Məktəblilərin tarix-mədəniyyət mərkəzlərinə ekskursiyaları niyə təşkil olunmur? ARAŞDIRMA

 

Valideyn: "Məktəblilər dövlət hesabına ekskursiyaya aparmalıdır”


 

Sosioloq: “Bu məsələ ilə bağlı dövlət proqramı qəbul olunmalıdır”


Nazirlik: “Bunu təşkil etmək üçün məktəbin büdcəsi yoxdur"

 

Bildiyimiz kimi, Azərbaycanda son dövrlərdə təhsil sistemində xeyli dəyişikliklər həyata keçirilib. Təhsildəki yeniliklər elmi xarakter daşısa da, bu orta məktəblərdə uşaqların dünya görüşünün artırılmasına çox az təsir göstərib. Demək olmaz ki, hazırda bu məsələ ilə bağlı işlər görülmür, lakin bu bütün məktəblərdə deyil, özəl və bəzi şəhər məktəblərində həyata keçirilir. Məktəblilərin milli-mədəni abidələrimizə, tarixi yerlərə, muzeylərə ekskursiyalarına az rast gəlinir, halbuki 20-30 il əvvələ kimi belə tədbirlərə daha çox diqqət verilirdi. İndi isə bu sahədə problem yaranıb, bəs bunun səbəbi nədir?


“Ekskursiyalar təşkil edilmir, çünki valideynlərin pulu yoxdur”


Bəs valideynlər bu mövzuda nə düşünür? Sosial şəalideynlər isə hazırda orta məktəblərdə hansısa bu tipli ekskursiyaların çox az və yalnız öz büdcələri hesabına həyata keçirildiyini bildirir və qeyd edirlər ki, bu ekskursiyalar dövlət tərəfindən keçirilsə daha yaxşı olar. Çünki, hazırda hər ailənin büdcəsi buna imkan vermir.

Valideyn Kamal Qasımov deyir ki, uşağı 8-ci sinifdə oxuyur, amma indiyədək övladını bir dəfə də məktəbdən harasa ekskursiyaya aparmayıblar: “Bir dəfə belə təklif olmuşdu, lakin valideynlər verməli olduğundan alınmadı, bəzi valideynlər lazım olan pulu vermək imkanı olmadıqlarını dedilər. Bir neçə dəfə özüm uşağı muzeyə, teatra, Atəşgaha, Qız Qalasına aparmışam. Lakin məktəb təşkil etsə daha yaxşı olar şagirdlər kollektiv ekskursiyaya çıxarlar, birgə tanış olarlar, fikir mübadiləsi edərlər. Həm də axı ailəsinin maddi imkanı olmayan uşaq da gələcək vətəndaşımızdır, onun da milli mədəniyyətimizlə tanışlığı, real təəssüratları olmalıdır. Hesab edirəm ki, heç olmasa ildə bir dəfə bunu dövlət hesabına təşkil eləmək olar, ya da xeyriyyə fondlarının hesabına”.

Valideyn dedi ki, az vəsaitlə yaxın yerlərə ekskursiyalar təşkil etmək olar ildə bir dəfə olmaqla. Bütün məktəb dövründə isə hər sinfin heç olmasa bir dəfə ölkənin başqa ərazisində tarix və mədəniyyət abidəsinə səfəri təşkil olunsa yaxşı olar.


Sosioloq: “Qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunması çox vacibdir”


Mütəxəssislər də belə tədbirlərin keçirilməsinin çox vacib olduğunu bildirirlər. Sosioloq Azər Allahverənov hesab edir ki, bu prosesin özünün effektiv şəkildə keçirilməsi olduqca çətindir və bu mövzuya yanaşmanı da daha dəqiq, maraqlı təşkil etmək olar. Sosioloqun sözlərinə görə, vətənpərvər mövzuda keçirilən tədbirlərdə Qarabağ cəbhəsində döyüşən və müxtəlif orden, medal sahiblərinin uşaqlara həmin hadisələr barədə danışması hünər məktəbinin formalaşması deməkdir. Həmin dərnək, müsabiqə, intellektual yarışlar elə təşkil edilməlidir ki, bu da milli-mənəvi dəyərlərin tətbiqinə, təlim-tərbiyə işinin təşkili mövzusuna xidmət etsin.

A. Allahverənov qeyd edib ki, “Ölkədə dəyərlər sistemi nədən ibarətdir” mövzusunda Təhsil Nazirliyi bu istiqamətdə işlər həyata keçirir: “Çox vaxt bu mövzu haqqında oxumaqla işi yekunlaşdırırıq. Lakin bu iş konseptual cəhətdən, dövlət proqramı çərçivəsində hazırlanmalıdır. Azərbaycanda milli-mənəvi dəyərlərin müdafiəsinə dair rəsmi sənədlər var. Bununla belə bu proqram tək təhsil müəssisələrində, təhsildən kənar müəssisələrdə yox, xüsusilə də, indiki şəraitdə digər idarə və təşkilatlarda da təşkil olunmalıdır. Dünyada qloballaşmanın getdiyi bir dövrdə milli-mənəvi dəyərlərin qorunması çox vacibdir, çünki mədəniyyətlər arası dialoq çərçivəsində lokal şəkildə milli mədəniyyətlərin sərhədlərinin silinməsinə səbəb olan bir dövrdə yaşayırıq. Məhz elə bu baxımdan da 2016-cı il multikulturalizm ili kimi elan olunub. Multikulturalizm ili çərçivəsində milli-mənəvi dəyərlərin təbliğ olunmasına aid maraqlı mexanizm qurmaq mümkündür. Həmin mexanizm isə təhsil müəssisələrində və təhsil müəssisələrindən kənar proqramların elmi konseptual əsaslarının işlənib hazırlanmasıdır.


Mütəxəssis: “Bu məsələ ilə bağlı dövlət proqramı qəbul olunmalıdır”


Sosioloq Asif Bayramovun sözlərinə görə isə gəncliyin mədəni, mənəvi, ideoloji tərbiyəsi son dövrlərin ən aktual mövzusudur. Gənclərin tərbiyəsi bilavasitə məktəblərin özündə aparılmalıdır: “Hər bir millətin kimliyi onun böyütdüyü nəslin mənəvi ideoloji tərbiyəsindən asılıdır. Milli kimlik şüuru, milli mədəni düşüncəsi olmayan bir nəsil yadlardan daha təhlükəlidir. Dünyagörüşündə millilik olmayan insan kosmopolitdir, bu millətə məxsus deyil”.

Ekspert hesab edir ki, informasiya kommunikasiya texnologiyasının müasir inkişaf səviyyəsində artıq bilavasitə dövlətin özü gəncliyin milli ruhda tərbiyəsi ilə bağlı son dərəcədə ciddi strateji proqramlar hazırlamalıdır: “Bu isə daha çox Prezident Administrasiyasının müvafiq şöbələrinin, dövlətin strategiyasını hazırlayan digər orqanların birgə hazırladığı proqram olmalıdır. İlk növbədə televiziya kanallarına, daha sonra isə internet media resurslarına yönəlmiş xüsusi proqramlar qəbul olunmalıdır və televiziya kanallarının ideoloji xətti milliləşdirilməlidir. Bu gün dünyada qloballaşma prosesində hər millətin qısa bir müddətdə milli kimlik düşüncəsinin əriyərək yox olması ehtimalı olduqca böyükdür.


Nazirlik rəsmisi: “Məktəblərin ekskursiya üçün büdcəsi yoxdur”


Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə bildirir ki, milli-mənəvi dəyərlər təhsilimizin vacib bir həlqəsidir: “Eyni zamanda bu dəyərlərin təbliği və öyrədilməsi ölkə rəhbərliyinin sitatlarında və təhsilin inkişafı üzrə dövlət strategiyası sənədində qırmızı xətlə keçən bir məqamdır. Bununla bağlı məktəblərdə də məqsədyönlü tədbirlər təşkil edilir”. 

Nazirlik rəsmisi bildirib ki, məktəblərdə keçirilən bütün tədbirlər məktəbdənkənar fəaliyyətin təşkilinə uyğun olaraq həyata keçirilir: “Bu tədbirlər QHT-lərin Dövlət dəstəyi Şurasının xətti ilə və ya Gənclər Fondunun ayırdığı qrantlar hesabına məktəblərdə təhsilin keyfiyyətinə xidmət məqsədilə həyata keçirilir. Təhsilin keyfiyyətinə xidmət edən, məktəbdə mühiti sağlamlaşdıran, neqativ hallara imkan verməyən bütün təşkilati tədbirlərin görülməsi, fəaliyyətinin həyata keçirilməsi məqsədəuyğundur. Heç də bütün tədbirlər milli yöndə olmur. Burda məqsəd əsas götürülür. Bu tədbirlərin ekoloji tərbiyə ilə, fiziki sağlamlıqla tarixi abidələrlə bağlı fərqli arealları var. Həm tarixi günlərin keçirilməsi, həm Azərbaycanın faciəvi günlərinin 20 Yanvar, Xocalı faciəsi kimi günlərin qeyd olunması həyata keçirilir. Bayraq yürüşü Təhsil Nazirliyinin təşkilatçılığı ilə təşkil olunmuş, Azərbaycanın minlərlə məktəblisinin qatıldığı bir tədbirdir və növbəti ildə bölgələrdə də təşkili nəzərdə tutulur”.

O vurğulayıb ki, tədbirlər planında ekskursiyalar könüllü şəkildə həyata keçirilir. Bu tədbirlərin intervalı tədris planına uyğun olaraq məktəbin, sinfin qəbul etdiyi qərara uyğun olaraq yerinə yetirilir. Burda valideynlərin, yerli icma üzvlərinin iştirakı təmin oluna bilər. Məktəbin şagirdlərə ekskursiyalar təşkil etmək üçün yox, şagirdin oxuması üçün budcəsi var. Belə ekskursiyaları təşkil etmək məktəbin imkanları xaricindədir. Valideyn komitələrinin iştirakı ilə bu vəsaiti toplamaq və bunun hesabına ekskursiyalar təşkil etmək mümkündür. Dünyanın hər yerində belədir və heç bir məcburetmə tədbirindən söz gedə bilməz”.


Aysel Hüseynqızı

27.05.2016 12:14 / Baxılıb: 476 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo