Oxşar taleli bəstəkarlar

Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin adları xalqımızın mədəniyyət tarixinə əbədi həkk olunub

 

Öz taleyini xalqın taleyi ilə bağlayan, öz səadətini xalqın xoşbəxtliyində görən sənətkar həmişə böyük hörmətə nail olmuşdur. Azərbaycanın musiqi sənətində inqilab yaratmış Üzeyir Hacıbəyov və Müslüm Maqomayev də bu cür xoşbəxt insanlar idi…                                                                                 

Səid Rüstəmov,

Azərbaycanın xalq artisti, pedaqoq, bəstəkar və dirijor 

 

Sentyabrın 18-də Azərbaycan musiqi mədəniyyətinin inkişafında görkəmli yeri olan Üzeyir Hacıbəyov  və Müslüm Maqomayevin doğum günlərini qeyd edəcəyik. Hər bir istedadın parlaması üçün çox zaman onun dünyaya göz açdığı və boya-başa çatdığı mühitin böyük təsiri, böyük rolu olur. Eyni ildə, eyni gündə dünyaya göz açan Üzeyir Hacıbəyov  və Müslüm Maqomayev də bu təsirlə öz həyat yollarını seçdilər və şirin arzular sorağında mübarizə meydanına atıldılar, mədəniyyətimizin tərəqqisi yolunda birgə addımladılar.


Üzeyir Hacıbəyov və Müslüm Maqomayev xalqımızın mədəniyyət tarixinə əbədi daxil olmuşlar. Azərbaycan peşəkar musiqisinin inkişafı bu görkəmli musiqiçilərin adları ilə bağlıdır. Bu bəstəkarların çoxcəhətli yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycanda milli bəstəkarlıq məktəbinin yaradılmasına kömək etmişdir. Bu məktəbin bir çox yetişdirmələrinin adı indi bütün dünyada şöhrət qazanmışdır.


Azərbaycan xalq mahnı ənənələrini dərindən bilən Üzeyir Hacıbəyov və Müslüm Maqomayev mütərəqqi rus və xarici ölkə bəstəkarlarının yaradıcılıq nailiyyətlərini diqqətlə öyrənmiş, yalnız Azərbaycan musiqi mədəniyyətinin deyil, eləcə də Qafqaz, Yaxın və Orta Şərq ölkələri xalqlarının musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışlar.


Hər iki bəstəkarın qəlbinə qüvvət və qüdrət verən ümumxalq məhəbbəti, ümumxalq köməyi olmuşdur. İstər opera və operetta əsərlərini, istərsə də vokal və instrumental yaradıcılıqlarını geniş kütlələrə sevdirən də məhz həmin xəlqilikdir.


Onlar həyatlarının son günlərinədək xalqdan ayrılmamış, öz musiqi dillərini zənginləşdirərək yeni bədii formalar tapmışlar. Bu şəxsiyyətlərin yaradıcılığında operadan tutmuş kiçik romanslaradək musiqinin bütün formalarını görmək olar. Hər iki bəstəkar milli folklora böyük həssaslıqla diqqət vermiş, onun geniş və dərin tədqiqi üçün şərait yaratmışlar ki, bu hal da bəstəkarların dərin zəkaya, tükənməz yaradıcılıq ilhamına malik olmalarını sübut edir. Əgər  Üzeyir Hacıbəyov  Azərbaycan professional musiqisindən ibarət ölməz dastan yazmışdırsa,  Müslüm Maqomayev bu dastanlara heç vaxt təravətini itirməyən boylar, səhifələr əlavə etmişdir.


Üzeyir Hacıbəyov özünün yaradıcılığı, maarifpərvərliyi və  göstərdiyi çoxcəhətli fəaliyyəti ilə Azərbaycan musiqisinin inkişafında yeni yol açmışdır. 1907-ci ildən 1937-ci ilədək 7 opera və 3 operetta yazan Üzeyir bəy musiqi tariximizdə mühüm yer tutur. 


Bir zamanlar yaradıcılığa təzə başlayan bəstəkar yaradıcı şəxsiyyətə, insan və cəmiyyət probleminə öz münasibətini ifadə edərək yazırdı: «Elə adamlar var ki, onlar təkcə özləri üçün deyil, bütün xalqın və ya hətta bütün bəşəriyyətin rifahı üçün dünyaya gəlmişlər… ». 


Bəli, bu sözlər sanki bəstəkarın özü haqqında dediyi sözlərdir. Doğrudan da, Üzeyir bəy bəşər mədəniyyəti tarixində sanki sönməz bir ulduzdur…


Dahi Üzeyir Hacıbəyovla yanaşı istedadlı musiqiçi, bəstəkar, pedaqoq Müslüm Maqomayevin adı da həmişə şərəflə, məhəbbətlə xatırlanır.  


Mədəniyyətimizin təşəkkül və inkişafında mühüm rol oynayan Müslüm Maqomayev 1885-ci ildə  Qroznı şəhərində anadan olmuş və 1899-cu ildə həmin şəhərdə ibtidai məktəbi bitirmişdir. 1899-cu ildə isə o, Qori müəllimlər seminariyasına daxil olmuşdur. Üzeyir Hacıbəyovla Müslüm Maqomayevin dostluğu da elə məhz Qori seminariyasında oxuduqları dövrlərdən başlamışdı. Tale Maqomayevi Qori seminariyasında Hacıbəyovla qarşılaşdırmış, onun görkəmli musiqi xadimi kimi yetişməsində əsas qüvvə olmuşdur.


Qori müəllimlər seminariyasına qədər Müslüm Maqomayevin xüsusi musiqi təhsili olmayıb. Seminariyadakı təhsil illərində o, skripkada  sərbəst çalmağı, not sistemini, qammaları, 2 səsli, 3 səsli oxuma qaydalarını öyrənmiş, 5 illik müəllimlik ixtisasına, musiqi vərdişlərinə yiyələnmiş, klassik rus və Avropa musiqisini öyrənmişdir. Seminariyanın orkestrinin tərkibində isə o,  dirijor kimi tez-tez öz müəllimini əvəz edirdi.  


Qeyd edək ki, seminariyada musiqi fənni köməkçi fənn kimi tədris edilirdi. Lakin az-çox  musiqi istedadı olanlar həmin fənn üzrə öz qabiliyyətlərini büruzə verirdilər. Üzeyir Hacıbəyov  və Müslüm Maqomayev də məhz belə tələbələrdən idi.


Seminariyanı bitirdikdən sonra Üzeyir bəy təyinatla Hadruta, Müslüm Maqomayev isə Lənkərana müəllim təyin edilirlər.


Müslüm Maqomayev musiqi aləminə XX əsrin əvvəllərində, Azərbaycanda milli mədəniyyətin, incəsənətin tərəqqisi naminə qabaqcıl ziyalıların böyük səylə çalışdıqları bir vaxtda qədəm basmışdır. Xalqın maariflənməsi, onun mədəni inkişafı üçün əlindən gələni əsirgəməmiş, var qüvvəsini bu işə sərf etmişdir. Bir amal, bir məslək uğrunda mübarizə, vətəninə, doğma xalqına hədsiz məhəbbət və sədaqət taleyin xöşbəxt təsadüfü ilə eyni ildə, eyni ayda, hətta eyni gündə anadan olmuş iki istedadı- Üzeyir Hacıbəyov  və Müslüm Maqomayevi həmişəlik yaxınlaşdırmış, sözün həqiqi mənasında dost, qardaş eləmişdi.


1910-1911-ci illərdən başlayaraq Üzeyir Hacıbəyov  və Müslüm Maqomayevin dostluğu daha da möhkəmlənmiş, yeni musiqi mədəniyyəti uğrunda aparılan gərgin mübarizədə daha da bərkimişdi.  Onların yaradıcılıq xətlərindəki ardıcıllıq da məhz belə dostluq, yoldaşlıq, məsləkdaşlıq münasibətlərinin təsirindəndir.


1912-ci ilin sentyabrında Üzeyir bəy musiqi təhsili almaq üçün Moskvaya getdi. Onun əsərlərinin səhnə taleyi ilə məşğul olmaq isə Müslüm Maqomayevə tapşırıldı. Müslüm teatr və musiqi ilə bağlı bütün işləri tənzimləyir, məcrasına yönəldir, yorulmaq bilmədən var qüvvəsi ilə çalışırdı. O, pult arxasına keçir, hər bir tamaşanı böyük ustalıqla idarə edirdi. Üzeyirin Bakıda olmaması «Nicat» cəmiyyətinin bir sıra mənfəətpərəst üzvlərinin onun əsərlərinə kəskin hücumlarını gücləndirirdi. Bu hücumları dəf etməkdə Müslüm Maqomayev xüsusi səy və bacarıq göstərirdi. 


Təhsil aldığı dövrdə Üzeyir bəy tez-tez öz məsləkdaşı ilə məktublaşırdı. Müslüm Maqomayev bilirdi ki, Üzeyir bəyin həm təhsil alması, həm də yeni əsərlər yaratması vacibdir. Bu halda onu haqsız hücumlardan qorumaq lazım gəlirdi. Bütün bunları sənətkar qəlbi ilə duyan Müslüm Maqomayev məsləkdaşının qələminə də, sevincinə də şərik çıxırdı.


Bildiyimiz kimi, Üzeyir bəyin «Arşın mal alan» operettasının ilk tamaşası 1913-cü ildə səhnəyə qoyulmuşdur. Tamaşanın müvəffəqiyyətini təmin edən amillərdən biri də musiqiyə parlaq dirijorluq edilməsi idi. Pult arxasında Müslüm Maqomayev dayanmışdı. Bu onun dirijorluq fəaliyyətində 2-ci unudulmaz gün idi. Qeyd edək ki, Müslüm Maqomayev Azərbaycanın ilk peşəkar dirijorudur.


Bu iki sənətkar milli musiqi teatrının yaranmasının bütün ağırlığını öz çiyinlərində daşıyır, onun repertuarının zənginləşməsi üçün böyük işlər görür, milli səhnə kadrları yetişdirirdilər. Bu sənətkarları həmçinin ideya-bədii görüşlərinin, ictimai-siyasi fəaliyyət sahəsindəki yüksək məqsədlərinn ümumiliyi birləşdirirdi.


Hər iki bəstəkar milli folklora böyük həssaslıqla diqqət vermiş, onun geniş və dərin tədqiqi üçün şərait yaratmışlar.


Şərq yaradıcılığının toplanması və lentə yazılması böyük əhəmiyyət kəsb edirdi. 1927-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayev tərəfindən tərtib edilən «Azərbaycan türk el nəğmələri» məcmuəsinin bu cəhətdən böyük əhəmiyyəti var idi.


Azərbaycan bəstəkarının simfonik musiqisi, bəstələdiyi mahnılar, dram tamaşalarına yazdığı musiqi mətnləri, nota köçürdüyü 300-ə yaxın xalq mahnı və rəqsləri və digər əsərləri milli musiqi mədəniyyətimiz tarixində silinməz, əbədiyaşar izlərdir. 


Müslüm Maqomayevin o illərdə kütləvi janrda yazılmış xeyli musiqi əsəri vardır. Bütün bunlara baxmayaraq, Üzeyir Hacıbəyov kimi o da irihəcmli əsərlər, yəni opera yazmaq istəyirdi. Bu məqsədlə «Şah İsmayıl» operasını yazdı və əsər 1919-cu ildə (7 mart) tamaşaya qoyuldu. Bu opera xalq musiqisindən qidalandığından böyük uğur qazandı.

 

Bəstəkar sonralar etiraf edirdi ki, məqsədim Üzeyir Hacıbəyovun yazdığı operalar şəklində opera yaratmaq idi. Yanlız bircə fərq ilə ki, improvizasiya yerlərində muğamatlardan savayı bütün qalan parçalar yazdığım orijinal musiqi olmalıdır.

 

O, daim yeniliyə can atırdı. O, həm də sovet dövründə Azərbaycanın kütləvi mahnılarını yaradan ilk bəstəkarlardandır. «Bizim kənd», «Aprel», «Zərbəçi yoldaşım», «Bahar», «Tarla» və s. belə mahnılardandır. 


Azərbaycanda yeni musiqi janrlarının yaranması, çoxsəsli xorun və notla çalan xalq çalğı alətləri orkestrinin təşkili, ilk kantatalar, romanslar, simfonik və proqram əsərlərinin yaranması da Üzeyir Hacıbəyovun və Müslüm Maqomayevin adı ilə bağlıdır.


1931-ci ildə Azərbaycan xalq çalğı alətləri orkestrinin yaranması ilə əlaqədar olaraq Üzeyir bəy bu orkestr üçün ilk orijinal əsərlərini – birinci və ikinci fantaziyaları yazdı. Daha sonra orkestrin repertuarını Müslüm Maqomayevin bir çox xalq mahnı və rəqsləri də  zənginləşdirdi («Əsgəranı», «Turacı», «Ceyranı», «Rəng şüştər» və s.).


Simfonik musiqi janrlarına xüsusi məhəbbət bəsləyən Müslüm Maqomayev Azərbaycan xalq melodiyalarından, musiqi folklorunun bir sıra nümunələrindən ustalıqda bəhrələnərək simfonik orkestr üçün orijinal əsərlər yaratmışdır. Azərbaycan musiqi folklorunun Avropa musiqisi ilə sintezi bəstəkarın 1935-ci ilin 24 dekabrında tamaşaya qoyulmuş «Nərgiz» operasında xüsusilə qabarıqdır. Bu hər şeydən əvvəl, Azərbaycan opera səhnəsinə də ilk dəfə inqilabi mövzunun gətirilməsi, kəndli qızının, çobanın və fəhlənin operada əsas surətlər kimi çıxış etməsi ilə əlamətdar olmuşdur. Azərbaycan bəstəkarının bu operası həmçinin muğam improvizasiya çərçivəsindən tamamilə azad olan ilk operadır və Müslüm Maqomayev yaradıcılığının zirvəsidir.


Üzeyir bəy Müslüm Maqomayevin Azərbaycan incəsənətində göstərdiyi fədakarlıqlardan danışarkən qeyd edirdi: «Müslüm Maqomayev Azərbaycan musiqi sənəti yolunda qarşıya çıxan hər cür maneələri  amansızcasına qırıb atan, ruhən və arzularına görə xalq sənətkarı, əsl realist, cəsarətli novator idi».


Göründüyü kimi, Üzeyir Hacıbəyovla Müslüm Maqomayev Azərbaycan professional musiqisinin başında durmuş, professional musiqimizin gələcək inkişafının bünövrəsini qoymuşlar. Üzeyir bəyin tələbələrinin sözləri ilə desək:«Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin musiqi rəşadətinin və insani hünərinin əzəməti, onların fəaliyyətinin Azərbaycan incəsənəti üçün əhəmiyyəti gözümüz qarşısında canlanır. Qəlbimiz Azərbaycan xalqının bu iki oğluna məhəbbət və minnətdarlıq hissi ilə coşur. Onlar Azərbaycan xalqının mədəniyyəti tarixinə ən parlaq səhifələrdən birini yazmışlar. Bu səhifə keçmişin epizodu kimi deyil, müasir dövrün canlı mənzərəsi kimi indiyədək çox böyük maraq oyadır». 


Qara Qarayev isə bildirirdi ki, «Üzeyir Hacıbəyov və onun yorulmaz silahdaşı Müslüm Maqomayev Azərbaycan incəsənətində dərin iz buraxmışlar. Respublikanın bəstəkarları Ü.Hacıbəyovdan və M.Maqomayevdən qəbul etdikləri estafeti ləyaqətlə irəli apararaq, doğma xalqa şərəflə və fədakarlıqla xidmət edir, Azərbaycan  incəsənətinin çiçəklənməsinə çalışacaqlar».

 

Təranə Həsənova,

Üzeyir Hacıbəyovun ev-muzeyinin kiçik elmi işçisi

Mənbə: "Kaspi" qəzeti

17.09.2016 13:53 / Baxılıb: 571 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo