Balaca yerdə böyük adam olmaqdan qorxuram

Şəms Mustafayeva üçün istirahət deyilən bir anlayış yoxdur 

 

Xarici ölkələrdə ölkənin aparıcı insanlarını təəccübləndirən azərbaycanlı gənc qadındır. Düşünür ki, əziyyət çəkməsən, heç nə əldə edə bilməzsən. Ona görə, uğur qazanmaq istəyirsənsə, dözümlü, qətiyyətli olmalı və özünə inanmalısan. Müsahibimiz beynəlxalq ekspert, idarəetmə üzrə müşavir Şəms Mustafayevadır.


Əvvəlcə müsahibimizi tanıyaq


Şəms Mingəçevirdə böyüyüb. Orta məktəbi də məhz burada bitirib. Xarici Dillər Universitetinin ingilis-alman dili fakültəsinə daxil olduqdan sonra Bakıya gəlib. Təhsilini bitirib Mingəçevirə qayıdıb və 4 il orada müəllimə işləyib. Karyerası da məhz buradan başlayıb. Müəllimə işləyərkən British Consulun təlimlərinə qatılıb, proqramlarında iştirak edib və müxtəlif beynəlxalq QHT-lərdə çalışıb. 2002-ci ildə Azərbaycandan ACCELS TEA proqramına seçilən 6 müəllimdən biri olub və bir ay Kaliforniya Universitetində təcrübə mübadiləsində iştirak edib. Daha sonra Amerikanın Sülh Korpusu könüllüsü kimi Mingəçevirə gələn amerikan müəllimlə birlikdə çalışıb. Bir il sonra Sülh Korpusu təşkilatında təlim koordinatoru vəzifəsinə qəbul olunub və Bakıya gəlib. Bu arada da magistr dərəcəsi almaq üçün Xarici Dillər Universitetinə qayıdıb. Tədris metodikası üzrə həm beynəlxalq sertifikat, həm də magistr dərəcəsinə malikdir. Sülh korpusunda bir il işlədikdən sonra təlim meneceri vəzifəsinə təyin edilib. Bu vəzifəyə təyin edilən ilk azərbaycanlı olub. Bu Azərbaycan vətəndaşı üçün çox böyük nailiyyət idi. 4 il burada işləyib və təlimin hər bir aspektinin keyfiyyətinə birbaşa məsuliyyət daşıyıb. 2008-ci ildə yenidən Amerikaya təhsil almağa yollanıb. Bu dəfə İREX təşkilatının Edmund S.Muskie proqramının mükafatçısı kimi. Üstəlik, Amerikanın idarəetmə üzrə bir nömrəli məktəbi Siraküzda Universitetində İdarəetmə və Beynəlxalq Əlaqələr üzrə iki magistr dərəcəsinə yiyələnib. 


Həmsöhbətimiz Amerikada olarkən ADA Universitetində işləmək təklifi alıb və elə Amerikadaca işə başlayıb. Xaricə olan beyin axınının qarşısını almaq məqsədilə xaricdə doktoranturada oxuyan azərbaycanlıları ADAya gətirmək üçün çalışıb. Çox qısa müddətdə ADA-da elmi işlər üzrə prorektor müavini vəzifəsinə təyin edilib. 2013- cü ildən isə müstəqil ekspert kimi fəaliyyət göstərir.


- Şəms xanım, karyeranızda istədiyiniz yerdə olduğunuz vaxt öz istəyinizlə işdən ayrıldınız...


- 3 il ADA-da elmi işlər üzrə prorektorun müavini işlədim. 2013-cü ildə qərar verdim ki, artıq müstəqil işləməliyəm. Adminstrativ iş gözəldir, ölkəyə qatqı verirsən. Lakin bu zaman yaradıcı tərəfini göstərə bilmirsən. Müstəqil konsultant işləmək istəyirdim və beynəlxalq ekspert olmağı qarşıma məqsəd qoymuşdum. ADA Universiteti ilə hələ də yaxından işləyirəm. Müxtəlif dövlət təşkilatlarında və ya biznes qurumlarında idarəetmənin aşağı, orta və yüksək pillələrində çalışan əməkdaşlara təlimlər keçirəm. Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı ilə işləyirəm, rayonlarda təlimlər keçirəm. Bunu da çox sevirəm, çünki bir az Azərbaycanın reallığına qayıdıram. Almaniyanın GİZ təşkilatıyla çalışıram. Onların həyata keçirdikləri layihələrdə bələdiyyədə işləyən qadınlara təlimlər keçirdik. Bundan başqa, beynəlxalq layihələrim də var. Necə ki, BMT Azərbaycanda işləyir, mən də Türkiyədə işləyirəm, Ankarada Türkiyənin dövlət məmurlarına dərslər keçirəm. 


İdarəetmə üzrə konsultantlıq edirəm. İndi bizim Almaniya, Belçika və Litva ilə birlikdə layihəmiz var və məni ora ekspert kimi dəvət ediblər. Orada universitet müəllimlərinə müəyyən təlim metodikasını öyrədəcəyik.


- Vaxtınızı necə bölüşdürürsünüz?


- Buna çox diqqət edirəm və çox planlıyam. Görəcəyim bütün işləri cədvələ yazıram, onu etməsəm, unudar və çatdırmaram. Bilirsiniz, mən indi özümün müdiriyəm. Üstəlik, çox tələbkar müdirəm. Məsələn, təlim günü deyilsə, mənim saat 9-da ayaq üstə olmağım vacib deyil. Amma mən hər gün 9-da geyinmiş şəkildə ayaqüstə oluram. Müşavirlik elə bir işdir ki, istəsən, rahat cədvəlin ola bilər. Amma mən hamı kimi 8-9 saat işlədikdən sonra həftəsonu da işləyirəm. Mənim üçün istirahət deyilən bir anlayış yoxdur. Ancaq işləyəndən sonra istirahət edə bilirəm. Vaxtımdan yaxşı istifadə etdiyim üçün indi çox sevinirəm. Buna görə hər dəfə gənclərə deyirəm ki, əziyyətə qatlaşmaq lazımdır. Əziyyət çəkməsən, heç nə əldə edə bilmirsən. Çalışmaqdan, işləməkdən yorulmuram. Əgər inkişaf etməyəcəyəmsə, durduğum yerdə sayacağamsa, yaşamağın mənası yoxdur.


- Karyera yolunda qorxunuz nədir?


- Hər zaman ən çox qorxduğum şey balaca yerdə böyük adam olmaqdır. Tərifdən çox qorxuram. Düşünürəm ki, çox tərif insanı inkişafdan saxlayır. Tərif tənqidlə bərabər olmalıdır. Ən çox istədiyim şey isə Azərbaycan qadınlarının inkişafıdır. Gizli qəhrəman qadınlarımız var. Məsələn, azərbaycanlı bir qadın var ki, İndiana Universitetində məşhur laboratoriyaların rəhbərlərindən biridir. Amma o, göz önündə deyil. Belə insanları ortaya çıxarıb xanımlara göstərirəm. Qadınlarımıza göstərirəm ki, onların qarşısında olan problemlər yalnız bizim qadınlara məxsus deyil, inkişaf etmiş ölkələrdə də həmin problemlər var. Qadınlar idarəetməni öyrənərkən bir çox maneələrə rast gəlirlər. İdarəetmədə qadınların sayı azdır. Buna diqqəti yönəltmək üçün qadın liderlərlə onları görüşdürürəm. “Gənc qadınlara necə kömək ola bilərik” sualı ətrafında danışırıq. Düzdür, dövlət qadınlara dəstək olub onları qabağa çəkmək istəyir. Amma əsas olan qadının özünün istəməyi və “mən bunu bacaracam” deməsidir. Məni narahat edən odur ki, idarəetmədə müəyyən vəzifələrdə olan qadınlar nədənsə arxada olan qadınlara dəstək olmaq istəmirlər. Onlar dayaq durmağı özlərinə borc bilmirlər. Mən onu təbliğ etməyə çalışıram ki, siz o yolu seçmisiniz, bunun necə çətin olduğunu bilirsiniz, bu qadınlara da yol göstərin. İdarəetmədə olan qadınlarda bu düşüncəni yarada bilsək, qadınlar bir-birinə dəstək olar və dəstək şəbəkəsi yaranar. 


- Qadınların problemi əsasən nə olur? Onlar niyə qabağa gedə bilmirlər?


- Problem ilk olaraq ailədən gəlir. Ailədə həm oğlan, həm qız övladı varsa, valideynlər birinci oğlana dayaq dururlar və “sən bacararsan” deyirlər. Əgər valideynlər qıza deyirlərsə ki, “sən qızsan, evdən məktəbə, məktəbdən evə gələ bilməzsən”, bu qızın hansı lider özgüvəni ola bilər? Halbuki biz həmişə oğlanlara sən ağıllısan, bacarıqlısan deyirik. Sənə hər şey olar, sən oğlansan, amma sən qızsan, ehtiyatlı ol. Cəmiyyətin də qıza, qadına münasibəti budur. “Qız yükü, duz yükü” deyirik. “Qıza tez ləkə gələr” deyirik. Nədənsə namusu qorumağı ancaq qızın, qadının borcu bilirik. Oğlanlarımıza “namus önəmlidir, sən də namusunu qoru” demirik. Mən bu düşüncəni heç cür anlaya bilmirəm, kişinin də, qadının da namusu birdir. Qızları qorxu içində böyüdürük. Sonra onlardan liderlik istəyirik. Haradan olacaq liderlik. Çox dözümlü, qətiyyətli olmalısan, genində nəsə olmalıdır ki, bütün bu əziyyətlərə baxmayaraq, yenə də özünə inanasan və “mən lider ola bilərəm” deyə biləsən. Kişi menecerlər bir çox hallarda kişi işçiləri daha çox irəli çəkirlər. Hər kəs öz cinsi ilə daha rahat ünsiyyət qurur. Hətta dünyanın hər bir yerində daha çox maaşı kişiyə verirlər. Uşaq böyütmək, ev təmizləmək, qadının məsuliyyətidir. Bütün bunlarla digər işi çatdırmaq, digər nailiyyətlər əldə etmək mümkün deyil. Qadınların inkişafı bu ölkəyə, gələcəyin inkişafına lazımdır. Ölkənin vətəndaşının yarısı qadındır. Ölkə bir qanadı ilə uça bilməz, iki qanadla da uçmalıdır. Biz qanadın birini işləməyə qoymuruq. Deyirik ki, sən burda elə-belə tərpən, biz tək qanadla gedəcəyik. Sovet İttifaqı dağılanda da gördük ki,böhran vaxtı bir çox ailələr qadın əməyi ilə saxlanılıb. Azərbaycan qadınları çox fədakar, əməksevərdirlər. İndi də, xüsusilə böhran dövründə bu iki qanadın işləməsinə şərait yaratmaq lazımdır. Qız övladlarına sən ağıllısan, bacararsan deməliyik. Bizim qızlar həqiqətən ağıllı və bacarıqlıdır, mən bunu treninqlərdə görmüşəm. Mən bu gün bu yerə gəlmişəmsə, mənə kimsə “bacararsan” deyib. Bu olmasaydı, mən də təvazökar, utancaq uşaqlardan biri idim. Mənə bacararsan deməsəydilər, mən də təhsilimi bitirib Mingəçevirdə müəllimə işləyər və Avropada, Amerikada təlim keçməzdim.


- Xarici ölkələrdə təlimlərdə azərbaycanlı olduğunuzu deyəndə təəccüblənmir ki?


- Əlbəttə, şübhəylə yanaşanlar olub. Amma təlimimdən sonra Türkiyədə yüksək vəzifədə olan məmurlardan biri mənə dedi ki, “fəxr edirəm ki, biz də Azərbaycandan bilik baxımından nəsə öyrənirik. Bu, çox qürurvericidir. Biz adətən öyrənmişik ki, Türkiyə Azərbaycana təhsil versin”. Mən Türkiyəyə getməzdən öncə oradakı təlimçilər deyirdi ki, Azərbaycandan təlimçi gətirməyə nə ehtiyac var. O nə deyəcək ki, biz onu bilməyəcəyik. Amma onların bir neçəsi gəlib təlimlərdə oturdu və gördüm ki, münasibətləri tam dəyişdi. Amerikada təhsil almasaydım, mən bu uğurlara nail olmazdım. Bunu mənə Amerika təhsili verdi. Bu yaxınlarda Polşada çıxış etdim. Bütün diplomatik akademiyaların rəhbərlərinin yığıldığı konfrans idi. Orada Amerikanın çox məşhur universitetlərinin professorları vardı. Çox gözəl qarşıladılar. Azərbaycanlı təlimçiyə qulaq asmaqları mənim üçün böyük şərəfdir. Avstriyalı tərəfdaşım var ki, onunla birlikdə məqaləmiz çıxacaq. Bu da çox qururverici bir haldır. 


- Regionda böyümüsünüz. Bu gün uğurlu karyeranızı kimə borclusunuz?


- İstər müəllimlərim, istər evdə ailəm mənə “bacararsan” deyib. Düzdür, ailəmin “bacararsan” deməyi bir yerə qədər idi. Ondan sonrasını zorla almışam. Valideynlərim əslən kəlbəcərlidir və çox mühafizəkardırlar. Belə bir ailədə böyüyüb Amerikaya getmək çətin iş idi. Amma mənə etibar etdilər. Etibar mənim həyatımda çox önəmlidir. Çox gənclərin etibar qazanmağa səbri yoxdur. Atam mənim üçün gözəl misal idi. İradəli və ədalətli idarəçi idi. Atamın idarə maşını var idi, bir dəfə dedim ki, olarmı mən də məktəbə səninlə gedim, maşın məni məktəbdə düşürsün. O dedi ki, “sən mənim idarəmdə işləyirsən, idarə maşınına minəsən?” Nə isə istəyirəmsə, onu zəhmətlə qazana biləcəyimi atamdan öyrəndim.


- Karyera qurmağın yaşı varmı?


- Nə qədər tez başlasan, bir o qədər qabağa gedərsən. Gəncliyin gözəl xüsusiyyəti var ki, öyrənmək rahatdır. Öyrənmək heç zaman gec deyil. Amma tez başlamalısınız. Xüsusilə qızlara erkən yaşından “bacaracaqsan” demək lazımdır. 


- Son olaraq gənclərə nə demək istərdiniz?


- Ruhdan düşməsinlər. “Əli güzəştlə keçdi, Həsənin tanıdığı var, filankəs Həsənağanın qohumudur” kimi deyimlərə fikir verməsinlər. Onlar nə edir, özləri bilər, fikirləşsinlər ki, mən nə edə bilərəm? Bütün məqsədlərə getmək üçün maneələr var. Maneələr varsa, yolu dəyişmək lazımdır, amma məqsəddən vaz keçmək lazım deyil. Qarşına məqsəd qoyub ruhdan düşməmək lazımdır və özünə inanmalısan. Çox işləmək lazımdır. Qoy Əli işləməsin, Əli bacarıqsız işçi olacaq, bu, sənin öz üzərində işləməyinə mane olmamalıdır. İnkişaf etmək üçün imkanların çoxdur, bu imkanlardan yararlan. “Su axar çuxurunu tapar”. Təki o su bir yerdə dayanmasın və axsın.


Aygün ƏZİZ

22.01.2016 16:21 / Baxılıb: 1190 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo