Elnur Eltürk: Əslində adımı Malik qoymaq istəyiblər

“Düşünürəm ki, prezidentlə görüş unudulmaz bir məqamdır”

 

“Həmkar” qələm adamlarını tanıtmağa davam edir. Fərqli günlərdə də olsa hər həftə mütləq bir mətbuat nümayəndəsi ilə sizin görüşünüzə gəlirik. İşində müvəffəq olan, təcrübə qazanmış jurnalist dostlar həmişəki işlərindən fərqli olaraq bu rubrikada özləri sual atəşinə tutulurlar. 

Növbəti müsahibimiz Elnur Eltürkdür. Diaspor fəaliyyətində, ölkəmizin milli-mədəni əlaqələrinin inkişafında kifayət qədər xidmətləri olan Elnuru zarafatla “ayaqlı qəzet” də adlandırırlar. Hamıya elə gəlir ki, onun hər sahədən xəbəri var. 

Bəli, Elnur gözəl dost, səmimi yoldaş və əla jurnalistdir. Gənc olmasına baxmayaraq mətbuatda öz sözünü demiş, imzasını tanıtmış bu Türk oğlunu biz də “Həmkar”a dəvət edib suallarımızı ünvanladıq. Səmimiyyəti və təvazösü ilə Elnur Eltürk qonağımızdır:

 

- Azərbaycan mətbuatının “ayaqlı qəzeti” Elnuru bir az fərqli yöndən tanıdaq “Həmkar” oxucularına. Ay Elnur, harda dünyaya gəlmisən, necə keçib uşaqlığın, gəncliyin?


- Təşəkkür edirəm. 1983-cü ilin 26 noyabrında Qaradağ rayonu Sahil qəsəbəsində dünyaya  göz açmışam. Əslində adımı Malik qoymaq istəyiblər. Bu ad ata nənəmin qardaşının adı olub. Sonradan xəstəxanada yatanlardan kimsə, anama deyib ki, sən necə anasan ki, öz oğlanlarının birinin adını sən qoymamısan”. Bu söz anama pis təsir edib. Çünki, məndən böyük iki qardaşlarımın adını onlar qoyublar. Nə isə anam atama deyir ki, bu uşağın adını mən qoyacam. Adımı Elnur qoyur. Anam belə bir söz işlədir ki, gələcəkdə el-oba üçün çalışan şəxs olsun”. Bu da mənim tale yazım olub, deyəsən.

Uşaqlığım həm çətin, həm də maraqlı keçib. Deyilənə görə, çox nadinc olmuşam. Amma, yadıma gəlir ki, beş yaşım olanda uşaqları yığıb dənizə aparmışdım. Anam məni bunun üstündə döymüşdü. (Gülür) Buna baxmayaraq, yenə də nadinclik edirdim. Bəlkə də dərk etmirdim ki, başıma hansısa hadisə gələr. Gəncliyim fəal mühitdə keçib. Hardasa 15 yaşımdan ölkənin qəzet və jurnallarını izləyirəm. Məndə buna marağı anam oyadıb. Bir növ ölkənin ictimai- siyasi mühitindən kənarda qalmamışam. Bu, məndə gen məsələsi ilə bağlıdır. Ana babamgil əslən Güney Azərbaycandan olduqları üçün babamın babası Hüseyn kişi babamın danışdığına görə, olduqca savadlı insan olub. Əsrin əvvəllərində cərəyan edən prosesləri diqqətlə izləyib. Rus dilini bildiyi üçün o dövrün qəzet və jurnallarını oxuyurmuş. Həmişə deyirmiş ki, Çar Nikolay devriləcək. Ola bilər ki, bunu görməyə bilərəm. 1916-cı ildə dünyasını dəyişib. Dediyi kimi Nikolay bir il sonra taxtdan devrilib. Ulu babam indinin sözü ilə desək, dövrün politoloqu olub (Gülür). 


- Allah rəhmət eləsin. Elə yaxşı ki, olub, yoxsa sənin kimi bir jurnalistdən məhrum qalardıq. Bəs harada təhsil almısan?


- Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirmişəm. Tarix elminə böyük marağım olub. Orta məktəb illərində tarix müəllimlərim güclü olub. Məndə tarixə böyük marağı ilk müəlliməm Yasəmən xanım yaradıb. Sonradan tarix müəllimlərim Tacir Səmimi və Elşad Vəliyev bu həvəsimi daha çox gücləndirdilər. Onlara öz təşəkkürümü bildirirəm. Bu gün Elşad müəllimlə dostluğumuz davam edir. 


- Mətbuata nə vaxt gəlmisən?  İlk yazın yadında qalıbmı?


- Mətbuata 2008-ci ildə gəlmişəm. İlk yazım ayda iki dəfə çıxan “Euro Xəbər” qəzetində Bakı-Tbilisi-Qars dəmir yolunun regional əhəmiyyəti ilə bağlı olub. Qəzetin keçmiş redaktoru Novruz Novruzova öz təşəkkürümü bildirirəm ki, bir sıra mövzularla bağlı düzgün istiqamətlər verib. 


- Ən çox harda işləmisən?


- Güney Azərbaycan Televiziyası, Gün.Az xəbər portal, “Təzadlar” qəzeti ilə, BayMedia İnformasiya Portalında çalışdım. Hal-hazırda Kikboksinq Federasiyasında işləyirəm. 


- Elnur, sən hamıyla mehribansan. Hər adamla dil tapmaq çətin deyil ki?


- Yəqin ki, bu mənim təbiətimlə bağlıdır. Çalışıram nəsə yaxşılıq edim. Əgər, edə bilmirəmsə, pislik də etmirəm. Əslində pislik etmək daha asandır, nəinki yaxşılıq etmək. Ailəmizdən belə görmüşük. İnşaallah yola da belə də davam edəcəyik.

 

- Nədənsə sən mətbuatda öz sözündən çox başqalarının sözünə üstünlük vermisən. Yəni köşə yazarı  yox, müsahibələr almağı üstün tutmusan. Bu belə alınıb yoxsa özün bilərəkdən bunu seçmisən? 


- Müxtəlf mövzularda yazılarım olub. Sadəcə olaraq, əməkdaşlıq etdiyim saytlara daha çox müsahibə və açıqlamalar lazım olurdu. Həmçinin, müsahiblərin əksər hissəsi diasporla bağlı olduğu üçün düşünürdüm ki, xaricdə fəaliyyət göstərən təşkilatlarımıza bununla mənəvi dəstək olum. 


- Həm də siyasət liderləriylə görüşmüsən. Ən yaddaqalanı hansı olub? 


- Türkiyə və Avropa deputatları, siyasi ekspertlərlə görüşlərim olub. Ən yadda qalan isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla. Həqiqətən o zaman çox həyəcanlı idim. Görüş maraqlı keçdi. Türkiyə prezidentinə Qarabağ xalçası hədiyyə olundu. Saytınız vasitəsilə Türkiyənin keçmiş millət vəkili İsmayil Safi cənablarına öz təşəkkürümü bildirirəm ki, belə bir unudulmaz görüşü bizim üçün təşkil etdi. Düşünürəm ki, prezidentlə görüş unudulmaz bir məqamdır.


- Elnur, sən son vaxtlar millət vəkili Adil Əliyevin təbliğatını da aparırsan. Sizi nə bağlayır? 


- İlk öncə qardaş Türkiyədə deyildiyi kimi, Adil Əliyev insan kimi insandır. Xarakteri ilə əsl bir Türk kişisidir. Sözü bütöv və mərd şəxsiyyətdir. Həmçinin, Adil Əliyev Türk dünyasına bağlı şəxsdir. Üstəlik, mən onun rəhbəri olduğu Azərbaycan Kikboksinq Federasiyasında çalışıram. Belə bir insanın təbliğatını aparmaq mənə yalnız qürur verir. Onun haqqında saatlarca danışa bilərəm. 


- Azərbaycan mediasında nə baş verir? 


- Ölkə mediasında mənim baş aça bilmədiyim hadisələr baş verir. Ancaq onu bilirəm ki, olduqca istedadlı gənc jurnalist nəsli gəlir. 


- Son hadisələrdən bəhs edək bir az. Türkiyə-Rusiya münasibətləri, Günəşli hadisəsi və eləcə də siyasi gündəmi necə şərh edərsən? 


- Siyasətdə əbədi dostluq və düşmənçilik olmadığı üçün Türkiyə-Rusiya münasibətləri də nə zamansa normallaşacaq. Yaşadığımız dünyada hadisələr o qədər sürətlə cərəyan edir ki, bir saniyənin içində gözləmədiyimiz vəziyyətlə rastlaşırıq. Əvvəllər, Rusiya və Türkiyə dostluğundan danışırdıqsa, bu gün daha fərqli mənzərə ilə rastlaşırıq. Türkiyə böyük dövlətdir və neçə illərdir ki, onu sıradan çıxarmaq üçün müxtəlif oyunlar gedir. Şükürlər olsun Türkiyə vəziyyətdən çıxır. Gözləmədiyimiz halda Günəşli hadisəsinin baş verməsi xalqımızın dərindən sarsıtdı. Hadisə zamanı dünyasını dəyişənlərə və itkin düşmüş şəxslərə Allahdan rəhmət diləyirəm. İtkin düşənlər içərisində Sahibi yaxşı tanıyırdım. Qəsəbə sakinimiz idi. Olduqca, mərd və cəsur oğlan idi. Qarabağ döyüşlərinin ən qaynar nöqtələrində iştirak etmişdi. Onun və itkin düşən qardaşlarımızın nəşinin tez bir zamanda tapılmasını Allahdan dua edirik. 


- Ənənəvi olaraq “Həmkar” rubrikası vasitəsilə hansı həmkarına sual ünvanlamaq istərdin? 


- Bütün həmkarlarımla fəxr edirəm. Mən onlardan hər zaman mənəvi dəstək görmüşəm.


- Bizə sözün varmı?  


- Sözüm rubrikanızadır. Axırıncı yox, axarıncı olsun. Sizin Türk dünyası üçün gördüyünüz işləri diqqətlə izləyirəm və inanıram ki, gələcək jurnalistləri və bu sahəyə marağı olanlar fəaliyyətinizi öyrənib, özləri üçün hansısa bir örnək götürəcəklər. Çünki, Nigar İsfəndiyarqızı nəinki Azərbaycan, eyni zamanda Türk dünyasında sözünü demiş şəxsdir. Yaradıcılıq işlərinizdə yalnız və yalnız uğurlar arzulayıram.

 

- Təşəkkür edirəm, əziz həmkar…

 

 

Layihə müəllifi:

Nigar İsfəndiyarqızı

28.12.2015 12:34 / Baxılıb: 1384 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo