Dindarları təhqir etmək olar, ateistləri yox?..

Mən Allaha inanan adamam. Amma özünü ateist sayan adamlarla da çay içir, çörək yeyir, hətta bir yerdə səfərə gedirəm. Əsas odur ki, ateist qardaşımız Allaha inandığıma görə məni “cahil” və “geridəqalmış” adlandırmasın. Çünki Allaha inanmadığı üçün mən onu “kafir” adlandırıb, qanını qaraltmıram...



Azərbaycanda dindarlarla ateistlər arasında virtual qarşıdurma əvvəllər də olub. Amma Məhərrəm ayı başlayandan sonra tərəflər arasındakı ziddiyyətlər daha da kəskinləşib. Sosial şəbəkələrdə qarşı tərəfi təhqir edən, aşağılayan, hətta lənətləyən rəylərə tez-tez rast gəlmək mümkündür. Ateistlərin təmsil olunduğu cinahın əsas iradı budur: siz niyə imamlar üçün yas saxlayırsınız? Bunun cahillik, geridəqalmışlıq əlaməti kimi qiymətləndirilməsi dindar kəsimin heysiyyatına toxunduğu üçün onlar adekvat cavab vermək məcburiyyətində qalıblar. Heç kim inciməsin, müşahidələrimə əsaslanaraq onu deyə bilərəm ki, virtual aləmdəki ateist dostlarım qaşınmayan yerdən qan çıxarmaqla məşğuldurlar...


Azərbaycan tolerant ölkədir. Bizim ölkədə müxtəlif dinlərin nümayəndələri min illərdi çiyin-çiyinə yaşayır, bir-birilərinin inanclarına, adət-ənənələrinə, həyat tərzinə hörmətlə yanaşırlar. Azərbaycanda heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb. Bakı şəhərində həm məscid, həm kilsə, həm də sinaqoq fəaliyyət göstərir. Müsəlmanlar da, xristianlar da, yəhudilər də, o cümlədən, başqa dinlərin nümayəndələri də sərbəst şəkildə öz ayinlərini yerinə yetirə bilirlər. Azərbaycan Amerika deyil ki, dərisinin rənginə görə insanı güllələyib, sonra türmədə yatsınlar. Özünü şair, yazıçı, jurnalist adlandıran adamlar ölkəmizdə hakim olan sağlam mənəvi mühitin qorunub-saxlanılmasına və inkişafına töhfə verməlidirlər. Düşmən dəyirmanına su tökməyin zamanı deyil.


...Uşaqlar məktəbdə olduğu üçün Aşura günü ard-arda çalınan iki zəngdən sonra qapını özüm açdım. On beş-on altı yaşlı bir oğlan uşağı əlindəki boşqabı nəzakətlə irəli uzadıb, belə dedi: “İmam ehsanıdır. Anam göndərib”. “Allah qəbul etsin”, - deyəndən sonra ədəb-ərkanla boşqabı oğlandan aldım. Sonra öyrəndim ki, az-çox imkanı olan adamlar həmin gün bişirdikləri ehsanı son tikəsinə kimi qonşulara paylayıblar. Beləliklə, işdən yorğun-arğın dönən neçə-neçə insan həmin axşam isti yemək yeyib. Başa düşə bilmirəm, bu davranış qələm dostum, həmkarım, həmyerlim Taleh Şahsuvarlını niyə qıcıqlandırmalıdır? Halbuki ehtiyac içərisində yaşayan beş-altı adamın heç olmasa bir dəfə doyunca çörək yeməsi sol dünyagörüşün daşıyıcısı olan dostum Talehi hamıdan çox sevindirməlidir...


Əsl ziyalı qarşı tərfə münasibətdə dözümlü olmalı, başqasının inancına, həyat tərzinə hörmətlə yanaşmağı bacarmalıdır. Qoy, Hacı İlqar İçərişəhərdə yerləşən “Cümə” məscidinə gedib, ürəyi istədiyi qədər ibadət etsin. Mehman Muradlı isə həmin məscidinin iki yüz addımlığında yerləşən “Nərgiz” kafesinə girib, doyunca viski içsin. Mən isə M.F.Axundov adına kitabxanada oturub, sakitcə məqaləmi yazım. Amma bir şərtlə ki, Sahil bağında qarşılaşanda namaz qılmadığıma görə Hacı İlqar, viski içmədiyimə görə də Mehman Muradlı məni məzəmmət etməsin. Çünki mən Hacı İlqara “Allah qəbul etsin”, Mehman Muradlıya isə “nuş olsun” deyə biləcək qədər tolerantam...

 

Seymur Verdizadə

19.10.2016 16:20 / Baxılıb: 719 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo