Keçmiş məhbusların işlə təminatı necə həll olunur?- ARAŞDIRMA

Təkrar cinayətlərin qarşısını almaq, keçmiş məhkumların cəmiyyətə inteqrasiyası və işlə təmin olunması üçün hansı işlər görülməlidir?

 

Bu gün cəmiyyətdə artmaqda olan cinayətkarlıq halları gündəmin ən aktual problemlərindən biridir. Bəzən insanlar sosial təminatsızlıqdan, bəzən isə digər səbəblərdən cinayətkarlığa əl atır. Hansısa səbəbdən cinayət törədən insan həbsdən çıxdıqdan sonra bir çox problemlərlə qarşılaşır və cəmiyyətə inteqrasiya oluna bilmir. Bu problemlərin başında isə təbii ki, işsizlik durur. Buna səbəb isə ya cəmiyyətin qınağı, ya da keçmiş məhbusun kifayət qədər bacarıqlı olmaması olur. Belə hallar isə təkrar cinayətlərin artmasına imkan yaradır. Bəs bu problemi necə həll etmək olar, bu sahədə hansı işlər görülüb? Azadinform mövzu ilə bağlı araşdırma aparıb.


“Problem tək cəmiyyətdə deyil, həmin məhbuslarda da yaşanır”


Sosioloq Asif Bayramovun fikrincə, üzərində məhbus damğası gəzdirən insanlara cəmiyyətdə münasibət kifayət qədər neqativdir: “Neqativlik ictimai şüurda mənfi rol oynayır. Azərbaycan TV-ləri belə psixoloji baryeri ictimai şüurdan silmək, zəiflətmək üçün silsilə proqramlar hazırlamalı və bura psixoloqlar, sosioloqlar, ədəbiyyatşünaslar və hümanitar sahənin mütəxəssisləri dəvət olunmalıdır. Məhbusların cəmiyyətə inteqrasiyası, cəmiyyətə adaptasiyasında psixoloji və sosial problemlər var. Bir çox məhbus həbsdən çıxdıqdan sonra cəmiyyətə  adaptasiya oluna bilmədiyindən təkrar cinayətlərə əl atmalı olur. Bununla da cinayətin miqyası bir qədər də artır”.

A.Bayramovun sözlərinə görə, məhbuslar azadlığa buraxıldıqdan sonra ən azı 6 ay, 1 il ərzində dövlət qurumları tərəfindən nəzarətdə saxlanmalı və onlar müvafiq kurslara cəlb olumalıdır: “Problem tək cəmiyyətdə deyil, həmin məhbuslarda da yaşanır, onların dünyagörüşündən, şüur və psixologiyasından qaynaqlanır. İnkişaf etmiş ölkələrdə məhbusla azadlığa çıxmazdan 1 il və ya 6 ay əvvəl xüsusi maarifləndirmə işi aparılır. Cəmiyyətə adaptasiyası üçün onlara xüsusi dərslər keçirilir. Hətta Türkiyədə  “denetimli sərbəstlik hüququ” deyilən bir anlayış var. Yəni, məhbus azadlığa buraxıldıqdan sonra onun sosial əhatəsi və fəaliyyəti dövlət tərəfindən rəsmi olaraq üzərində daşıdığı elektron vasitələrlə izlənilir. Hesab edirəm ki, bu hüquq modelini Azərbaycanda da tətbiq etmək olar”.


“Təəssüf ki, bunu məhbəs həyatı yaşayan insanların çoxu bilmir”


Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli isə bildirdi ki, keçmiş məhkumların mülki həyata reabilitasiyası cəzaçəkmə müəssisələrindən başlamalıdır. Pentenisiar Xidmət sahəsində və Ədliyyə Nazirliyi sistemində məhz dövlət orqanları ictimai təşkilatlarla birgə məhkumları Cəzaçəkmə Müəssisəsində normal həyata hazırlayır: “Cəzaçəkmə Müəssisəsindən çıxdıqdan sonra məhkumlara müəyyən məbləğdə maliyyə vəsaiti verilir, təəssüf ki, bunu məhbəs həyatı yaşayan insanların çoxu bilmir.  Son 2 ildə biz məhkumlara bu istiqamətdə hüquqi yardım göstəririk.  Bu da birdəfəlik verilən müavinətdir, bir neçə dəfə həbs olunan məhkumlara aid deyil”.

Ə.Abbasbəyli bildirib ki, bu gün məhkumların çoxu rəsmi şəkildə heç bir yerdə qeydiyyatda deyil: “Sahibkarlar bu şəxsləri işə qəbul etsə də onlarla Əmək müqaviləsi bağlamır, yəni çoxu günəmuzd işləyir. Bu səbəbdən də azadlığa çıxdıqdan sonra işlə təmin olunmuş məhkumların statistikasını aparmaq çox çətindir”.

Ə.Abbasbəyli bildirib ki, Ədliyyə Nazirliyi yanında yaradılan Komissiyanın 2, 3 illik fəaliyyəti nəticəsində xeyli işlər görülüb: “Əsas məsələ ondan ibarətdir ki, komisiyadan keçən məhkumların böyük əksəriyyəti təkrar cinayətə meylli olmur. İndiyədək 3000-ə yaxın məhkum həmin komisiyanın köməyi ilə azadlığa çıxıb və onların 90 faizdən çoxu təkrar cinayət törətmiyib. Təkrar cinayət törədənlər narkomaniyanın alışı, satışı ilə bağlı məkkum olunanlardır. Oğurluğa görə məhkum olunanlar da statistik göstəricilərə görə təkrar cinayət törətməyə meyilli olanlar sırasındadır. Əlbəttə, buna səbəb insanların sosial təminatsızlığıdır. Məsələn, 2015-ci ildə 16 322 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş insanların 2432-si təkrar cinayət törədənlərdir”. 


Onların ictimai həyata  inteqrasiyası qanunlarla normal tənzimlənir...


Milli Məclisin deputatı Azər Badamov isə deyir ki, Prezident İlham Əliyevin imzaladığı son əfv Fərmanı 10 min şəxsə şamil olunub: “Bu Azərbaycanda dövlətin insan faktoruna verdiyi yüksək dəyərin göstəricisidir”. Deputat bildirib ki, 2007-ci ildə yeni formada qəbul edilən “Pentenisiar müəssisələrdə cəza çəkmədən azad olunmuş şəxslərin sosial həyata adaptasiyası  haqqında” AR Qanununda cəza çəkmədən azad edilmiş şəxslərə sosial yardım göstərilməsinin hüquqi, təşkilati prinsiplərini və əsas istiqamətlərini, habelə Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətlərini müəyyən edir: “Qanuna sosial adaptasiyanın əsas prinsipləri və tədbirləri, cəza çəkmədən azad edilmiş şəxslərin hüquq və vəzifələri, sosial adaptasiya tədbirlərini həyata keçirən orqan və müəssisələr, qeydiyyat məsələləri, məşğulluğun təmin olunması, tibbi, hüquqi, psixoloji və informasiya yardımının göstərilməsi və digər məsələləri əhatə edən maddələr daxildir”.

Deputatın fikrincə, məhkumluq həyatından azad olunmuş şəxslərin yenidən cinayət törətməməsi və ictimai həyata  inteqrasiyası üçün şərait qanunlarla normal tənzimlənir: “Məhkum olmuş şəxsin yenidən cinayət törətməsinə imkan verilməməsi və onun normal həyatda tərbiyə olunması üçün diqqət və qayğı daha da çoxaldılmalı və onlarla daim iş aparılmalıdır. Yəni, onları azad həyatda  maarifləndirmə işinə cəlb olunmalı, xüsusi seminar və treninqlərə, televiziya verilişlərində məsələ ilə bağlı sosial proqramlara geniş yer ayrılmalıdır”.


“Onlar məşğulluq orqanları tərəfindən iş yerləri ilə təmin edilir”


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” AR Qanununa əsasən cari ilin ilk rübündə əhalinin sosial müdafiəsi mərkəzləri tibbi və sosial yardıma ehtiyacı olan 1758 keçmiş məhbusu birdəfəlik pul müavinəti ilə təmin edib: “Həmin şəxslərin hər birinə minimum aylıq əməkhaqqının dörd misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti verilib”. E.Babayev qeyd edib ki, həmin şəxslər üçün peşə hazırlığı kurslarının təşkil edilməsi də nəzərdə tutulub və bu istiqamətdə Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlıq həyata keçirilir: “2014-2015-ci illərdə 400 nəfərə yaxın, cari ilin 5 ayında isə 32 nəfər cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxs üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil olunub. Nazirliyin sifarişi ilə Qobustan rayonunda inşası davam etdirilən Sosial Adaptasiya Mərkəzində belə şəxslərin sosial və peşə adaptasiyası, onların sosial mühitə uyğunlaşdırılması  istiqamətlərdə tədbirlər həyata keçiriləcək. 

Bundan başqa, “Məşğulluq haqqında” AR Qanununa əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyaları sırasına cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər də daxildir. Onlar məşğulluq orqanları tərəfindən müəssisələrdə ayrılmış kvota üzrə iş yerləri ilə təmin edilir. 2015-ci ildə və cari ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cəzaçəkmə yerlərindən azad edilmiş 200 nəfərə yaxın şəxsi münasib iş yerləri ilə təmin edib ki, onlardan müəyyən qismi də məhz kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilənlər olub”. 

E.Babayev qeyd edib ki, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial müdafiəsi, onların əmək bazarına çıxış imkanlarına malik olması üçün şərait yaradılması  istiqamətində tədbirlər cari ildə də davam etdiriləcək. 


Aysel Hüseynqızı

22.06.2016 17:30 / Baxılıb: 593 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo