Yollar bizi ayıra bilməz

II yazı 

FETO məsələsini ortaya yeni mövzu ataraq unutdurmağa çalışan bu təşkilatın media təmsilçiləri öncə Türkiyənin çevriliş cəhdindən sonra atdığı bütün addımların eynisini atan və prezidentimizlə ilə eyni hərəkət edən Azərbaycanı, hətta daha irəli gedərək rəhmətlik Heydər Əliyevi hədəfə alıb iftira dolu çıxışlar etdilər. İşin ilginc tərəfi odur ki, bu yazıları jurnalist həmkarlarına lobbiçilik edərək yazdıranlar dünənə qədər FETO-nun himayədarlığını edirdi. Azərbaycan prezidenti və ailəsini xoca əfəndilərinə şikayət edir, Azərbaycan əleyhinə kiçik miqyaslı etiraz mitinqləri etdirirdilər. İndi 180 dərəcə fərqli tərəfdə varlıq göstərməkdə, U dönüşü etməkdədirlər.

Daha dəhşətlisi, Türkiyə ilə münasibətlərinə 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyəti dövründən etibarən Məhəmməd Əmin Rəsulzadə, 1990-cı ildən sonra Heydər Əliyev və hazırda İlham Əliyev tərəfindən qərarlı bir şəkildə qonşu dövlətlərə rəğmən, yalnız soydaşlıq xarakterindən baxan, iki ölkə arasındakı bütün könül və əməkdaşlıqda tək bu perspektivi əsas tutan Azərbaycanı təkidlə məzhəb əsaslı bir prosesə itələmə səyi göstərənlər kimə xidmət edirlər? Qonşumuzda oynanılan futbol matçlarında 70-80 min Təbrizin "Traktor” futbol komandası tərəfdarının stadionu bəzəyən türk bayraqlı sevincini yaradan gəncliyin bu lazımsız məzhəb davasından mənfi təsirlənə biləcəyi düşünüldümü? Yoxsa bunu o gəncliyin üz tutduğu Türkiyəyə kürək çevirməsini arzu etdiyiniz üçün edirsiniz? İçində olduğumuz vəziyyət Türkiyənin davamlılığı üçün hamımızın birləşməsini zəruri etdiyi halda, niyə ayırma edirsiniz?

Hörmətli prezidentimiz bir QHT ilə görüşündə "15 iyulda tək qaldım, yanımda yalnız millət var idi” dedi. Son dövrlərdə lazımsız şiə mübahisələrini qızışdıran "siyasətçi və jurnalistləri" görəndə millətin liderinin arxasında birləşməsindən narahat olanların ayrılıq yaratmaq istədiklərinə bir daha şahid oldum, amma bacara bilməyəcəklər.

Türkiyənin bu günündə məzhəb müzakirələrinin gündəmə gəlməsinin ölkənin tam ortasına buraxılan fitili çəkilmiş bomba demək olduğunu bu ölkənin çörəyini yeyən, havasını udan hamı bilir. Çevriliş təşəbbüsündə müvəffəqiyyətsiz olanların fikrə zərbələrdən mədət umduğunu görməkdəyik, amma biz bu filmi daha əvvəl izləmişik.

Azərbaycan prezidenti son İstanbul çıxışında dünyanın gözü önündə "Bu, Türkiyəyə il ərzində 8-ci səfərimdir və biz ölkə olaraq, millət olaraq həmişə birlikdə olacağıq" dedi.

Türkiyə prezidenti hörmətli Ərdoğan iki ölkə ilə əlaqədar ona verilən sualı qoluna möhkəmcə girdiyi hörmətli Əliyevi işarə edərək "qardaşım cavablandırsın, o mənim hisslərimi də ifadə edir" dedi.

Yəni həm Azərbaycan, həm də Türkiyə xalq olaraq da, dövlət olaraq da tarix boyunca olduğu kimi bir olduqlarını və bir olacaqlarını, diri olacaqlarını təsdiq etmiş ölkələrdir. Bütün dünyanın bildiyi bu birlik və ayrılmazlıq Avroviziya mahnı müsabiqəsində belə, qərbli dövlətlərin ironiya ilə "bəli, Türkiyə ilə Azərbaycan bizi təəccübləndirmədi, 12 xalı bir-birlərinə verdilər" deyərək narahatlıqlarını dilə gətirdikləri bir həqiqətdir. Bu bağlılıqdan narahat olanların məzhəb fəaliyyətlərini artırma səylərinə inad küçədəki xalqlar da, dövlətlərdəki başlar da "dünyada bizə ən yaxın ölkə hansıdır” sualı veriləndə Azərbaycanda Türkiyə, Türkiyədə Azərbaycan cavabını verirlər.

16 il əvvəl yazdığım və Azərbaycan Təhsil Nazirliyinin 1 may 2000-ci il tarixli qərarına istinadən ali məktəblər üçün dərs kitabı olaraq oxunulması tövsiyə edilən "XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı münasibətləri Türkiyə mənbələrində" adlı kitabımın 148-ci səhifəsində belə bir paraqraf var: "Səfəvi-Osmanlı münasibətlərində sünni-şiə fitnəsini əsas faktor olaraq təqdim edən araşdırmaçıdan daha çox qızışdırıcı kimi hadisələri incələyən bəzi tarixçilərə "kiçik" bir tarixi həqiqəti xatırlatmaq istəyirəm. Teymurilərin böyük sərkərdəsi Əmir Teymur özü də, ölkəsi də şiə məzhəbindən deyildi və İldırım Bəyazid ilə döyüşmə səbəbi də məzhəb deyildi. Bir türk olaraq, əcdadlarımızın yaşadığı bəxtsiz hadisələrin acı həqiqətlərinin ağırlaşmış yükünü çiyinlərində hiss edən bir ziyalı olaraq, dərk edirəm ki, bizə düşən vəzifə ayırmağı yox, birləşdirməyi gücləndirən nəsillər yetişdirməkdir".

Necə ki, Ankarada üst-üstə yaşanan qanlı terror hadisələrindən sonra dünya ölkələrindən dəstək görməyəndə Azərbaycandan bir təyyarə dolusu insanı yanına alaraq "siz gələ bilmirsinizsə, biz gələrik" mesajı ilə bizləri sevindirən, düşməni incidən İlham Əliyev tarixə unudulmayacaq bir qeyd yazdı. Eyni şəkildə, G-2O zirvə toplantısına ev sahibliyi edən Türkiyə üzvlər xaricində qonaq ölkə dəvət etmə səlahiyyətini Can Azərbaycan üçün istifadə etdi və bu şərh şəxsən prezidentimiz hörmətli Ərdoğan tərəfindən edilərək tarixdə yerini aldı.

15 iyul çevriliş cəhdi və dərhal sonra da eynisi yaşandı və yaşanmalıdır da, başqa cürü düşünülə bilməz.

Tarixə baxsaq, Türkiyə 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətini ilk olaraq tanımaqdan əlavə, Padşah VI Məhmədin əmri ilə Azərbaycan nümayəndə heyəti Pera Palasda yüksək səviyyədə qarşılanıb, Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi heyət padşah tərəfindən səmimiyyətlə qəbul edilib və digər dünya dövlətləri tərəfindən yeni qurulmuş Azərbaycan dövlətinin tanınması üçün dövrün çətin şərtlərinə baxmayaraq, maksimum səy göstərilib. Eyni şəkildə, Azərbaycan Sovet işğalına məruz qaldığı illərdə evinin yağmalanmasına, ziyalılarının sürgünə göndərilməsinə, yurdunun tarimar edilməsinə, bolşevik istibdadı səbəbiylə göstərmədiyi reaksiyasını Qafqaz İslam Ordusunun Azərbaycana can əmanəti olaraq buraxdığı türk əsgərinin məzarının Sovet əsgərləri tərəfindən məhv edilməsinə qarşı milyonlarla azərbaycanlı küçələrə tökülərək o məzarları sinələrini sipər etməklə müdafiə ediblər. Azərbaycanda nəsillər dəyişdi, amma o məzarlar şərəfli əmanət olaraq yerlərini heç dəyişmədi... Eynilə, Türkiyə və türklük sevgisinin heç bir şərtdə dəyişmədiyi kimi...

Biz türklər çətin şərtlər altında vətən qurarıq, çətin şərtlər altında bayraq qaldırarıq. Bütün çətinliklərə baxmayaraq, tarixin özünə inad tarix yazarıq. Bu günlər də tarixin bizi sınadığı bir imtahandır. Üzümüzün ağı ilə keçəcəyik çətin olan bu gün və bu imtahandan, yoxsa ayrılar, parçalanar, duzla buz olarıq. Əlbəttə, bacaracağıq...

Mənası yol olan məzhəb müzakirələri isə bihudə səydir. Bu dünya bir yoldur və mənzilə çatmaq üçün hər kəsin gedəcəyi yolu öz seçimi olmalı və buna da hörmət edilməlidir. Mühüm olan çatdığın yerdir. Könüllər bir olsun. Görüşmə nöqtəmiz ora olmalıdır... Fərqli yollardan da getsək, mənzil eynidir... Yollar bizi əsla ayıra bilməz...

Ayrılmağımız qeyri-mümkündür. Biz birlikdə tamıq, bir ürəkdə iki canıq...

 

Prof. Dr. Aygün Attar

9.11.2016 14:05 / Baxılıb: 558 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.08.2017
    23.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo