkindən uzun olur. Buxarı, tonqal və ya samovara düşəndə isə onun ölümqabağı fəryadı, etirazları başlayır, ağac çırtıltı və fışıltı şəklində səslər çıxarır. Yəqin, bu onlar üçün bir növ “cəhənnəm odunda yanmaq” hökmünün icrasına bənzəyir.

Görəsən, biz dəmi nə vaxtsa bu cür əzab-əziyyətlərin acısını çəkməli olacağıq? Ağac üçün cənnət, yəqin ki, hansı tərzdə olursa-olsun, insana nəhayətsiz xidmət sayılır. İnsan onu oda atmaq qərarına gələn kimi isə inciklik, stress və özünə bəraət fikirləri ortaya çıxır, etirazlar başlayır. Bəlkə də müdriklərin dedikləri kimi, ölümqabağı “monoloq-mahnı” məhz elə budur: “Mən sənin üçün hətta cəhənnəm odunda da yana bilərəm, İnsan! Bu mənim sədaqətliliyimin daha bir sübutu olar – nəyim varsa, hamısını verirəm. Mütiliklə və qüsursuz xidmət etmiş, heç bir sözündən çıxmamışam, sən mənimlə istədiyini etmisən. Deməli, bütün bunlar sənin üçün az imiş kimi, məni yandırmaqla imtahana çəkirsən. Pis, çürük ağaclara dəymirsən, məni, hər cür xidmətə hazır olanı isə birbaşa tonqala atırsan. Nə deyim, necə bilirsən, elə də et. Mənim bir həyatım var, onu da sənə verirəm, İnsan! İndi sən mənim külümü başqa ağaclara verə bilərsən və hətta onda da mən sənə gizli şəkildə xidmət edəcəyəm. Hələ canlı olan ağaca sənə xeyir vermək, faydalı olmaq üçün kömək göstərəcəyəm. Düşünmə ki, ağac olduğum üçün heç nəyi anlamır və sənə heç nəyi başa sala bilmirəm. Səndən fərqli olaraq, İnsan, mən dostlarıma, yaxınlarıma xəyanət etmirəm! Mənim ömürlük vəzifəm Yaradanın şüurlu məxluquna – yer üzünün xəlifəsinə xidmət etməkdir. O bizim müqəddəratımızı bu cür ədalətsiz şəkildə həll edərək, hətta bəşəriyyətə göndərdiyi müqəddəs Quranda da bunu yazılı şəkildə təsdiq edir: biz – bitkilər və yer üzündəki hər şey sənin üçün – Onun Şah əsəri üçün yaradılmışıq. Hər nə olursa olsun, hərənin öz taleyi, sevinci və kədəri var. Belə olub, belədir, yəqin ki, belə də olacaqdır!...”

Yelləncəkdə nə qədər oturduğumu bilmirəm, ancaq başımdakı kimi mədəmdə də boşluq hiss etdim. Sonuncusu üstün gəldi. Ayağa qalxdım, yumurta və pomidor yemək üçün mətbəxə yollandım və yumurtanın taleyi haqqında... bu yumurtadan necə gözəl, sarı bir cücənin çıxa biləcəyi barədə düşünməmək qərarına gəldim. İndi isə o, pomidor və yağla birlikdə mənim aclığımı, qəssablıq və ya ağackəsənlik... həvəsimi söndürməli idi.

Artıq bir neçə aydır ki, mən ət, yumurta yemir və samovar çayı içmirəm. Buzov, samovar və yumurta – İlahinin yaratdığı gözəl üçlük...

Bağ evindəki daha bir günümüz də bax belə başa çatdı...

Mən bir şeydə əminlik hasil etdim. Yarım gün ərzində üç dəfə, hətta heyvan və bitkilərin taleyi haqqında belə həqiqəti söyləmək olduqca çoxdur. Belə çıxır ki, həm özümün, həm də bütün ailəmin əhval-ruhiyyəsini korlamaq üçün bir həqiqət səsləndirmək belə kifayət edərmiş. Görünür, həqiqət insanın həyatında müstəsna hal olmalıdır. Tarix təsdiq edir ki, onunla “dostluq” adətən yaxşı nəticə vermir. Çünki digər varlıqlar haqqında ali həqiqət sənə bəlli olmaya da bilər. O, ən azından, səninki ilə ziddiyyət təşkil edə bilər. Mən isə hər zaman hesab edirdim ki, həyat həqiqəti hamı – həm Allah, həm də Onun bəndələri üçün bir olmalıdır.


Rafiq Əliyev,
fəlsəfə elmləri doktoru, professor

5.12.2016 09:25 / Baxılıb: 939 / Çap
 
Bu bölmədə
1.12.2017
Muzeydə dərs
 Xəbər lenti
11.12.2017
10.12.2017
9.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo