Ermənilərin Bakıya gəlişləri İrəvanın stereotiplərini dağıtdı

"Ermənilərin Bakıya gəlişləri İrəvanın stereotiplərini dağıtdı”. Bu fikirləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Kaspi”yə açıqlamasında bildirib. 

O, qeyd edib ki, Ermənistanın hazırkı və keçmiş 3 vətəndaşı - Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan, yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və "Meridian" Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyanın Bakıya gələrək Qarabağ mövzusunda təşkil olunan konfransda iştirak etməsi xüsusi əhəmiyyətə malikdir: "Əvvəla, hər üç erməni Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dedi. Onlar Dağlıq Qarabağın Azərbaycan tərkibində ən yüksək muxtariyyət statusuna razı olduqlarını dedilər. Bu Azərbaycan prezident İlham Əliyevin Rusiyanın "Sputnik” agentliyinə verdiyi son müsahibədə "Dağlıq Qarabağa muxtar respublika statusu verilə bilər” fikri ilə də üst-üstə düşür. İkincisi, Bakıya gələn ermənilər Xocalı soyqırımı abidəsini ziyarət etdilər. Bu Ermənistan hərbi hissələrinin yerli separatçılarla birgə Azərbaycan ərazisində soyqırımı törətməsinin etirafı idi. Üçüncüsü, Bakıdakı konfransda iştirak edən ermənilər prezident Serj Sərkisyanın Ermənistanı uçuruma apardıqlarını və bu şəxsin dövlət başçısı olduğu müddətdə ölkələrinin vəziyyətinin daha da ağırlaşacağını bildirdilər”.

 

"3 erməni fəalın Bakıya gələrək konfransda çıxış etməsi Ermənistan siyasi dairələrində şok effekti yaradıb"


Politoloqun fikrincə, erməni fəalların iştirakı ilə Bakıda keçirilən konfrans Azərbaycanın uğurlu piar-gedişidir: "Ermənilərin Bakıya dəvət edilərək fikirlərini sərbəst bildirmələri Ermənistan hakimiyyətinin illərdir apardığı "azərbaycanlılar bütün ermənilərə nifrət edirlər, ona görə də iki xalqın Qarabağda birgə yaşayışı mümkün deyil” təbliğatını als-üst etdi. Azərbaycanlılar bütün ermənilərə nifrət etmirlər. Azərbaycanlılar Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycan tərkibində varlığını qəbul edən, o cümlədən Xocalıda soyqırımının baş verdiyini etiraf edən ermənilərlə ünsiyyət qurmağa və onları Bakıya dəvət edib müxtəlif konfranslarda iştirak etməsinə şərait yaratmağa hazırdırlar. 3 erməni fəalın Bakıya gələrək konfransda çıxış etmələri İrəvana o dərəcədə təsir edib ki, Ermənistanın heç bir mediası bu haqda xəbər yaymayıb. Məsələ burasındadır ki, ermənilərin Bakıya gələrək "Dağlıq Qarabağ əvvəllər olduğu kimi Azərbaycanın tərkibində olmalıdır və bununla iki dövlət normal münasibətlər qurmalıdırlar” demələri, Ermənistanın siyasi dairələrində şok effekti yaradıb. Çünki, Ermənistan hakimiyyəti artıq qorxmağa başlayacaq ki, Ermənistanda Bakıya gələn ermənilər kimi düşünənlər az deyil və onlar da gələcəkdə Bakıya gələn ermənilərə qoşula bilərlər. Ermənistanda başqa ermənilər də var ki, Dağlıq Qarabağın Azərbaycan tərkibində varlığını mümkün sayırlar, sadəcə repressiyaya uğrayacaqlarından bunu açıq deməyə qorxular: "Bunun əksi mümkün deyil. Azərbaycanın hətta hakimiyyətə qarşı ən qatı müxalif olan fəalı İrəvana gedib "Dağlıq Qarabağ müstəqil və ya Ermənistana aid olmalıdır” deməz”.

 

"Azərbaycanla müharibə şəratində yaşamaq Ermənistanı uçuruma aparır" 


E.Şahinoğlu bildirib ki, rəsmi Bakının bu siyasəti genişləndirməsinə ehtiyac var. Onun sözlərinə görə, Ermənistanda Sərkisyana qatı müxalif olan fəallar çoxdur və Dağlıq Qarabağın Ermənistana yük olduğunu dərk edən həmin fəallarla da dialoq qurmağa ehtiyac var: "Doğrudur, onlar Dağlıq Qarabağla bağlı qəti fikir söyləməkdə çətinlik çəkirlər, ancaq onlar da bilirlər ki, Azərbaycanla müharibə şəratində yaşamaq Ermənistanı uçuruma aparır”.

 

"Azərbaycan heç bir halda Dağlıq Qarabağın "müstəqilliyinə” seyrçi qalmayacaq"


Politoloq onu da əlavə edib ki, Bakıya gələn ermənilərin açıqlamaları beynəlxalq aləmə və həmsədr dövlətlərə də ciddi mesajdır: "Bu hadisə həmsədrlər üçün ciddi mesajdır ki, Dağlıq Qarabağda yaşayan ermənilər separatçıların hərbi-siyasi təzyiqi altında olmasalar onlar Azərbaycanın tərkibində yaşamağa hazırdırlar. Çünki onlar anlayırlar ki, daima Azərbaycanla müharibə qorxusu altında yaşamaq olmaz. Bütün hallarda onlar bu müharibədə qalib olmayacaqlar, Azərbaycan isə heç bir halda Dağlıq Qarabağın "müstəqilliyinə” seyrçi qalmayacaq. Digər tərəfdən hazırkı şərtlər daxilində Dağlıq Qarabağda referendum keçirmək qeyri-mümkündür. Çünki, separatçıların nəzarəti altında keçirilən referendumda ermənilərin sərbəst fikir bildirmələri onların həyatı üçün risklidir. Məhz bu riskə görə Bakıdakı konfransda iştirak edən 3 ermənidən ikisi fikirlərini sərbəst bildirdiklərinə görə Ermənistan hakimiyyətinin təzyiqi ilə üzləşmiş və xaricdə sığınacaq almışlar”. 

10.11.2016 13:24 / Baxılıb: 185 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo