Allahı sevmək...

“Qədim zamanlarda ən böyük arzusu Həcc ziyarətinə getmək olan bir Hümmət dədə varmış. Hər dəfə niyyətinə girər, amma heç cür getmək qismət olmazmış. Bir gün Bağdada yolu düşən Hümmət dədə, elə burdan Həccə gedən karvana yetişərəm deyib, özünü karvansaraya çatdırır: 

- Oğlum, Həcc karvanı...

- Baba, sən gecikdin karvan gedəli üç gün oldu”. 

“Ya nəsib” deyir Hümmət dədə. Qismət deyilmiş deyib kor peşman geri qayıtmaq istəyir, baxır ki, üstü başı toz torpaqdı, hər yeri yaradı, “Bağdada gəlmişkən bir hamama girim, yuyunum” deyib üzünü hamama tutur. Şəhər hamamının qapısına çatanda yekəpər biri qabağını kəsir:

- İçəri girə bilməzsən!

- Niyə, oğlum?

- Sultanın adamları var hamamda.

- Oğlum, mən yaşlı adamam, bir küncdə əl-üzümə su vuraram heç kim görməz”. 

Qapıçı Hümmət dədənin halına dözməyib onu qapıdan ötürür. Amma tənbehləyir ki, səsi çıxmasın sakitcə bir kənarda yuyunub çıxsın.

Hamamın düz qabağındakı ağacın altında iki nəfər adam bu hadisəni müşahidə edir. Biri təbdiri-qiyafət şəhəri gəzməyə çıxan, dövrün Sultanı Harun ər Rəşid, o biri də vəziri.

Sultan Hümmət dədənin hamamdan içəri girdiyini görəndə üzünü vəzirinə tutur:

- Hamamda bizim adamlarımız yoxdurmu?

- Var sultanım. 

- Bəs bu adamı niyə içəri buraxdılar? Burda bir iş var, gəl görək nə məsələdir” deyib hamamın qapısına yaxınlaşır, yalvar-yaxar içəri keçirlər. 

Hələ bir qapıdakı adamı təhdid də edirlər “o qoca kişini içəri buraxdın bizi də almalısan” deyə. Naəlac qalan adamın səsi çıxmır. Eləcə:  “qurban olum, səsiniz çıxmasın, sultanın adamları bilsə kəlləm gedər” deyə fəryad eləyir. 

Nə bilsin, qarşısındakının Sultan olduğunu...

Harun ər Rəşid içəri girib Hümmət dədənin yanına yaxınlaşır, deyinməyə başlaylr:

“- Bu Sultan da nə zalım adamdı, belə də işmi olar?

Hümmət dədə eşidir, amma özünü o yerə qoymur. 

Sutlan görür nə desə Hümmət dədədən səs çıxmayacaq:

- Dədə, yaşlı adamsan, gəl uzan bu göbək daşına, kürəyini kisələyim. 

- Nə deyirəm, oğlum. Gəlim də. 

Hümmət dədə Harun ər Rəşidin dediyi yerə uzanır, o da alır əlinə kisəni, Hümmət dədənin kürəyini sidq-ürəklə kisələməyə başlayır. Astadan da qulağına əyilib:

- Eh ay baba, bu dünyada sultan olmaq varmış, baxsana, adamları hamamı bağlayıblar” deyə təhrik etməyə başlayır.

Hümmət dədə, dodağındakı xəfif gülümsəmə ilə:

- Nə edəcəksən, oğlum, sultan olmağı, sən elə bir Sultana kölə ol ki, bu kölələrin sultanı kürəyini kisələsin”.

Evimizin qapısına çatanda beynimdəkilərdən fərqli bir mənzərə ilə qarşılaşmışdım. Yolun o tərəfindən biri yıxıla-dura gəlib blokun qapısını açmağa çalışdı. İçib təmizlənən adamın saflığı vardı üzündə. “Şüşənin dibinə enmək əslində öz içinin dibinə vurmaqdı” dedi, mənim qorxulu halıma baxdı, əlini cibini tapmadığı paltosunun yırtığına soxub səndələyə-səndələyə uzaqlaşdı. Görəsən içində nə vardı ki, onu spirtlə yumağa çalışdı...  

Evimə gəldim, çayımı aldım, kompüterimi açdım və başladım insanların düşüncələrinə baxmağa. Kompüterin ekranında “din davası” gedirdi. “Sünni”, “şiə”  və s. 

Bir az əvvəl gördüyüm sərxoşla, indiki müşahidəmin arasında qalıb mən də nəhayət DİN haqqında düşüncələrimi yazmağa qərar verdim. 

Başladıq!

Mənə görə Allah adamı deyil “din-çi” olmaq bütün faciələrin başlanğıcıdır əslində. Sanki arı yuvasına çomaq soxmusan, bal qalıb orda, bütün “bal”çılar üstünə tökülüşüb. Sən də başlamısan o çomağı ora bal üçün soxduğunu unudub arıların əməlini tənqid eləməyə. Bu vur-çatlasında balın da dadı qaçıb. Arının zəhmətinə insanın nəfsi qarışıb.

Günümüzdə İSLAM DİNİ ondan xəbəri olmayanların silahına çevrilib. Hərə oturduğu yerdən bir salvey atır, kim tutar-tutar. Bir əməlin gücü onu təqdim edənin mənəvi aləminin gücündə gizlidir. Bizdə bu sistem işləmir. İslamın heç bir şərtinə əməl eləməyən bəndələr başqalarına ehkam kəsməklə, başlarına ağıl qoymaqla Allah yolunda olduqlarını zənn edirlər. Oysa bilmirlər ki, Allahın yolunda olmaq üçün “işıq tutana” ehtiyac yoxdur. 

Bir sevda vardır, bir də ilahi eşq. Ən ateistəm deyənimiz belə gecələri başını yastığa qoyanda vicdanına hesab verir, özü ilə dərdləşir. Siz adını Allah sevgisi qoymasanız belə sizi yetişdirən şərait ruhunuzun bir yerində o qırıntıları gizlədib. Axı heç bir müsəlman (və ya əksinə) Anasının laylasına, duasına “mən ateistəm, məni Allaha əmanət eləmə!” deyə bilmə imkanına sahib olmur. Sadəcə etiqad forması fərqlənir, birinə Tanrını sevmək öyrədilir, o birinə Allahdan qorxmaq...

Elə ya belə hamı içindəki vicdanına əsirdi...

İlahi EŞQ yolunda olanlara, olmağa çalışanlara alqış!

Bu vur-çatlasında bircə onların səsini eşidə bilməzsiniz, çünki ilahi EŞQi bilənin inzivasında dərviş olmayanın işi yoxdu.

Bir itirmək qorxusu vardır, bir də bitirmək. Bitirməkdən başlayaq. Ömür. Hər gün insafsızcasına xərclədiyimiz bu nemətdən geriyə nə qalacağını heç birimiz bilmirik. Çünki bizlər bunun sonunu düşünmürük, bitirmək qorxusu başqadı bizdə, ən başda da könlümüzdəkiləri deyil, cibimizdəkiləri bitirməkdən qorxuruq. Xaliqin xəlq elədiyinin cəhənnəmi də elə burdan başlayır. İnsan cibinə yenilir. Əlinin içinə sığmayacaqları, Tanrıdan bir parça olan ÖZün dən dəyərli olur. 

Giririk cibə!

Sonra başlayırıq o cibdən xırdalarımızı uzadıb Allahın adı ilə başlayan “işlər” görməyə. Misal üçün alverdə “bismillah”sız “xeyir” olmur. Aldıq...

Alırıq...

Satırıq! 

“Qonşusu ackən tox yatan məndən deyildir” deyən peyğəmbərin ümməti olmaqdan çıxırıq.  

Biz o ac qonşumuza çörək satırıq çünki!

Nə qədər ac olsa bir o qədər işimizə gəlir.

Sata-sata vicdanımıza gəlir sıra... Ona da “Allah yox” dedikmi, tamamdır!

Vicdanı olmayanın Allahı olmazdı, biz vicdanı da satırıq!

“Sünni”ymiş, “şiə”ymiş, “nurçu”ymuş, “vəhabi”ymiş, “fetocu”, “oktarcı”ymış...

Bəndə ilə Tanrı arasında şıdırğı alver gedir! 

Allahın kitabında olmayanları insanların qələmi çalır! 

Çalır...

Alır və satır!

Yenidən ÇALIR!

Belə getsə cənnətə gedəsi adam qalmayacaq bu hər şeyin alınıb-satıldığı Yer üzündə. Allahdan (əstağfürullah) xəbər gətirənlərin, göydən yerə enənlərin, “Həcc”ə getməkdə rekord vuranların dəb olduğu bir dövrdə tülkülərin saqqalı göz çıxardır. Dini dilə, irqə, hətta cinsə ayıranların savaşı gedir. Paho, bir də baxırsan səninlə qurban olduğum arasında minlər, milyonlar  var.

Oysa...

Allahı sevmək könül işidir. İmanı, sevdası, eşqi, inancı kamil olmayanın, könül almağı bilməyənin könlümdə nə işi?

Sonra demədi deməyin ha, baxın, deyirəm, mən də müsəlmanam, özü də dilindən dua əskik olmayan, yaradılanı Yaradandan ötrü sevən müsəlman.

İntəhası... 

 

Tanrının yanına üzüqara getməmək diləyilə

Nigar İSFƏNDİYAR





 



 








 

27.10.2016 15:12 / Baxılıb: 687 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo