Elçin Mirzəbəyli: "Tanrıya aşiqəm..."

“Məni əzən Vətən deyil, Vətən olmaq istəməyən torpaq parçaları və vətəndaş ola bilməyən daş qırıntılarıdır”.



Evin çardağına çıxıb mahnı oxuyurdu bir uşaq:


Qalx ayağa millət,

Boğmasınlar səsimizi,

Bir bayraq altında,

Birləşdir bizi!


Sonuncu cümləni hikkəylə çığıran uşağı atası yanına çağırıb “sən nə gözəl oxuyursan” dedi. Uşaq təəccüblə “ata, səsim gözəldimi” deyə gözlərini bərəltdi, atası gülümsəyib uşağı sinəsinə sıxdı “yox, qızım oxuduğun sözlər gözəldi. Biz o günü mütləq görəcəyik!”

Üstündən illər keçib, o  millət hələ də o bayraq altında birləşmək üşün mübarizə aparır, əzmindən, iradəsindən vaz keçmir. O marş müstəqil Azərbaycanın tribunalarından səslənir və o uşaq indi o sözlərin müəllifindən müsahibə alır. 

Siz də buyurun illərin süzgəcindən keçib gələn və gecikən söhbətimizə.



- Salam əziz qardaş, müsahibəmizə xoş gəlmisiniz …


- Salam, əziz bacım. Çox sağ ol. Amma deyəsən mən yox müsahibə gəlib bizə. Həm də yolu  yaman  uzaq  imiş (gülür).


- Hə, qardaş, bir az elə oldu. Məncə bu günahımızdan yubileyin şərəfinə keçmək olar. Təbriklərimizi qəbul edin. "Xalqın cəbhəsi"ndə nə var, nə yox? 


- Hər zaman olduğu kimi... Xalqın mətbuatdakı cəbhəsi funksiyasını yerinə yetirməyə çalışır “Xalq Cəbhəsi”. Millətin cəbhələşməməsi üçün səngərləri uçurur. Təşəkkür edirəm! Var olun.


- Mən bütün xəbər aparatlarına Qarabağı alana qədər sadəcə və sadəcə Qələbə xəbəri verməyi arzu edirəm, eləcə də sizə. Bizim KİVDF-nin bütün yazı müsabiqələrinin mövzusu Qələbədən olsun və hamı qalib elan edilsin!  Necə düşünürsünüz, biz o günə hazırıqmı? 


- İnşallah! Ən böyük arzumuz da elə budur. Biz qəribə millətik vallah, hətta ümidimizi itirəndə də arzularımızı yoğurub yeni-yeni ümidlər yapa bilirik. Millət olaraq hazırıq o günə. Qələbə də elə o günə hazır olanların olacaq.


- "Mən də sənin balanıydım, məni unudan məmləkət" deyir çox sevdiyim şairin biri, sizsə "ölsün mənim kimi balan, məmləkət" deyirsiz. Biz günahkarıqmı? Və niyə?! Nədir,  bu şairləri,  SÖZ adamlarını belə əzən? Və yaxud biz Vətəndən nə istəyirik?


- 25 il öncə yazmışam “Salam, məmləkət” şeirini. Kimsəni ittiham edə bilmərəm. Vətəndən nə istəyə bilərik ki?! Vətən sənsən, mənəm... Başqalarını bilmirəm, məni əzən Vətən deyil, Vətən olmaq istəməyən torpaq parçaları və vətəndaş ola bilməyən daş qırıntılarıdı... Bizi öz ağırlığımız əzir. Hər kəs düşüncəsindəki, ürəyindəki yükün ağırlığı altına əyilib bir az. Yük artıqca əyrilik də artır... Toplum olaraq sizifləşirik, bacı. Bacarsan, adamların sıx olduğu yerlərdən siluet kimi ötüb keç... Nə qədər neqativ var... Hər bir növbətçi təbəssümün arxasında əzab gizlənir. İnsanlar hüzur axtarır, amma tapa bilmirlər. Aqressiya, qəzəb, kin sökür içimizi. Uğursuzluqlarımızın qisasını ətrafımızdan almağa çalışırıq. Biz Vətəni hər kəsin demirəm, çoxğluğun rahat yaşayacağı bir yerə çevirə bilsək, əzilməyəcəyik. Başqalarının haqqımızda nə deyəcəyinə önəm vermədən ən yüksək qiymətləndirməni öz sözümüzdə və öz gözümüzdə tapanda əzilməyəcəyik. Yaratdığımız, qurduğumuz hər şeyin başqalarının “nə gözəldir” deməsi üçün deyil, özümüz üçün, övladlarımız üçün qurub yaradanda əzilməyəcəyik. Bir millət olaraq natamamlıq komplekslərimizdən qurtulanda, öz gücümüzə, potensialımıza güvənəndə, dilimizin dünyanın ən gözəl dili olduğunu dərk edəndə və bu dildə danışmaqdan zövq alanda, milli kimliyimizlə qürur duyanda əzilməyəcəyik. O zaman nə Vətən bizi əzəcək, nə də biz Vətəni...


- Dualar Tanrıya çatmırmı? Axı Tanrı yuxarıda deyil, könüldədir. Elə isə Tanrı  niyə  baş verənlərə səssiz qalır? Ya da əksinə...


- Biz Tanrını könlümüzdən çıxarıb başımızın üzərinə qaldırmışıq və bütləşdirmişik. Büt isə ruhsuz bir cisimdir, nə bilir dua nədir, mərhəmət nədir... Könlümüzdən çıxardığımız Tanrının səsini necə eşidə bilərik. Könlümüzdəki Tanrı bizim vicdanımızdır axı... Tanrı vicdanın dili ilə pozurdu  səssizliyi.  Vicdan yoxdursa Tanrı da yoxdur və ya əksinə...


- Bir siyasətçinin ədəbiyyatda, ya da bir şairin siyasətdə nə işi var?

 

- Şairlik peşə deyil, Allah vergisidir. O üzdən Tanrının mənə təmənnasız lütf etdiyini təmənnasız olaraq paylaşıram. Yəni ədəbiyyatla həyatımı təmin etmirəm. Siyasət, siyasi təhlil isə gündəlik işimdir. Oxşar sorğunu başqa peşə sahiblərinə də ünvanlamaq olar. Məsələn, bir mühəndisin, həkimin siyasətdə, yaxud ədəbiyyatda nə işi var? Azərbaycanda ədəbiyyat adamları haqqında qeyri-ciddi bir obraz formalaşdırılıb. Bunun bir ucu gedib sovet dövrünə çıxır. O zaman ədəbiyyat adamları kifayət qədər populyar idilər. Sözün təsir imkanları indikindən daha çox idi. O üzdən rejim istedadlı insanları əyyaşa cevirir, onların özlərinin də, sözlərinin də qeyri-ciddi qəbul olunmasına çalışırdı. Amma istisnalar da olurdu. Soljenitsin də ədəbiyyat adamı idi, lakin bütün SSRİ-ni silkələməyi bacardı. Belə nümunələrin sayını  artırmaq  olar.

 

- Bir az da sizin vətənpərvər marşlardan danışaq. Mən də onlarla böyüyən nəsildənəm. Niyə Elçin Mirzəbəyli o dövrdə populyarlaşa bilmədi? Ya da belə demək mümkünsə, o himnlərin getdiyi yerə müəllif də getməliydimi? O dövrdə.


- “Azadlıq” marşını və digər marşları yazdıqdan sonra bir müddət Azərbaycanda olmadım. Unuduldum. Bir az qısqanclıq da vardı, təbii ki... Bəxtiyar Vahabzadə, Tofiq Quliyev, Müsəvvər Əsgəroğlu və adlarını sadalamadığım digər xeyirxah insanlar olmasaydı, çox güman ki, haqqımı başqaları mənimsəmişdilər. Amma mən Bakıda olmadığım dönəmdə bu xeyirxah insanlar heç məni şəxsən tanımadan müəlliflik hüququmun qorunması üçün bütün hüquqi prosedurları həyata keçirdilər. Bu marşların yarandığı ana və populyarlaşdığı dövrə şahidlik edən dostlarım Vaqif, Rahim, Azər, Mübariz, Fazil Mustafa, Qorxmaz İbrahimli... haqqımı müdafiə etdilər. Təxminən 10 il bundan öncə Quzey Kıbrısda Rauf Arifoğlu, Akif Aşırlı və digər həmkarlarımla bu barədə söhbət etdik və bəlli oldu ki, hətta məni yaxından tanıyan adamlar belə yaradıcılığımdan məlumatsızdırlar. Səfərdən döndükdən sonra dəyərli həmkarlarımın dəstəyi ilə yaradıcılığımın təbliği istiqamətində müəyyən addımlar atıldı. Sağ olsunlar. Böyük iş gördülər və bəlkə də məni yenidən ədəbiyyata qaytardılar...


- EŞQə aşiqsiniz, SÖZə?  


- Tanrıya aşıqəm.


- Sizi niyə hamı çox sevir? 

 

- Əgər dediyiniz həqiqətdirsə, o zaman demək, dünyanın ən xoşbəxt adamıyam. 


- Oğul atası olmaq necə hissdir? 


- Ata olmaq gözəl hissdir. Fərqi yoxdur oğul, ya qız. Övladlarımla aramda təkcə ata-oğul münasibəti deyil, güclü bir sevgi bağı var. Biz bir-birimizi hətta uzaqdan belə hiss edə bilirik. Ən əsası odur ki, bir-birimizi yaxşı tanıyırıq, ən müxtəlif mövzularda, təbii ki, sayğı çərçivəsində bölüşməyi bacarırıq. Azərbaycana ən azı mənim qədər bağlı olan, içi sevgi dolu, dərin düşüncəli yetkin insanlardı. Bəzən gözümüzü qırpmaqla, üz cizgilərimizi xəfif  tərpətməklə  bir-birimizi başa düşürük. Allaha şükürlər olsun!


- Mənə elə gəlir ki, siz heç vaxt xanımınızdan bəhs etməmisiniz. Vaxtı gəlmədimi? 


- Bu barədə məndən soruşan olmayıb, o üzdən də bəhs etməmişəm. Nə deyə bilərəm ki? Böyük ürəkli, mərd, qürurlu, mənim və övladlarımın uğuru üçün  əlindən gələni əsirgəməyən, fədakar bir Azərbaycan qadınıdır. Hətta ona həsr etdiyim şeirləri belə gizlicə oxuyub göz yaşı tökən, məni gündəlik qayğılarla  yükləməyən... Qadın, Ana!


- Eşq olsun! Qardaş, sizin üzə çıxmayan xatirələriniz var. Bir gün onları sizinlə danışacağıq,  amma bu gün birini danışmağınızı xahiş edirəm. 


- "Azadlıq" marşı o zaman şər imperiyasının qurucusu Leninin adını daşıyan meydanda oxunurdu... Mən də o meydanda olurdum. Kürsüdən müəllifi olduğum marşı səsləndirən, kimliyini bilmədiyim kəslərə aşağıdan yuxarı baxırdım. Qorxmaz İbrahimli, Mübariz, Vaqif və digər dəyərli dostlarım bir dəfə bu ədalətsizliyə son qoymaq istədilər. Kürsüyə dəvət olundum... Və kürsünün 5 addımlığından hansısa qara-qura adamlar geriyə qaytardılar məni... Bir müddət sonra o zaman Politexnik İnstitutu adlanan, indisə Texniki Universitet kimi tanıdığımız ali təhsil ocağının qarşısında keçirilən aksiyada Qorxmaz bəy və Fazil Mustafa məni kürsüyə çıxmağa məcbur etdilər. İlk dəfə həmin gün insanlar "Azadlıq" marşının müəllifinin kim olduğunu tanıdılar. "Azadlıq" marşını oxuyaraq Texniki Universitetin  qarşısından  Azadlıq  meydanınadək  yürüdük:


Qalx ayağa millət,

Boğmasınlar səsimizi! 

Bir bayraq altında,

Birləşdir bizi!


-  O  günü tezliklə görmək diləyilə demək istədiyiniz nələr qaldı?


- Bir sabah geri qayıdacaq, dünyanın bütün rəngləri,

 Və bir sabah,

Tanrı utanacaq göz yaşlarından…


- Təşəkkür edirəm!


Nigar İSFƏNDİYAR


1.12.2016 12:26 / Baxılıb: 796 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.02.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo