Azərbaycan Gənclərinin VI Forumu keçirilib

Atif Eyvazov/AZADİNFORM. Bu gün Bakıda Azərbaycan Gənclərinin VI Forumu keçirilib. 

“Azadinform” xəbər verir ki,  Gənclər və İdman Nazirliyinin (GİN)  təşkilatçılığı ilə keçirilən forumda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər rəsmilər iştirak ediblər.
Forum çərçivəsində qeyri-hökumət gənclər təşkilatlarının vəzifə və  öhdəlikləri, gənclərin ictimai siyasi fəallığı, tələbələrin sosial  problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri,  yaradıcı və istedadlı gənclərin problem və yeni layihələri, gənclərin  idarəetmə sahəsinə cəlb edilib, dəstəklənmələri, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi,  beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər müzakirə olunub.
 Tədbirdə çıxış edən forumun təşkilat komitəsinin sədri, gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, forum keçirilməzdən  əvvəl bütün rayon və şəhərlərdə gənclərin konfransları keçirilib. Konfranslarda 5-ci forumdan keçən dövr ərzində görülən işlərə nəzər yetirilib, qarşıda duran məsələlər müzakirə olunub və foruma   nümayəndələr seçilib. Onun sözlərinə görə, konfranslarda foruma 1601  nümayəndə seçilib və forumda hazırda 1564 nümayəndə iştirak edir. O,  iştirakçılarının sayını əsas götürərək forumun səlahiyyətli olduğunu qeyd edib. İ.Babayev, həmçinin qeyd edib ki, Forumda müxtəlif  sahələrdə çalışan gənclər, yaradıcı gənclər və hərbi xidmətdə olan  gənclər iştirak edir.
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov prezident İlham Əliyevin Azərbaycan gənclərinə müraciətini oxuyub. Müraciət oxunduqdan sonra, 5-ci forumdan keçən dövr ərzində həyata  keçirilən işləri özündə əks etdirən, hesabat xarakterli film nümayiş  etdirilib.
Sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, gənclərin 6-ci forumu Azərbaycan tarixinin ən şanlı və əlamətdar bir  hadisəsi ilə eyni vaxta təsadüf edir: “Bu il Azərbaycan respublikasının  dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümüdür. Bu illər ərzində əldə olunan nailiyyətlər sırasında gənclərlə iş və idman sahələrində   dövlət siyasətinin əlaqələndirən mərkəzi idarəetmə orqanı olan Gənclər  və İdman Nazirliyinin yaradılması, müvafiq qanunvericilik bazasının  formalaşdırılması, ictimai fəal gənclərin 200-dən artıq QHT-də birləşməsi, Azərbaycan gənclər təşkilatlarının 30-dan artıq  beynəlxalq gənclər qurumlarında təmsil olunmasını və gənclər ilinin elan edilməsini xüsusi qeyd etmək istərdim”. Nazir deyib ki, gənclər bu gün dövlət orqanları, parlament, bələdiyyələr,  biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin  inkişafına öz töhfələrini verirlər.  Belə ki, dövlət orqanlarına 2008-2011-ci illərdə işə qəbul edilənlərin  60%-dən çoxunu gənclər təşkil edir. Bələdiyyə üzvlərinin 28%-i – 4303  nəfəri gənclərdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir.
Nazir Azərbaycanda gənclər təşkilatlarının yaradılması, hərbi  vətənpərvərlik oyunlarının keçirilməsini də uğurlu addımlar kimi  qiymətləndirib. O, deyib ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü  ilə keçirilən hərbi-vətənpərvərlik oyunlarına 120 minə yaxın şagird  qatılıb. Nazir əlavə edib ki, hesabat dövründə Bakıda müxtəlif ölkələrdən olan 2500-dən artıq gəncin iştirakı ilə 60-dan çox beynəlxalq tədbir keçirilib. 1200-ə yaxın Azərbaycan gəncin müxtəlif beynəlxalq tədbirlərdə iştirakına dəstək verilib.
Daha sonra Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili   Fuad Muradov, “İrəli” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun  Osmanlı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Tələbə Gənclər  Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və başqaları rəhbərlik etdikləri təşkilatların ötən forumdan bəri gördüyü işlər barədə məlumat veriblər.
Sonda VI  forumun yekun sənədləri, qətnamə və prezidentə müraciət qəbul edilib.
Xatırladaq  ki, Azərbaycan Gənclərinin ilk Forumu Heydər Əliyevin  təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilib. Bu günə qədər Azərbaycan gənclərinin 5 forumu keçirilib.

 

 

25.10.2011 16:36 / Baxılıb: 1820 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo