Ürəyimiz üçün həssas vaxtlar

İlin müəyyən fəsillərinə, müəyyən aylara, həftənin müəyyən günlərinə və hətta günün müəyyən saatlarına diqqət edin! 

 

İlin müəyyən fəsilləri və  müəyyən  ayları,  həftənin müəyyən  günləri  və hətta  günün  müəyyən saatları ürək sağlamlığınız  baxımından çox  önəmli  vaxtlardır. Çünki insanların ilin müəyyən fəsillərində, müəyyən aylarında, həftənin müəyyən günündə və günün müəyyən saatlarında daha çox infarkt  keçirdikləri bəllidir. Bu reallıq aparılan  böyük  araşdırmalar  nəticəsində sübuta yetirilib. Bunu nəzərə alaraq, daha diqqətli olunar və bəzi tədbirlər görülərsə, infarkt keçirmə riski önəmli dərəcədə azaldıla bilər.

 

Günün riskli saatları


İnfarkt keçirən 66635 və ani ürək ölümü ilə dünyasını dəyişən 19390 insan üzərində  aparılan araşdırma nəticəsində məlum oldu ki, gün ərzində insanlar ən çox səhər saat 6 ilə günorta saat 12 arasında infarkt keçirirlər. Ona görə də bu saatlar arasında daha diqqətli olumaq lazımdır. Belə ki, insanlar günün bu saatlarında ağır yemək yeməməli, ağır və gərgin işlə məşğul olmamalı və ən önəmli olan odur ki mümkün  olduqca,  stress keçirməməli  və  neqativ əhvalda olmamalıdırlar. İnsanların günün digər saatlarına nisbətən, səhər saatlarında daha çox infarkt keçirmələrinin iki önəmli səbəbi var: Birincisi, nəbzimizi sürətləndirən və qan təzyiqimizi qaldıran bir sözlə ürəyin işini  artıran sempatik sinir sistemimiz bu saatlarda daha fəal olur. Nəbz nə qədər çox, qan təzyiqi də nə qədər yuxarı olarsa, ürəyin işi bir o qədər artar. Yəni ürəyin işi səhər saatlarında günün  digər saatlarına  nisbətən  daha çox  olur. İkincisi, günün digər saatlarına nisbətən, səhər saatlarında müəyyən fizioloji proseslər nəticəsində qanın laxtalanma qabiliyyəti daha çox olur. Bütün  bu  proseslər ürəyi  qidalandıran damarların   tıxanmasını  asanlaşdırır, yəni  ürək  damarlarının  tıxanmasına meylliyi  artırır.  Bu  cür  proseslərin daha aşkar  olduğu  bu vaxtlarda insanların  keçirdiyi  stress,  onların gərgin işlə  məşğul  olması, yorğunluq, o saatlar arasında siqaret çəkmək  və  sairə kimi neqativ proseslər insanın  infarkt  keçirmə  riskini  artırır. Əgər bir insanda köklük, hipertaniya və ya  diabet xəstəliyi varsa, qanda  xolesterinin  miqdarı çoxdursa və ya  o insan siqaret  çəkirsə,  bir  sözlə,  risk  faktorları varsa, o insanların infarkt  keçirmə  riski daha da artar. 

 

Bazar ertəsi sindromu

 

Həftənin digər günlərinə nisbətən, insanlar həftənin birinci günü daha çox infarkt keçirirlər. Bunun ən önəmli səbəbi istirahət günləri olan həftənin son günlərindən sonra həftənin birinci günü insanların işləmək istəməyində olmamasının yaratdığı ümumi stressdir. Həftənin birinci günü daha gərgin iş günü olduğu üçün bu gərginlik insanlara mənfi təsir göstərir. Ortaya çıxan stress sinir  sistemi vasitəsilə istər-istəməz ürəyə önəmli ölçüdə təsir edir. Həftənin birinci günü stressin ən çox olduğu gündür. Ona görə də həftənin birinci günü  daha diqqətli olunmalıdır. 

 

Ən təhlükəli aylar

 

İnfarkt keçirmə və  buna  bağlı  ölüm  halları  fəsildən fəsilə  görə də dəyişir. İnsanlar qış və bahar aylarında daha çox infarkt keçirirlər. İnfarkt keçirən 259891 insan üzərində aparılan böyük  bir araşdırma nəticəsində məlum olub ki, yay aylarına nisbətən, qış və yaz aylarında insanlar 53  faiz  daha çox infarkt keçirirlər. Maraqlısı odur ki, keçirilən infarktın öldürücülüyü də fəsildən fəsilə dəyişir. Belə ki eyni araşdırmada qış və bahar aylarında infarkt keçirən insanların ölmə ehtimalının yay və payız aylarında infarkt keçirən insanlara nisbətən daha çox olduğu  müəyyən edildi. İnfarktdan ölən 300000 insan üzərində aparılan bir başqa araşdırmada da yanvar ayının ən təhlükəli ay olduğu məlum olub. Daha dəqiq desək,  bir  insanın yanvar ayında keçirdiyi  infarktdan ölmə riski sentyabr ayında keçirdiyi  infarktdan  ölmə riskindən daha çoxdur. Bu baxımdan, ən  təhlükəli  ay  yanvar  ayıdır. İnsanların daha çox qış aylarında infarkt keçirmələrinin bir neçə səbəbi var. Birincisi, soyuq havalarda qrip, sinuzit, farenjit, tonzillit və ya pnevmoniya kimi infeksiyalar çox artır. Qışda daha çox xəstələnirik. Bu infeksiyalar insan bədənində yayğın, yəni sistematik bir iltihaba səbəb olur. İnfeksiyalara yoluxduğumuz zaman bütün bədəndə dəyişikliklər olur. Bu iltihablanma və dəyişikliklər ürəyimizi qidalandıran tac arteriyalarımızın qanla təmas edən iç üzündə də olur. Nəticədə bəzi insanlarda iltihablaşma daha şiddətli olur və ürək damarları tıxanaraq, infarkt keçirirlər.  Ancaq burada bir yanlış anlaşılma olmasın. Bu o demək deyil ki, hər qripə yoluxan infarkt keçirəcək! İkinci bir səbəb soyuq havanın ürək damarlarını büzməsidir. Damarlarda büzülmə sinədə ağrı, hətta infarkta səbəb ola bilir. Soyuq havalarda qan təzyiqi də yüksəlir. Bu da infarkta səbəb ola bilər. Üçüncü bir səbəb də odur ki, qış aylarında daha az hərəkət edirik. Bir digər səbəb də qış aylarında artan enerji ehtiyacımızı qarşılamaq üçün şəkərli qidaları daha çox yeməyimizdir. Normadan çox şəkər həm bədən müqavimətini azaldaraq, infeksiyalara yoluxmamızı asanlaşdırır, həm də ürək damarlarının tıxanma prosesini sürətləndirir.

Hər şeydən öncə, insanlar soyuq havalarda bayıra çox çıxmamalıdırlar. Çıxmadan öncə də özlərini soyuqdan qoruyacaq, bədənlərini isti tutacaq paltarlar geyinməlidirlər. Çünki soyuq hava bədənimizdəki damarları, o cümlədən ürəyimizi qidalandıran damarları da büzür. Soyuq havalarda baş nahiyəsindən daha çox istilik itirilir. Buna görə də şapka və ya papaq geyinmək lazımdır. Mümkünsə, yeməkdən ən azı 2 saat sonra bayıra çıxsınlar. Küləkli havalarda küləyə qarşı yürüməməlidirlər. Qrip, sinuzit, farenjit, tonzillit və pnevmoniya kimi infeksiyalardan mümkün olduqca qorunmalıdırlar. Daha çox bədən müqavimətini artıran qidalarla - bol meyvə və tərəvəzlər qidalanmalıdırlar. Bol su içilməlidir. Gündə ən azı 3-5 fincan çay, özəlliklə də bitki çayları - yaşıl çay, kəklikotu çayı içilməlidirlər. Çox yağlı yeməməlidirlər. Şəkərli qidalardan çox istifadə etməməlidirlər. Normadan çox şəkər həm bədən müqavimətini azaldaraq infeksiyalara yoluxmamızı asanlaşdırır, həm də ürək damarlarının tıxanma prosesini sürətləndirir. Hipertoniyası olan xəstələr dərmanlarını müntəzəm qəbul etməlidirlər. Çox duzlu yemək qəbul etməməlidirlər. Qan təzyiqini nəzarət altında tutmalıdırlar. Daha öncə infarkt keçirən, stend taxılan, şuntlama əməliyyatı olan və ya ürək çatışmazlığı olan hər kəsə mütləq ildə bir dəfə qrip əleyhinə vaksinasiya edilməlidir. Ancaq onu da deyim ki, bu vaksinasiyanın qripdən qoruyuculuğu 60-70 faizdir, 100 faiz deyil. Xəstələri 60-70 faiz ehtimalla qripdən qoruyacaq vaksinasiya qrip epidemiyasından əvvəl edilməlidir. Vaksinasiya infeksiyaların daha çox yayıldığı aylardan əvvəl olunmalıdır. Bu sentyabr-noyabr ayları arasında olarsa, daha doğru olar. 

 

Son söz: İlin müəyyən fəsillərində, ilin müəyyən aylarında, həftənin müəyyən günündə və günün müəyyən saatlarında insanlarən  daha çox infarkt  keçirdikləri bir reallıqdır. Bunu bilərək, daha diqqətli olmaq tələb olunur. Bəzi tədbirlər görülərsə, infarkt keçirmə riski önəmli dərəcədə azaldıla bilər.

 

Kardioloq, Uzm.Dr.Yalcin Velibey

8.11.2016 11:40 / Baxılıb: 447 / Çap
 
    Bu bölmədə
    15.12.2016
    Nolar, İlahi...
     Xəbər lenti
    19.02.2017
    18.02.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo