Ankarada BİR GÜN - 18 qətl hadisəsi olan həbsxanadan REPORTAJ

Belə bir deyim var ki, çox gəzən çox bilər. Məncə, bu deyimə heç bir şərh vermək mümkün deyil. Elə isə başlayaq söhbətimizə... Çalışacağam ki, bu tanışlıq xarakterli yazıda sizlər üçün maraqlı məqamlara toxunum. Mən sizə Türkiyənin beyni - Ankaranın bir hissəsindən danışacaq və virtual da olsa sizləri oradakı bəzi məşhur məkanlarla tanış edəcəyəm. Doğrusu, reportajda pozitivliyi ilə bizi xoşhal edən məkanlar, həmçinin, ürək ağrısı verəcək yerlər də olacaq... 


Xariqələrin məkanı harikalar diyarı...


Elə isə başlayaq Ankarada ən məşhur və çoxlarının sevimli məkanı olan “Harikalar diyarı”ndan... Avropanın ən böyük parkı olan Harikalar diyarı Ankaranın Sincan İlçəsində yerləşir. Zəifləmək istəyənlər və ürəyi darıxanlar burda yaxşıca gəzirlər... 

Onu da deyim ki, bura sadəcə böyüklər üçün deyil. Tələbə yoldaşlarımla bu məkana gəldikdə sanmışdıq ki, biz nağıllar aləmindəyik. Çünki, bu məkanda nağıl qəhrəmanlarının fiqurları var. Balacalar da burada xoş vaxt keçirir. Şəkil çəkdirməyi xoşladığımdan burada da bolluca şəkil də çəkdirdim. Müəllimimiz isə mənim bu cür “şıltaqlığıma” baxıb sadəcə gülməklə keçdi... Hətta, burada tennisin “t”sini belə bilməyən bəndəniz, tennis də oynamağa cəhd etdi. Çünki, məkan insanı sakit dayanmağa qoymurdu... Onu da deyim ki, burda sadəcə şəkil çəkdirmədim. Biz burda – təbiət qoynunda gözəl süfrə açdıq və ye ki, yeyəsən. Təbiət bizi çox acdırmışdı... 


Bülənt Ecevitin unutmaq istədiyi Ulucanlar həbsxanası...


Yedik, suyumuzdan içdik və yola davam edirik. Çünki, bu günümüzü Ankara ilə tanışlığa həsr etməli idik... Reportajın əvvəlində dediyim kimi, ürək ağrıdan məkanlara da baş çəkdik... Çünki, bu dünyada gülüş göz yaşı ilə qardaşdır... Mənə və tələbə yoldaşlarıma ən çox təsir edən bu məkan – Ankara Mərkəz Qapalı Cəza və Tutukevi və ya Ulucanlar Cəza evi oldu... Həqiqətən də, burda nə qədər ulucanlar cansız qalıb. İlahi... Bu cəza evinin elə bayır hissəsindən insan artıq vahimələnirdi...


Öncə cəza evinin tarixindən danışım... Deməli, Ulucanlar cəza evi 1925-2006-cı illərdə fəaliyyət göstərib. Türk siyasi və ədəbi həyatında da önəmli bir yerə sahib olan Ulucanlar cəza evi artıq muzey kimi fəaliyyət göstərir. Bura artıq 2010-cu ildən etibarən insanların ziyarət etdiyi bir muzeyə çevrilib. Onu da deyim ki, bu cəza evi hələ 1923-cü ildə əsgəri bir depo olaraq xidmət göstərib... Bələdçi bunları danışarkən mənim diqqətimi burada olan rəsmlər çəkdi. Burada Türkiyənin məşhur siyasətçilərinin rəsmləri var. Gözlərimə inanmırdım ki, necə yəni onlar da burda, bu dar və insanın canlı məzarını xatırladan həbsxanada məhkum ediliblər? Bələdçiyə sual verəndə “Təbii ki” dedi...

Əlavə etdi ki, rəsmdə gördüklərim şəxslərdən Dəniz Geçmiş, Yusif Aslan, Hüseyn İnan 6 may 1972-ci ildə bayırda gördüyüm və qanımı donduran dar ağacında edam ediliblər... Həmçinin, 1980-ci il 8 oktyabr gecəsində sol görüşlü Necdet Adalı ilə sağ görüşlü Mustafa Pəhlivanoğlunun da edamı burada olub... Həmin ilin 13 dekabrında isə Ərdal Ərən edam edilir... Necə dəhşətli görüntüdür... İlahi, insanı canlı-canlı hər kəsin gözü önündə öldürmək... Dar ağacına baxdıqda sanki o mənzərə gözlərimdə canlanırdı... 


Bundan başqa bu cəza evində Bülənt Ecevit, Nazim Hikmət, Yaşar Kamal, Yılmaz Güney, Mətin Toker və adını saymaqla bitməyən neçə-neçə məşhur şəxsiyyətlər məhkum edilərək zindan həyatı yaşayıblar... 


Ən üzücü hadisə isə 1999-cu il 29 sentyabrında baş verir... Həmin ildə “Həyata Dönüş Əməliyyatı” müddətində cəza evində 10 nəfər ölür, 100-ə yaxın adam isə yaralanır... Bir sözlə, bu həbsxana insanların canlı məzarlığıdır...


Burada hətta, film belə çəkilib. Belə ki, 1989-cu ildə Nur Sürerin baş rolunu oynadığı “Uçurtmayı vurmasınlar” filmi burada çəkilib. Həmçinin, Yılmaz Güneyin də “Divar” filmi burada çəkilən filmlərdəndir.


Doğrusunu deyim ki, mən Bülənt Ecevit və Nazim Hikmət kimi şəxsiyyətlərin burada həbs edildiyini biləndə və rəsmlərinə baxanda şokdaydım... Bu həbsxanada insanın ölümünə şərait yaradacaq hər şey var. Belə ki, kiçik və pəncərəsi belə olmayan qaranlıq “podval otaq”lar, ən altda isə dar otaqlar var ki, ora maketlər doldurulub. Səslər eşidilir: “Nə olar məni buraxın, mənim günahım yoxdur, məni bu otaqdan çıxarın...” və s... Sanki canlı məhkumların səsini eşidirdim. Bir anlıq o dövrdə özümü təsəvvür etdim... 


Sonra məhkumların yatdığı yerə baxdıq... Burda 1 dəqiqə belə insana 1 il kimi gəlirdi... Maraqlıdır ki, Ecevit kimi bacarıqlı siyasətçi burada necə tab gətirə bilib?


Bələdçi deyirdi ki, B.Ecevit burada məhkum olan zaman onun həyat yoldaşı onu bir an belə tək qoymayıb. Hətta, həyat yoldaşı olan Rahşan Ecevit evində sata biləcəyi nə varmışsa hamısını satıb cəza evinə gətirirmiş... Yalnız görüş günlərində görüşə bilirmişlər... Bələdçi deyir ki, Rahşan xanım o dönəmlərdə həbsxana bələdçilərinin də sevgisini qazanıbmış... O bələdçilərlə bacı-qardaş kimi söhbət etdiyini, hətta, Akbaş soyadlı bir bələdçiyə hədiyyə belə gətiribmiş.


Həmin bələdçi Akbaş öz xatirələrində bunları deyir: “Mənə bir gün üstündə “səbr əsan olsun” yazılı bir əsa gətirdi. Onu aldım saxladım və heç kimə demədim... Mən ölərsəm uşaqlarım saxlayacaq.”


Çətin şərtlər altında həbs həyatı yaşayan Ecevit o zamanlar köhnə dostlarının onu axtarmamasına yönəlik xanımına belə yazır: “Nə edək görəsən çıxış günüm bəlli olsa... Heç kimin üzünü görmədən çıxa bilsəm və səninlə birlikdə 1 saat belə qalmaq üçün Ankaradan uzaqlaşsaq...” 


Rahşan xanım da onunla eyni hislər paylaşdığını yazır... O müsahibələrinin birində bunları deyir: “Çox yalnız buraxıldı. Üzülmüşdü. Cəza evinə girəcəyi zaman dostlarımız maraqlanmadılar. O da təbii ki, üzülmüşdü. Mən də, üzüldüm o zaman gəlməyənlər indi gələcəklərdir hər halda, gəlməsinlər deyə düşündüm”.


Ecevit 56 gün həbs yatdıqdan sonra 15 sentyabr 1982-ci ildə axşama doğru heç kimə xəbər vermədən azadlığına qovuşdu. Bayırda isə istədiyi kimi, onu sadəcə həyat yoldaşı Rahşan Ecevit gözləyirdi... O gün elə o andaca tətilə çıxdıqlarını bir rəsmlə danışan Rahşan xanım “Cəza evindən çıxdıqdan sonra Çeşməyə getdik. Rəsmdə çox xoş əhvaldayıq”. 


Ecevit cəza evi günlərini unutmaq istəyirmiş. Ancaq cəza evində tanış olduğu dostlarını unutmadı. Bələdçisi Erol Akına demişdi ki, evlənsən nikah şahidin olacağam, illər keçdikdən sonra Erol Akına nikah şahidliyi etdi...

Göründüyü kimi, bir cəza evi insanların qəlbində qara yaraya bənzər bir məkandır.




Adı dəyişdi, yaşananlar dəyişmədi...


İlk adı Cəbəci Teyfikhanesi olan həbsxana açılışından 1 il sonra ölümlərin gerçəkləşdiyi bir məkan olur. Bu cəza evində insanlar üçün soyuq və qaranlıq bir otaq oldu... Fəaliyyətdə olduğu 81 ildə 18 qətl gerçəkləşdi...


Düşündükləri, söylədikləri və yazdıqları fərqli olsa da, qədərləri onları Ulucanlarda görüşdürdü... Burada məşhur simaların hər biri fərqli düşüncəli və fərqli mövqeli insanlar idi.


Onu da qeyd edim ki, tanınmış məhkumların əşyaları və sənədləri də bu həbsxanada sərgilənir. Belə ki, hər zaman onlara aid foto və bioqrafiyalar sərgilənir. 


Bizi buradakı aura çox təsirləndirmişdi. Sanki bir kinonun canlı qəhrəmanları idik... Bələdçi danışdıqca biz özümüzü o dövrün insanı və məhkumları kimi hiss edirdik...


Nəhəng camilərin məkanı Hamamönü...


Nə isə... Buradan kövrək notlarla ayrılırıq. Ona görə ayrılırıq ki, günorta Azanı oxundu və biz də namazımızı qılmalıyıq. Bunun üçün isə Ankarada ən gözəl məscidlərdən olan Hacı Bayram Türbəsini seçdik. Beləliklə, yolumuz Hamamönünədir. Yol boyu həbsxana təəssüratlarım məni çox incidirdi. Bir an öncə məscidə çatmaq və orada Rəbbimə dua etmək istəyirdim. Beləliklə Hamamönünə çatdıq. Burada olan möminləri gördükdə insanın sanki içi açılırdı. Nə gözəldir müsəlmanları bir arada bu cür ibadət edərkən görmək...


Hamamönü Ankara ilinin Altındağ ilçəsində yerləşən tarixi səmtdir...  Buradakı tarixi binalar restavrasiya edilərək yenidən canlandırılıb. Məkanın adı isə Türk boyu olan Oğuzların Bayandır boyu bəylərindən olan Qaracabəyin etdirdiyi “cüt hamam”dan götürülüb. Tarixi Qaracabəy Hamamı burada yerləşir. İstiqlal Marşının yazıldığı Məhmət Akif Ərsoyun parkı və Parkın içərisində Məhmət Akif Ərsoy Muzey Evi də burada yerləşir. Burada Tacəddin Sultan Camisi, Hacı İlyas Camisi, Hacı Musa Camisi, Sarıkadı Camisi, Məhmət Çələbi Camisi var. Burada həmçinin, konaklar da var ki, bir zamanlar məşhurların evləri olub. Həmçinin, Osmanlı zamanından qalma evlərə baxdıqda isə insan özünü türk müftilərinə bənzədir. Bura mənə Bakımızı - İçəri Şəhəri xatırlatdı. Burada da türk tarixinə aid geyim və motivlər var ki, onları geyinib bu küçələrdə gəzdikdə insan özünü 19-cü yüz ildə yaşayan biri kimi görür. Təxminən dövrümüzdən 150 il öncəsinin insanı olursan...


Və biz namazımızı qıldıq... Təbii ki, əzəmətli Hacı Bayramda... Burada nəhəng olan Hacı Bayram türbəsidir ki, 1429-cu ildə tikilib. Caminin həyətində 18-ci yüz illiyə aid Osman Fazil Paşa türbəsi var. Burada da tarixə xas olan maraqlı geyimlər və məlumatlar var.


Elə bu məkandan ayrılırdıq ki, qarşıda binaların söküldüyünü və ətrafın dağıdıldığını gördük. Nə yalan deyim, bu hadisə bir az mənə Bakımızı xatırlatdı. Çünki, bizdə də gah sökülür, gah tikilir axı.. Bu mənzərəyə baxırdım ki, bir dayı rastımıza çıxdı. Ərdəm Önal adlı dayı bu hadisədən çox narazı olduğunu deyirdi. O bildirir ki, öncələri buralar çox gözəl bir məhəllə olub. İnsanların evləri və həyatı burada maraqlı keçirmiş. Daha sonra bələdiyyə ucuz qiymətə onların bu məkanlarını əllərindən alıb. Təbii ki, bu heç də onlar üçün xoş deyil. Bir sözlə millət evindən edilib... 


Nə deyək təki, Allah axırını xeyir etsin... Günümüzü isə burada türk mətbəxinin milli yeməklərinin yer aldığı bir restoranda əyləşməklə bitirirdik... Yedik və sanki gözlərimizə işıq gəldi. 


Nəhayət evə gedirdik... Gedirdik ki, növbəti dəfə başqa bir sirli məkanlarla tanış ola bilək. Bu səfər bizə çox maraqlı təəssürat bağışlamışdı çünki... Məncə, bu gözəllikləri və şərəfli tarixi bizə bəxş edən insanlara xatir deməliyik ki, TANRI TÜRKÜ QORUSUN!


Fidan AFƏR

Ankaradan xüsusi olaraq XəzərNews.az üçün…

19.10.2015 21:26 / Baxılıb: 856 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo