Mavi bayrağın nağılı....

Gedin buludlar gedin,
Yarimə xəbər  edin,
Yarim uyğuda isə,
Uyğusun haram edin...

 


Çölün ortasında bayatı çağırırdı qadının biri. Yolunmuş saçlarının ağı barmaqlarının arasından süzülürdü. Yorulmuşdu, ağı deyirdi qadın. Qarşısında boylu-boyuna uzanmış sarı gəlinin ağca yerlərindən qan damırdı... can verirdi deyəsən.
Əlləri açılaydı, kimisə boğmağa açılmışdı ya da...

Kimisə boğmuşdu! Gözlərində rahatlamış bir ifadə vardı. (Müharibənin yazılmamış qanunlarından biridir oğlu itkin düşənlərlə şəhid olanların arasındakı fərq... Şəhid anası oğlunun meyitini basdıracaq bir tikə torpağı olduğu üçün Allaha şükür edir, itkin anası dünyanı gəzsə tapmayacağı oğlu üçün nigaran yaşayır ömrünü...)

Bu qadında oğlunu torpağa qoyan ananın sevinci vardı. Örpəyini yellər aparmışdı, saçlarını külək oxşayırdı. Dəhşətlə başının hayına qalmışdı, saçları açıqdı axı, bir görən olardı...
Rüzgarın da insafı yoxdu, fəryadı qulaq batırırdı... 
Bomboz, adamsız çöldə nə işi vardı ki?

Gözündəki yaş da qurumuşdu. Son bir heylə yerindən qalxıb vurnuxmağa başladı. Küləyin gətirdikləri sifətinə çırpılırdı.

Uzaqdan, lap uzaqdan yamyaşıl bir kölgə yürüyürdü ona tərəf. Yaxınlaşdıqca addım səsləri eşidilirdi. Sanki Tanrı ilə aralarında bir niqab da vardı, başları üstündəkini yerə düşməyə qoymurdular. Hərəsi bir kənarından yapışıb boyları bərabərində saxlamışdı.

Göylərin də rəngi durulmuşdu. Qadın gözlərini yumdu, indi bax elə bu an bu gələnlər arxasında saxladığı qəbahətin nə olduğunu görəcəkdilər, ayıbı çölə töküləcəkdi, axı demişdilər ona bir qadının ayıbını yalnız kəfən örtər deyə. Bəlkə gətirdikləri kəfəndi? Onu da büküb tullasınlar bu çöllüyə, heç olmasa Günəşi görməsin. Onsuz da torpaq götürməyəcək. Qeyri-ixtiyarı kirpiklərini sıxıb yerə çökdü. Buludlar maviləşdi, bəbəkləri qan çanağına döndü, qolları yamyaşıl oldu. Sıxdıqca sıxdı, qanı çıxasıca əllərini...
Və bayıldı.

Özünə gələndə torpaqda olan sadəcə ayaqlarıydı, Günəş bərq vururdu, külək durmuşdu. Qarşısındakı ağca maya sapasağlamıydı sarı kəlağayısının altından hörükləri görünürdü...
Örpəyi...

Örpəyinə nə olmuşdu? Almışdılarmı başından? Allah mənə ölüm ver, abrım getdi. Başını qaldırıb baxdı göyün üzünə....
Baxdı, baxdı...

Qanından, imanından və hürriyyətindən rəng alan örpəyi bomboz, boş çölün üzərində dalğalanırdı! Çöl də boş deyildi əslində, bütün ətrafı yurd yeriydi.

Adı Azərbaycandı qadının...
Qarabağ deyirdilər sarı gəlinə...
Əsgərdi gələn.
Gətirən bayrağı...

Bir məmləkətin başı üzərində Ana örpəyi varsa o məmləkət ölüm yoxdu!
İllər əvvəl Göy üzünə belə ucalmışdı o bayraq.
İllərdən əvvəl, günlərdən bu gün, üzü Tanrıya bir şair əli qoynunda şeir yazırdı o bayrağa:

And olsun!
And olsun!
Masmavi göy üzü altında,
Qıpqırmızı qanımla suvardığım,
Yamyaşıl məmləkətin adına!


Və bir türkü səsi gəlirdi uzaqlardan:


Saçın ucun hörməzlər,
Gülü Sulu dərməzlər,
Sarı gəlin...

 

Nigar İsfəndiyar

9.11.2016 16:16 / Baxılıb: 625 / Çap
 
    Bu bölmədə
    15.03.2017
    Anar haqqı
     Xəbər lenti
    26.04.2017
    25.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo