Boy çiçəyi tamaşasının nümayişi

Ləman Hüseynzadə/AZADİNFORM. Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anım günüdür. 

Mədəniyyət və Turizm Nazirliyindən Azadinform-a verilən məlumata görə, Akademik Milli Dram Teatrında İ. Əfəndiyevin xatirəsinə həsr olunan “Boy çiçəyi” tamaşası nümayiş olunub. Səhnə əsərinin nümayişindən əvvəl tamaşaçılar qarşısında çıxış edən teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemət bildirib ki, İ. Əfəndiyevin “Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi” pyesi ilk dəfə 52 il əvvəl tamaşaya qoyulsa da mövzusu və qaldırdığı problem bu gün də aktualdır: “Oktyabrın 3-də İlyas Əfəndiyevin anım günüdür. Biz özümüzə borc bildik ki, bu gün İlyas müəllimin müəllifi olduğu pyesin əsasında hazırladığımız tamaşanı nümayiş etdirək. Əfəndiyevin bu əsəri müasir dövrümüzdə də öz aktuallığını saxlayır. Bu günün gəncləri də bu məhəbbət əsərini görməlidirlər. Boy çiçəyi sözünün böyük mənası var. Ona görə qərar gəldik ki, bu tamaşanın adı sadəcə, boy çiçəyi ilə bağlı olsun. Vaxtilə bu tamaşanın baş rollarında xalq artistləri Amaliya Pənahova və Əli Zeynalov oynayıb. İndi isə xalq artisti Fuad Poladov və əməkdar artist Məsmə Aslanqızı çıxış edir. Ümumiyyətlə, tamaşanın çox maraqlı aktyor heyəti var.  Ümid edirəm, sizə təqdim olunan səhnə əsərini alqışlarla qarşılayacaq və Akademik Milli Dram Teatrından xoş təəssüratla ayrılacaqsınız”. 

Qeyd edək ki, Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.

Tamaşada əsas rolları xalq artisti Fuad Poladov, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Nigar Güləhmədova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir. Səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.

3.10.2016 14:02 / Baxılıb: 237 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.11.2017
    24.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo